Paris, 5 mart, AZƏRTAC
Fransa Sahibkarlar Təşkilatı – MEDEF İsrail və ABŞ-ın İran üzərində həyata keçirdiyi hava zərbələrinin iqtisadi təsirlərindən narahatlığını ifadə edib.
AZƏRTAC xəbər verir ki, təşkilatın prezidenti Patrik Martən yerli mətbuata açıqlamasında bu gərginliyin bir çox sahələrə təsir göstərdiyini deyib.
Martən qeyd edib ki, qazın qiyməti 40%-dən çox, neftin qiyməti isə 20%-dən artıq artıb və bu, şirkətlərin rentabelliyinə birbaşa təsir edə bilər. Lakin o əlavə edib ki, əksər şirkətlər ortamüddətli təchizat müqavilələrindən faydalanır və bu da təsirlərin dərhal hiss olunmasını məhdudlaşdırır.
O, həmçinin xatırladıb ki, Hörmuz boğazı İran İnqilab Keşikçiləri tərəfindən nəzarət olunan strateji nöqtədir və burada dünyada neftin dörddə biri və maye təbii qazın beşdə biri hər gün daşınır. Təşkilat Fransa hökuməti ilə daim əlaqə saxlayır və bu böhranı idarə etmək üçün şirkətlərlə sıx əməkdaşlıq edir.
Patrik Martən əlavə edib ki, Yaxın Şərqdəki böhran, Ukrayna müharibəsi və Çin-ABŞ ticarət gərginlikləri bir araya gəldiyi indiki vəziyyətdə şirkət rəhbərləri ciddi gərginlik yaşayır.