Pekin 2026-cı ildə müdafiə xərclərini artırmağı və Tayvan separatizminə qarşı daha sərt tədbirlər görməyi planlaşdırır...
Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının hökumət hesabatında qeyd olunub. Sənəd ölkənin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyasında təqdim edilib. Hesabatda Pekinin Tayvanın müstəqilliyini müdafiə edən qüvvələrə qarşı mübarizəni gücləndirmək niyyətində olduğu vurğulanır.
Çin hakimiyyəti bəyan edib ki, Tayvanın müstəqilliyi ideyasını dəstəkləyən separatçı qüvvələrə qarşı qəti tədbirlər görüləcək və bu istiqamətdə xarici müdaxilələrin qarşısının alınmasına çalışılacaq. Rəsmi Pekin həmçinin Tayvan boğazının hər iki sahili arasında münasibətlərin sülh yolu ilə inkişaf etdirilməsinə dəstək verdiyini bildirib.
“Biz Tayvanın guya müstəqilliyini müdafiə edən separatçı qüvvələrə qəti zərbələr endirəcəyik, xarici qüvvələrin müdaxiləsinə qarşı çıxacağıq və Tayvan boğazının hər iki sahili arasında münasibətlərin sülh yolu ilə inkişafını təşviq edəcəyik”, deyə Çin hökumətinin hesabatında qeyd olunub.
Eyni zamanda Çin hökuməti 2026-cı il üçün maliyyə hesabatını da açıqlayıb. Sənədə əsasən, ölkə müdafiə xərclərini 7,1% artıraraq 1,91 trilyon yuan (təxminən 276,8 milyard ABŞ dolları) səviyyəsinə çatdırmağı planlaşdırır. Qeyd olunur ki, 2016-cı ildən etibarən Çin hərbi büdcəsini demək olar ki, hər il orta hesabla 7–8% artırır.
Bununla belə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Çində müdafiə xərclərinin ÜDM-də payı nisbətən aşağı səviyyədə qalır. Belə ki, 2024-cü ildə bu göstərici təxminən 1,7% təşkil edib. Müqayisə üçün qeyd olunur ki, eyni dövrdə ABŞ-də hərbi xərclərin ÜDM-də payı 3,4%, Rusiyada isə 7,1% səviyyəsində olub.
AFP agentliyi yazır ki, Pekin hərbi xərcləri artırmaqla ABŞ ilə strateji rəqabətə cavab verməyə, həmçinin Tayvan və Cənubi Çin dənizindəki adalarla bağlı mövqeyini gücləndirməyə çalışır. Çin hərbi büdcəsinin həcmi hələ də ABŞ-nin müdafiə xərclərindən təxminən üç dəfə az olsa da, rəsmi Pekin bu fərqi azaltmaq istiqamətində aktiv fəaliyyət göstərir.
Agentliyin analitikləri hesab edirlər ki, büdcənin artırılması qismən Çin Xalq Azadlıq Ordusunun (XAOA) sıralarında baş vermiş korrupsiya halları ilə bağlı islahatlarla da əlaqəlidir. Yeni büdcə çərçivəsində hərbi qulluqçuların maaşlarının artırılması, onların hazırlıq səviyyəsinin yüksəldilməsi, Tayvan ətrafında keçirilən hərbi manevrlərin genişləndirilməsi, kibermüharibə imkanlarının inkişaf etdirilməsi və müasir hərbi texnikanın alınması nəzərdə tutulur.
Poliqon.info