AZ

90-cı illərin Bakısını musiqiyə köçürən bəstəkarla MÜSAHİBƏ

Müddət etibarilə çox qısa çəkən, amma əbədi təəssürat bağışlayan bu melodiyanın, habelə filmdəki bütün musiqi parçalarının müəllifi bəstəkarımız Cahangir Zülfüqarovdur. O, 1986-2016-cı illərdə Kukla Teatrının musiqi hissəsi üzrə müdiri, 2016-2022-ci illərdə isə Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib. 1986-cı ildən Bəstəkarlar İttifaqının üzvüdür. Ötən günlərdə onunla əlaqə saxladım, əvvəla məlum əsəri haqqında öz fikirlərimi ona bildirdim.“Azvision.az”saytı üçün ondan müsahibə götürmək istədiyimi söylədim. Mehribanlıqla razılaşdı.

Cahangir bəyin dəvəti ilə onun evinə yollandım. Mənzilə girəndə divardakı rəsm əsərləri diqqətimi xüsusilə çəkdi. Cahangir bəy onları mənə bir-bir göstərərək söylədi ki, atasının – mərhum, görkəmli bəstəkarımız Oqtay Zülfüqarovun işləridir. Fərqli-fərqli mövzularda çəkilmiş bu əsərlər, həqiqətən də, bir-birindən qəşəng və heyrətamizdir. Cahangir bəy bildirdi ki, atasının dayısı da rəssam idi, Moskvanın məşhur Böyük Teatrında baş rejissor işləyib.
Qeyri-ixtiyari düşündüm ki, əsasən uşaqlar üçün yazdığı mahnıları ilə tanıyıb sevdiyimiz Oqtay Zülfüqarov ömründə bəstəkarlıq yox, rəssamlıq yolunu tutsa idi, əlbəttə, istedadlı rəssamtək şöhrət tapardı.
“Atanızın rəsm çəkdiyini bilmirdim...”,– deyərək həm təəssüfləndim, həm də utandım…

(Oqtay Zülfüqarov – "Avtoportret")


(Oqtay Zülfüqarov – "Cahangirin portreti")


(Oqtay Zülfüqarovun müxtəlif rəsm əsərləri)

Çay süfrəsi arxasında söhbətimizə başladıq.

– Cahangir müəllim, “Gün keçdi” sənədli filmində bir neçə melodiyanız səslənir. O melodiyalardan birinə bənzəyən “Bağban” adlı mahnınızı bu yaxınlarda xanım müğənni Jamila Jirari oxuyub. Əvvəla bu mahnının tarixçəsindən danışmağınızı istərdim.
– “Bağban” mahnısını çoxdan yazmışam. 5 yaşından 10 yaşınadək uşaqlar arasında “Dan ulduzu” adlı müsabiqə keçirilirdi. Münsiflər heyətinin üzvü idim, uşaqları seçirdik. “Bağban” mahnısı o vaxt ərsəyə gəldi və birinci yeri tutan qız oxudu. Sonra isə uzun müddət bir kənarda qaldı. Əslində, adı “Tanrı”dır. Yenidən oxuyan qız (Jamila Jirari – F.H.) “Bağban” adı ilə oxudu.


– Bəs sözləri o vaxt da həminki idi?
– Hə, həmin sözlər idi. Deməli, müsabiqədən neçə il keçib, bir 20 il keçib… Bu qız da o müsabiqənin iştirakçısı idi.

– Yenidən oxuyan xanım?
– Hə, amma birinci yeri o tutmadı, sadəcə iştirak edirdi. Bu mahnıya vurulmuşdu. İllər keçdi, böyüdü, konservatoriyanı bitirdi. Onun atası mərakeşlidir. Mərakeşdə də gedib təhsil aldı. Mahnı o vaxtdan ürəyində qalmışdı, çox xoşuna gəlmişdi. Düzdür, o musiqiçidir, amma pianoçudur, əvvəllər oxumayıb.

