AZ

"Bakıda piyada infrastrukturu bərbad haldadır" - Ekspertdən AÇIQLAMA

Yol hərəkəti təhlükəsizliyi təkcə sürücülərin deyil, piyadaların da məsuliyyət daşıdığı bir sahədir. Lakin reallıq göstərir ki, həm sükan arxasında mobil telefondan istifadə edən sürücülər, həm də qulaqcıqla və diqqətsiz şəkildə yolu keçən piyadalar arasında qayda pozuntuları geniş yayılıb. İşıqforun qırmızı işığının yanmasına saniyələr qalsa belə, “çatdıraram” düşüncəsi ilə hərəkət edənlər həyatlarını riskə atırlar. Statistik göstəricilər də təsdiqləyir ki, diqqətsizlik və məsuliyyətsizlik bir çox qəzanın əsas səbəblərindəndir.

Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür? Maarifləndirmə və nəzarət mexanizmləri yetərlidirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Bakıda piyada infrastrukturu bərbad haldadır və piyadaların qarşısında kifayət qədər problemlər mövcuddur, baryerlər var:

"Bu baryerlər aradan qaldırılmalıdır, qısa svetoforla nizamlanan keçidlərin sayı artırılmalıdır. Həmçinin, riskləri nəzərə alaraq sürəti azaldan həllər tətbiq olunmalıdır: zolaqların ensizləşdirilməsi, təhlükəsizlik adacıqlarının qurulması, kontrast işıqlandırma kimi tədbirlər görülməlidir ki, mümkün risklər olduğu təqdirdə qəzanın nəticəsi ölümlə nəticələnməsin. Bunun üçün qəzaya təsir edən həllər tətbiq edilməlidir.

Vətəndaşın qulaqcıqla hərəkət etməsi və yaxud diqqətli olmaması bu, dünyanın hər yerində müşahidə olunan haldır. Amma əsas odur ki, həmin vətəndaş niyə xaotik hərəkət edir? Məsələn, səkinin vəziyyəti hansı səviyyədədir? Bu səki boyunca yolun bir tərəfindən digər tərəfinə keçmək üçün hansı məsafəni qət etməlidir? Bax, bu kimi problemlər öz həllini tapmalıdır. Onda bizdə kütləvi qayda pozuntusu halından daha nizamlı hərəkətə keçid baş verəcək və mümkün risklər olsa belə, nəticəsi yüngül olacaq. Ona görə diqqətimizi piyada infrastrukturunun abadlaşmasına, qısa piyada keçidlərinin sayının artırılmasına və qəzaların nəticəsini yüngülləşdirən həllərin tətbiqinə yönəltməliyik".

Nuriyyə NATİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr