AZ

Pişiklər insanların yeni ümid qapısıdır

Ev heyvanları olan pişiklər üzərində aparılan tədqiqatlar insanlarda və heyvanlarda xərçəngin müalicəsinə yönəlmiş potensial genetik oxşarlıqları ortaya çıxarıb.

Böyük Britaniyada yerləşən Wellcome Sanger İnstitutunun açıqlamasına görə, Ontario, Bern və Kornell universitetlərinin mütəxəssisləri təxminən 500 ev pişiyində 13 fərqli xərçəng növünü analiz ediblər. Araşdırmanın nəticəsinə əsasən, pişiklər öz sahibləri ilə eyni ətraf mühit xərçəngi risklərinə məruz qalırlar, bu da xəstəliyin bəzi səbəblərinin ortaq ola biləcəyini göstərir.

Mütəxəssislər pişiklərdə xərçəngin inkişafına səbəb olan genetik dəyişiklikləri aşkarlayıblar və qeyd ediblər ki, bu dəyişikliklər insanlarda müşahidə olunanlarla yüksək səviyyədə oxşarlıq göstərir. Xüsusilə döş xərçəngi nümunəsində pişik və insan genomları arasında əhəmiyyətli paralellər mövcuddur.

Wellcome Sanger İnstitutunun tədqiqatının həmmüəllifi Bailey Francis bildirib ki, müxtəlif xərçəng növlərinin genomikasını müqayisə etməklə xəstəliyin səbəblərini daha dərindən başa düşə bilirik: “Pişiklərdəki xərçəngin genetik dəyişikliklərinin insanlarda və itlərdə müşahidə olunan bəzi dəyişikliklərə bənzəməsi ən önəmli tapıntılarımızdandır.”

Francis, həmçinin vurğulayıb ki, bu kəşflər baytarlıq sahəsində işləyən mütəxəssislərə və insan xərçəngi üzrə araşdırma aparanlara fayda verə bilər.

Araşdırmanın nəticələri prestijli “Science” jurnalında dərc edilib.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
16
ikisahil.az

1Mənbələr