– Oxuduğu ilk mahnı “Bağban”dır?
– Hə, ilk mahnısıdır… Bir gün anası mənə zəng vurdu. Keçmiş günləri xatırlatdı. Dedi: “Qızım o mahnıya vurulub. İcazə verərsiniz, oxusun?” Dedim, əlbəttə, məmnun olaram, xoşbəxt olaram. Beləliklə, görüşdük. Köhnə səsyazılarını göndərdim. Özü studiyaya getdi. Yaxşı bir musiqiçi oğlan tapdı; o, mahnını təzədən aranjiman etdi, yeni hava verdi. Hazırladılar, səsə yazdılar, klip çəkdilər. Mənə çəkinə-çəkinə göstərdilər.

– Fikirləşiblər ki, bəyənməzsiniz…
– Yeni aranjimanı eşidəndə dedim: “Əhsən sənə!” Doğrudan da, çox xoşuma gəldi. Bilirsən, necə? Mahnıya yeni ruh, yeni nəfəs verib, cavanlar üçün müasirləşdirib.

– Bəli, bəli, çox yaxşıdır. Cahangir müəllim, “Gün keçdi” sənədli filmində mənim xüsusilə çox xoşladığım melodiyanız var. O melodiya haqqında danışardınız.
– Hə… O melodiyanı filmdən qabaq yazmışam. Şamil filmi çəkəndə hazır musiqi parçalarımı istifadə etdi.

– Deməli, bu melodiyaları əvvəlcədən yazmısınız.
– Bəli. Mən 31 il Kukla Teatrında işləmişəm. Tamaşalar üçün musiqi yazırdım.

– Sizin haqqınızda musiqişünas Lətifəxanım Əliyevanın qələmə aldığı kitabda da vurğulanır ki, ən çox sevdiyiniz janr tamaşa musiqisidir.
– Ay sağ ol! Kino və teatr musiqisi. Bu, mənimdir. Mən orada yaşayıram, balıq kimi üzürəm. Başqa janrlar isə… Bilirsən, musiqi nəsə deməlidir, qışqırmalıdır, gülməlidir, ağlamalıdır. Bu da kinoda və teatrdadır. Kino musiqində ilk dəfə Şamillə işləmişəm. O, çox sənədli film çəkib, birlikdə işləmişik. Onun bədii filmi (“Qala” – F.H.) üçün də musiqi yazmışam, simfonik orkestrlə ifa olunub.


– Melodiyanın tarixçəsinə qayıdaq…
– Hə, o melodiyanı anama həsr etmişəm. Deməli, bir gün tamaşa üçün musiqi yazırdım. Biz Hüsü Hacıyev küçəsində, indiki Azərbaycan prospektində yaşayırdıq. Anam otağıma gəlib dedi: “Oğlum, mənim üçün də bir melodiya yaz”. Dedim: “Ana, baş üstə!” Beləliklə, bu melodiya yarandı. Aranjiman etdim, tamaşada da keçid musiqisi kimi səsləndi.

– Bu təqribən neçənci il idi?
– 1992-1993-cü illər. Dəqiq yadımda qalmayıb. Şamil də filmdə istifadə etdi. Bilirsən, mənim melodiyalarım Bakıdır…

