AZ

Şagirdləri texnologiyadan qorumaq yetərli deyil – onlara məsuliyyət öyrətmək lazımdır - Günay Əkbərova

Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, məktəbəhazırlıq və ümumi təhsil pillələri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Zəngilan şəhər 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, bu qərar çox vacibdir və zamanında verilib:

"Çünki uşaqlar artıq yalnız real mühitdə deyil, paralel olaraq rəqəmsal mühitdə də böyüyürlər. Ona görə də onları sadəcə texnologiyadan istifadə etməyi deyil, həmin mühitdə təhlükəsiz, məsuliyyətli və düşünərək davranmağı öyrətmək çox önəmlidir. Rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının kurikuluma daxil edilməsi əlbəttə ki, əsas istiqamətlərdən biridir. Amma düşünürəm ki, bununla yanaşı bir neçə başqa vacib mövzuya da xüsusi diqqət yetirilməlidir. Məsələn, rəqəmsal etik davranış və onlayn ünsiyyət mədəniyyəti çox vacibdir. Uşaqlar sosial şəbəkələrdə necə danışmalı, başqasının hüquqlarına necə hörmət etməli, kiberbullinqin nə olduğunu və onun hansı nəticələrə gətirib çıxara biləcəyini erkən yaşlardan anlamalıdırlar".

Müəllim bildirdi ki, digər mühüm mövzulardan biri rəqəmsal tənqidi düşünmə və informasiya savadlılığıdır:

"Bu gün internetdə çoxlu yanlış və manipulyativ məlumatlar yayılır. Uşaqlar öyrənməlidirlər ki, gördükləri hər məlumat doğru olmaya bilər. Mənbəni yoxlamaq, məlumatı müqayisə etmək və düşünərək qərar vermək bacarığı artıq müasir savadlılığın əsas hissəsidir. Bundan başqa, rəqəmsal balans və psixoloji sağlamlıq mövzusu da vacibdir. Dünyanın bir çox ölkələrində məktəblərdə uşaqlara ekran vaxtının düzgün idarə olunması, sosial şəbəkələrin psixoloji təsirləri və real həyatla rəqəmsal həyat arasında balans qurmaq barədə də məlumat verilir. Bu, xüsusilə yeniyetmələr üçün çox aktualdır. Bir digər istiqamət isə şəxsi məlumatların qorunması və rəqəmsal iz (digital footprint) anlayışıdır. Uşaqlar anlamalıdırlar ki, internetdə paylaşdıqları məlumatlar uzun müddət qalır və gələcəkdə onların həyatına təsir edə bilər. Ümumilikdə dünya təcrübəsinə baxdıqda görürük ki, bir çox ölkələr artıq rəqəmsal vətəndaşlıq anlayışını məktəb proqramlarının bir hissəsinə çeviriblər. Məncə bizim üçün də əsas məqsəd uşaqları texnologiyadan qorumaq deyil, onları texnologiya ilə düzgün və məsuliyyətli şəkildə yaşamağa hazırlamaq olmalıdır. Çünki gələcəyin vətəndaşı həm real, həm də rəqəmsal dünyada eyni dərəcədə savadlı və məsuliyyətli olmalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
83
1
redaktor.az

2Mənbələr