AZ

Deputat: Azərbaycan yeni geosiyasi reallıqlarda etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyevin çıxışı yeni geosiyasi şəraitdə Azərbaycanın artan gücünün və genişlənən imkanlarının bariz göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, hazırkı mürəkkəb beynəlxalq konfiqurasiyada dövlətlərin milli təhlükəsizliyinin təmin olunması daha da çətinləşib.

“Belə bir şəraitdə Azərbaycan həm tam siyasi və iqtisadi müstəqilliyini təmin etməsi, həm də hərbi-siyasi qələbələri ilə regionda yeni reallıq formalaşdırması fonunda qlobal enerji təhlükəsizliyində həlledici aktora çevrilib. Bu gün Azərbaycan artıq 10-u Avropa İttifaqının üzvü olmaqla, ümumilikdə 16 ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu isə dolayısı ilə həmin ölkələrin milli təhlükəsizliyinə töhfə deməkdir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Zəngin neft və qaz ehtiyatlarına malik olmaq, eyni zamanda, əlverişli tranzit-coğrafi mövqedə yerləşmək böyük üstünlükdür. Lakin tarix göstərir ki, strateji coğrafiyalar və zəngin təbii resurslar çox zaman iri güclərin maraq toqquşmalarına səbəb olur. Azərbaycan da uzun illər bu cür təzyiq və çağırışlarla üzləşib. Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti nəticəsində Azərbaycan milli maraqları qorumaqla yanaşı, qlobal maraqların da uzlaşdırılmasına nail olub. Bu gün beynəlxalq birlik anlayır ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məhz Azərbaycanla tərəfdaşlıq şəraitində mümkündür”, – deyə o əlavə edib.

Deputat diqqətə çatdırıb ki, öncədən planlaşdırılmadığı halda Suriyaya qaz tədarükünə başlanılması Azərbaycanın çevik böhran idarəçiliyi və humanitar məsuliyyət prinsipinə sadiqliyini nümayiş etdirir. Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layları, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi, eləcə də “Şahdəniz” yatağının yeni mərhələsi əlavə olaraq azı 15 milyard kubmetr qaz hasilatı perspektivi yaradır: “Bu isə Azərbaycanın uzunmüddətli enerji strategiyasının möhkəm əsaslara söykəndiyini təsdiqləyir. Ölkənin qaz ehtiyatlarının ən azı 100 il üçün kifayət etdiyi halda Azərbaycanın paralel şəkildə bərpaolunan enerji mənbələrinə milyardlarla dollar sərmayə yatırması uzaqgörən dövlət siyasətinin göstəricisidir. Bu siyasət yalnız Azərbaycanın qlobal qaz təchizatçısı kimi mövqeyini qorumağa deyil, eyni zamanda, geosiyasi nüfuzunu daha da artırmağa xidmət edir. Prezident İlham Əliyev hərbi-siyasi qələbələrlə formalaşan yeni reallığı güclü iqtisadi model və enerji diplomatiyası ilə tamamlayaraq Azərbaycanı beynəlxalq münasibətlər sistemində aparıcı subyektlərdən birinə çevirib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
azertag.az

2Mənbələr