Martın 4-də Binə Atçılıq Mərkəzində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" (“Dirçəliş”) milli atüstü oyunlar qrupu möhtəşəm nömrələr nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə Bakıda çıxış edən 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Sənəti Festivalının baş mükafat qalibləri at üstündə mürəkkəb hərəkətlər nümayiş etdirib, mükəmməl sinxronluq, trüklər, güclü dinamika və yüksək peşəkarlıq səviyyəsi ilə tamaşaçıların zövqünü oxşayıblar.
Şou proqramda, həmçinin Türkmənistan Dövlət Sirkinin və Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkinin artist və akrobatları tərəfindən rəngarəng nömrələr təqdim olunub.
Azərbaycan və Türkmənistan bayraqlarının at üstündə səhnəyə gətirilməsi ilə proqram başa çatıb.
Aba Annayev adına Beynəlxalq Atçılıq Akademiyasının rektoru Pıqi Bayramdurdıyev jurnalistlərə açıqlamasında deyib: "Bu gün biz dost Azərbaycan torpağına qədəm qoyduq. Xalqlarımızı çoxəsrlik dostluq və ortaq tarix birləşdirir. Mədəniyyətlərimizin əsas rəmzləri əfsanəvi atlardır: Türkmənistanın Ahal-təkə və Azərbaycanın Qarabağ atları. Ölkə başçılarımız - Sərdar Berdiməhəmmədov və İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində Bakıdakı Binə Atçılıq Mərkəzinin möhtəşəm qapalı manejində çıxış etmək üçün dəvət almışıq. Sizin tamaşaçılarınızın önündə çıxış etmək bizim üçün böyük şərəf və qürurdur. Bakıya ilk dəfə gələn sənətçilərimiz üçün bu gün əsl bayramdır”.