AZ

Cahangir Həsənzadə: “Qarabağ” hələ də çempionluqdan qopmayıb

Bakı, 4 mart, AZƏRTAC

Bir mənalı olaraq deyə bilərik ki, lider “Sabah”la xal fərqinə baxmayaraq “Qarabağ” hələ də çempionluqdan qopmayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə deyib.

Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq qapıçısı keçmiş komandası üçün toparlanmağın asan olmayacağını söyləyib: “Çünki sıx qrafiklə oynayırlar. “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn komandadır. Əminəm ki, ölkə çempionluğu uğrunda mübarizəni sona qədər davam etdirəcəklər. Futbolçuların üzərində də psixoloji gərginlik olduğunu düşünmürəm. Onlar matçdan-matça daha keyfiyyətli oyun göstərəcəklər. “Sabah” da öz tempini qoruyacaq. Bakı klubunun 7 xallıq fərqi komandanı çempionluğa da apara bilər. Şansları 50-nin 50-yə dəyərləndirərdim”.

O, Premyer Liqada bu mövsüm birincilik uğrunda yaranan rəqabətin azarkeşlər üçün yaxşı hal olduğunu söyləyib: “Çempionun kim olacağının sual altında olması azarkeşlər üçün yaxşı haldır. Bu, o deməkdir ki, mübarizə son tura qədər davam edəcək”.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 53 xalla “Sabah” başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” isə 46 xalla ikinci pillədə qərarlaşıb.

 

Seçilən
127
1
azertag.az

2Mənbələr