AZ

Missisipidə Orta Məktəblər üçün Yeni Jurnalistika Layihəsi: 15 Məktəb Seçiləcək

ABŞ-nin Mississippi ştatında dövlətə məxsus olmayan bir təşkilat orta məktəblərdə jurnalistika proqramlarını genişləndirmək üçün yeni təşəbbüsə başlayıb. Layihə çərçivəsində 2026-cı ilin payız semestri üçün müraciətlərin qəbulu artıq açıq elan olunub.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşəbbüs “Mississippi High School Journalism Project” adlanır və məqsəd ştatın daha çox orta məktəbində jurnalistika fənninin tədrisinə imkan yaratmaqdır. Layihənin koordinatoru Kelli Atvud bildirib ki, jurnalistika şagirdlərdə tənqidi düşüncə və sərbəst ünsiyyət bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

Proqram qeyri-kommersiya təşkilatı olan The Bell tərəfindən həyata keçirilir və yerli xəbərlərin gücləndirilməsini hədəfləyən Press Forward Mississippi tərəfindən dəstəklənir. Təşkilatın icraçı direktoru Teylor Makqrou qeyd edib ki, gənclərin hələ orta məktəbdən etibarən jurnalistika, media savadlılığı və etik prinsiplərlə tanış olması vacibdir.

Onun sözlərinə görə, layihə çərçivəsində seçiləcək məktəblər yalnız tədris proqramı ilə deyil, həm də praktiki dəstək mexanizmləri ilə təmin olunacaq. Ümumilikdə 15-ə qədər məktəb yeni kredit əsaslı jurnalistika kurikulumu, müəllimlər üçün təlimlər və proqramın icrasına kömək edəcək ekspert məsləhətçi ilə təmin ediləcək.

Layihə New York City şəhərində başladılan “Journalism For All” təşəbbüsünün əsasında qurulub. Həmin təşəbbüs çərçivəsində hazırlanmış orta məktəb jurnalistika proqramı Missisipidə də tətbiq ediləcək. Teylor Makqrou bildirib ki, təşəbbüsə qoşulan müəllimlər üçün yay seminarı təşkil olunacaq və proqramın müəllifi olan kurikulum dizayneri tərəfindən birbaşa təlim keçiriləcək.

Bundan əlavə, təşkilat ayrı-ayrı məktəblərlə əməkdaşlıq edərək avadanlıq və digər zəruri resursların təmin edilməsi imkanlarını da araşdırmağı planlaşdırır.

Layihə təşkilatçıları hesab edirlər ki, bu təşəbbüs gələcək jurnalist nəslinin formalaşmasına və yerli medianın güclənməsinə töhfə verəcək.

Fatimə Nəbiyeva

Seçilən
128
qht.az

1Mənbələr