Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xəzər Universitetində keçirilən “3-cü Ortaq türk keçmişindən ortaq türk gələcəyinə doğru: 100-cü ildönümündə Türkoloji Qurultaydan bu günə ortaq əlifba məsələləri” adlı beynəlxalq elmi simpozium davam etdirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərinin davam etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, 100 il əvvəl Türk dünyasının birlik və həmrəyliyini ifadə edən Qurultay türkologiya elmini formalaşdırıb, onun sistemini müəyyənləşdirib. Birinci Türkoloji Qurultay türkologiya elminin əsas hədəf və istiqamətlərini müəyyən edib. Qurultaydan bəri ötən dövr türkologiyaya daha geniş aspektdən yanaşılması, araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır.
İsa Həbibbəyli AMEA-da çap olunan “Türkologiya” jurnalının ənənəni davam etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, burada dilçiliklə yanaşı, folklor, etnoqrafiya, sənətşünaslıq, tarix, fəlsəfə və başqa elm sahələri istiqamətində məqalələr dərc olunur.
Akademik qeyd edib ki, Qurultayın ən böyük xidmətlərindən biri də türk respublikalarında milli ziyalılığı qorumaq, inkişaf etdirmək və elmin təşkilatlanması məsələsi olub. Türkoloji Qurultayın ən böyük zəfəri həm də latın qrafikalı əlifbaya keçiddir. 1926-cı ildə çoxcəhətli müzakirələrdən sonra latın əlifbası qəbul edildi ki, bu da Türk dünyasını birləşdirən və mədəni birliyi inteqrasiya edən mühüm amillərdən biri idi.
Elmi simpoziumda Türk Dil Qurumunun üzvü, Hacettepe Universitetinin professoru Şükrü Haluk “Birinci Türkoloji Qurultaydan müasir türk lüğətçiliyinin yaranmasına”, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi dosent Zülfiyyə Vəliyeva Önlen “Latın qrafikasına keçidin yüzilliyində yeni nəslin problemləri”, Özbəskistandan Daşkənd Universitetinin dosenti Jura Xudoyberdiyev “Birinci Türkoloji Qurultayda türk dillərində sinharmonizmin müzakirəsi”, Qazaxıstan Dövlət Dilinin İnkişafı İnstitutunun professoru Bijomart Kapalbekov “Türkologiyada avropamərkəzçilikdən müstəqil milli yanaşmaya” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Türkoloji Qurultay üçün əhəmiyyətli mövzular ətrafında elmi-nəzəri tezislər səsləndirilib, təkliflər irəli sürülüb.