AZ

İrana görə kirayə evlər BAHALAŞIR

ABŞ və İran arasında artan gərginlik regionda iqtisadi proseslərə təsir edə biləcək ciddi amil kimi qiymətləndirilir. Xarici siyasi risklər adətən maliyyə bazarlarında dalğalanmalara səbəb olur ki, bu da öz növbəsində daşınmaz əmlak bazarına da təsir edə bilər.

Əgər İrandan qaçıb təhlükəsizliyini qorumaq istəyən vətəndaşlar Azərbaycana köç edərsə, bəzi bölgələrdə mənzil tələbatı artacaq və qiymətlərdə yüksəliş müşahidə oluna bilər. Əmlak eksperti Anar Nəsirov da mediaya açıqlamasında bildirib ki, böyük köç olarsa, mənzil qiymətləri qalxa bilər.

Bəs bu gözlənti nə qədər ciddi hesab oluna bilər?

“Yeni Sabah” bildirir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, ABŞ ilə İran arasında gərginliyin artması nəzəri olaraq regionda iqtisadi riskləri yüksəldə bilər, lakin daşınmaz əmlak bazarında ciddi və davamlı qiymət artımı üçün təkcə siyasi gərginlik kifayət etmir: “Əsas məsələ real miqyaslı və davamlı miqrasiya axınının olub-olmamasıdır. Əgər İrandan Azərbaycana kütləvi və uzunmüddətli köç baş verərsə, ilk mərhələdə satış qiymətlərindən daha çox kirayə qiymətləri reaksiya verəcək. Satış bazarında artımın hiss olunması üçün həm axının böyük olması, həm də alıcılıq qabiliyyətinin yüksək olması lazımdır.

Hazırkı mərhələdə belə bir köç ssenarisi ehtimal xarakterlidir. Kəskin hərbi eskalasiya və ya daxili sabitliyin pozulması olmadan milyonlarla insanın qısa zamanda yer dəyişməsi real görünmür. Bundan əlavə, köç edənlərin maliyyə imkanları da bazara təsiri müəyyən edir. Əgər gələnlər əsasən müvəqqəti sığınacaq axtaran və kirayəyə üstünlük verən şəxslərdirsə, satış qiymətlərində kəskin sıçrayış gözlənilmir.

Ona görə də gözlənti yüksək risk ssenarisinə bağlıdır, amma real və təsdiqlənmiş kütləvi axın olmadan əmlak bazarında böyük və davamlı bahalaşma ehtimalı hazırda aşağı qiymətləndirilə bilər. Qısamüddətli psixoloji təsir və spekulyativ qiymət artımı mümkündür, lakin bazarın struktur dəyişməsi üçün daha ciddi və uzunmüddətli amillər tələb olunur”.

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, hazırkı şəraitdə mənzil qiymətlərinin kəskin və davamlı artımı real görünmür. Onun sözlərinə görə, bazarda artım daha çox lokal amillərlə bağlıdır və ümumi iqtisadi göstəricilər qiymətlərin sürətli yüksəlişini dəstəkləmir.

Ekspert bildirir ki, əhalinin gəlirləri eyni templə artmadığı üçün alıcılıq qabiliyyəti məhduddur: “Son dövrlərdə xüsusilə paytaxtın mərkəzi hissəsində aparılan söküntü işləri nəticəsində kompensasiya alan vətəndaşlar yenidən mənzil bazarına yönəlirlər ki, bu da qiymətlərə müəyyən təzyiq yaradır. Digər mühüm məqam isə alternativ investisiya imkanlarının zəif inkişaf etməsidir”.

Onun fikrincə, ölkədə geniş və əlçatan maliyyə alətləri, sabit gəlir gətirən investisiya mexanizmləri kifayət qədər formalaşmayıb: “Bu səbəbdən vəsaiti olan şəxslər kapitalı qorumaq üçün daha çox daşınmaz əmlaka üstünlük verirlər. Mənzilin kirayəyə verilməsi də əlavə gəlir mənbəyi kimi cəlbedici sayılır”.

Bununla belə, iqtisadçı vurğulayır ki, xüsusilə Bakı bazarında qiymətlərin çox yüksələcəyi gözlənilmir.


Telegram kanalımız
Seçilən
3
3
yenisabah.az

7Mənbələr