AZ

Rüzgar Əhmədzadə: Milli musiqi estetik təməlini qoruyub saxlayaraq inkişaf etməlidir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 4 mart, AZƏRTAC

AZƏRTAC Azərbaycanın istedadları ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz gənc musiqiçi, bəstəkar və musiqişünas Rüzgar Əhmədzadədir. O, Azərbaycan Milli Konservatoriyasında “musiqişünaslıq” ixtisası üzrə təhsil alıb və hazırda Londondakı “Point Blank Music School”da musiqi sənəti və səs mühəndisliyi üzrə təhsilini davam etdirir. O, müxtəlif instrumental ansambllar, kamera ansamblları və orkestr üçün əsərlər, eləcə də film musiqiləri bəstələyib. Onun əsərləri Azərbaycanda və xaricdə konsert məkanlarında ifa olunub. O, həmçinin “Qarabağ” futbol klubunun rəsmi himninin müəllifidir.

AZƏRTAC-ın müxbiri ilə müsahibəsində o, yaradıcılıq yolu və peşəkar inkişafının əsas mərhələləri barədə bəhs edib.

R. Əhmədzadə qeyd edib ki, uşaqlıqda rəssamlıqla məşğul olması onun bəstəkar təfəkkürünə əhəmiyyətli dərəcədə təsir edib. Onun sözlərinə görə, əsərlər üzərində işləyərkən o çox vaxt sanki səsin və musiqi məkanının teksturasını “görür”. Kompozisiya və forma prinsipləri ilə ilk dəfə məhz təsviri incəsənətdə qarşılaşıb və bu təcrübə sonradan onun musiqi yaradıcılığında mühüm təməl olub.

Peşəkar inkişafı ilə bağlı suala cavab olaraq, müsahibimiz həmişə bir prinsipə sadiq qaldığını vurğulayıb: Bəstəkar müxtəlif janr və formalara açıq olduqda və onların prinsiplərini və xüsusiyyətlərini dərindən başa düşdükdə həqiqətən peşəkar olur. Məhz buna görə də o, əsasən təcrübə qazanmaq və möhkəm peşəkar təməl qurmaq üçün müxtəlif musiqi janrlarına müraciət edir.

Azərbaycan musiqisinin xarici auditoriyaya təqdim edilməsindən danışan Rüzgar Əhmədzadə diqqəti ilk növbədə milli musiqi mədəniyyətinin iki əsas təbəqəsinə - aşıq sənətinə və muğama, eləcə də bu ənənənin ifadə imkanlarının genişliyinə yönəltməyi vacib hesab etdiyini vurğulayıb.

O, bu fikri təkcə xarici deyil, həm də yerli auditoriyaya çatdırmağa çalışdığını qeyd edib. Lakin bəstəkar təəssüflə əlavə edib ki, aşıq və muğam musiqisi çox vaxt səhvən sırf folklora aid edilir.

R.Əhmədzadənin fikrincə, müasir Azərbaycan bəstəkarlıq məktəbi ilk növbədə iki əsas musiqi sisteminin - aşıq və muğamın - təməllərini möhkəmləndirməklə və ənənəvi prinsipləri qorumaqla onların təməlləri üzərində qurulmalıdır.

Eyni zamanda, bəstəkarın vurğuladığı kimi, gənc bəstəkarlar bu gün təhsil müəssisələrində geniş şəkildə tədris olunan Qərb klassik musiqi estetikasını daha kompakt və praktik formatda mənimsəməlidirlər.

Bundan əlavə, R.Əhmədzadə iki sahənin əhəmiyyətini qeyd etdb ki, onlar olmadan bu gün beynəlxalq standartlara cavab vermək çətindir. Söhbət musiqi istehsalı sahəsi - aranjemanlar, səs mühəndisliyi və musiqi yaradıcılığının digər texnoloji aspektləri və müəllif hüquqları, biznes, marketinq və musiqi sahəsində iqtisadi mexanizmlərin anlaşılması məsələlərini əhatə edən musiqi sənayesindən gedir.

Onun sözlərinə görə, müasir bəstəkar təkcə yaradıcı bacarıqlara deyil, həm də fəaliyyətini müasir musiqi sənayesi şəraitində qura bilmək bacarığına malik olmalıdır - musiqinin necə yaradıldığını, necə yayıldığını və necə gəlir gətirə biləcəyini anlamalıdır.

Bəstəkar qloballaşma dövründə milli musiqinin necə mövcud ola biləcəyi - ənənəvi təməlini qoruyub saxlamalı, yoxsa transformasiya etməli olduğu məsələsinə toxunaraq qeyd etdi ki, bu, Azərbaycan musiqiçiləri üçün ən incə və fundamental məsələlərdən biridir.

Onun sözlərinə görə, transformasiyadan danışmazdan əvvəl milli musiqinin ənənəvi forma və prinsiplərinə yiyələnmək lazımdır. Yalnız bundan sonra onu təhrif olunmadan inkişaf etdirmək və şərh etmək olar. Səslənmə nə qədər müasir olursa olsun, estetika, daxili prinsiplər və nəzəri təməl dəyişməz qalmalıdır.

Bəstəkar əmindir ki, milli musiqini yalnız xüsusi günlər üçün nəzərdə tutulmuş nadir bir fenomen deyil, müasir mədəniyyətin təbii bir hissəsi olan canlı və inkişaf edən bir ənənə kimi təqdim etmək vacibdir.

Musiqinin onun üçün əsasən ifadə vasitəsi, yoxsa düşüncə forması olub-olmadığı barədə bəhs edərək, həmsöhbətimiz qeyd etib ki, o, musiqiyə daha çox özünüifadə vasitəsi kimi baxır. O deyib ki, eşitmək istədiyi janrda musiqi yaratmağa çalışır.

Bəstəkar ona ilham verən qadın sənətçilər haqqında suala cavab olaraq, islandiyalı müğənni Byorkun adını çəkib. O, milyonlarla dinləyicinin qəlbində əks-səda doğuran cəsarətli musiqi təcrübələrinə heyran olduğunu qeyd edib. Onun sözlərinə görə, Byork təkcə müğənni deyil, həm də bir çox müxtəlif yaradıcı funksiyaları özündə birləşdirdiyinə görə tamhüquqlu musiqiçi hesab edilə bilər.

Günel Alıyeva – müxbir

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
azertag.az

1Mənbələr