AZ

Kir Starmer İranla bağlı hökumətin mövqeyini müdafiə edib

London, 4 mart, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer İranla bağlı yaranmış münaqişə fonunda hökumətinin mövqeyini müdafiə edərək bildirib ki, britaniyalıların təhlükəsizliyinin qorunması onun bir nömrəli prioritetidir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın Baş naziri ABŞ və İsrailin şənbə günü İrana qarşı həyata keçirdiyi ilkin zərbələr zamanı Britaniyanın hərbi bazalarından istifadəyə icazə vermədiyinə görə tənqid etməsindən sonra səsləndirilib. Tramp Starmeri tənqid edərək onun “Uinston Çörçill olmadığını” bildirib.

Kir Starmer isə qeyd edib ki, hüquqi əsas və aydın, düşünülmüş plan olmadan Böyük Britaniyanın müharibəyə qoşulmasına razılıq verə bilməz. Baş nazir əlavə edib ki, bazar günü Britaniya ABŞ-ın müraciətini qəbul edərək ölkə ərazisində yerləşən hərbi bazalardan yalnız İranın raket obyektlərinə qarşı müdafiə xarakterli zərbələr üçün istifadə olunmasına icazə verib.

Qeyd edək ki, Donald Tramp Britaniyanın ilkin zərbələrdə iştirak etməməsi qərarına kəskin reaksiya verərək bunu şokedici adlandırmış və ABŞ–Britaniya münasibətlərinin əvvəlki kimi olmadığını bildirmişdi.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
18
3
azertag.az

5Mənbələr