– Sizə deyim ki, o melodiyaya qulaq asanda məhz Bakının 80-90-cı illərinin mühitini xatırlayıram. O dövrü görməmişəm, amma melodiyanız sayəsində o küçələri görürəm, insanların söhbətlərini eşidirəm… Deməli, “Gün keçdi” sənədli filmindəki musiqi parçalarının əksəriyyətini, əslində, tamaşalar üçün yazmısınız.
– Bəli, tamaşalar üçün. Ruhum, doğrudan da, teatrdadır. Kukla Teatrı ilə yanaşı Musiqi Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, həm də Həştərxandakı Gənc Tamaşaçılar Teatrı üçün musiqi yazmışam. Belə ki, Həştərxanda bütün Xəzəryanı ölkələrinkukla teatrlarının festivalıkeçirilirdi. Bizi dəvət etmişdilər, teatrımız orada tamaşa ilə çıxış etmişdi. Bəstəkar mən idim. Musiqim təşkilatçıların elə xoşuna gəlmişdi ki, sonra məni ayrıca münsiflər heyətinə dəvət etdilər. Onda Rusiyanın xalq artisti, Həştərxan Gənc Tamaşaçılar Teatrının baş rejissoru məni balıq tutmağa çağırmışdı. Həştərxandan təxminən 60 kilometr aralıda, Volqa çayında. Mənə orada dedi: “Bir tamaşa hazırlayıram, ona musiqi yaza bilərsən?” Soruşdum, nə tamaşasıdır? Dedi, Ezopun təmsili əsasındadır – yarı ciddi, yarı komediya. Xahiş etdim ki, fabulanı danışsın. Danışdı. Dedim, musiqi hazırdır. Mat qaldı. Həştərxana qayıdanda onu qaldığım mehmanxanaya çağırdım, maqnitofonu qoşdum, qulaq asdı. Qulaq asdıqca mənə baxdı, baxdı, dinmədi. Axırda dedi: “Mənim tamaşama musiqi yazmısan?” Dedim, yox, Kukla Teatrı üçün. Dedi: “Yox, bu elə mənim tamaşam üçündür!”

– Musiqi həmin tamaşaya çox uyğun gəlib…
– Hə, necə deyərlər, düz yerinə düşüb. Çox istədi ki, pulunu versin, dedim: “Nə pul? Axı biz dostuq”. Beləliklə, götürdü, istifadə etdi. Tamaşanın çəkilişini sonra diskdə mənə də göndərdi. Baxdım. Çox yaxşı alınmışdı. İnsan bilmir, harada tapacaq, harada itirəcək…

– Əlbəttə, həyatdır…
– Dövlət Televiziyası üçün 18 dəqiqəlik musiqi yazmışdım. Necə lazımdırsa, yaratmışdım. Cəmi 180 manat qonorar vermişdilər. Hər dəqiqəsinə 10 manat… Başqa bir sifarişçi isə məndən fanfara yazmağımı istəmişdi. 15-20 saniyəlik musiqi üçün 1500 manat aldım. Belə də olur…

(Söhbətim bu məqamında “Gün keçdi” sənədli filmindən vurulduğum melodiya haqqında təəssüratımı bir daha ürəkdolusu dilə gətirirəm. Cahangir müəllim royal arxasına əyləşərək həmin parçanı və başqa əsərlərini çalır. Söhbətimizə qayıdanda musiqi məfhumu haqqında maraqlı fikirlər söyləyir)

– Sözü eşidirsən, başa düşürsən, amma musiqini ürək eşidir, ruh eşidir. Onu tutmaq, saxlamaq mümkün deyil, insanın daxilindən gəlməlidir. Çaykovskinin “Qu gölü” baletində bir hissə var, orada Çaykovski sanki göylərə çatıb. Motsartı, Bethoveni, Baxı heç demirəm… Peşəkar musiqiçi hər ifaya tənqidi yanaşır. Toy məclislərində bilirəm ki, kim necə, hansı səviyyədə çalır. Nəsə xoşuma gəlir, nəsə gəlmir. Musiqiyə ötəri qulaq asa bilmirəm. Hər qatını: baş melodiyasını, yan melodiyanı, reprizanı, bütöv ekspozisiyanı qeyri-ixtiyari daxilən nəzərdən keçirirəm.

– Mən də az-çox yazı adamıyam. Nəsə oxuyanda…
– Ay sağ ol…

– Görürəm, hansısa cümlədə nəsə düz deyil. Bu məni mütaliədən soyudur. Öz-özümə fikirləşirəm ki, müəllif başqa cür yazmalı idi, başqa söz seçməli idi, cümləni daha yaxşı qurmalı idi və s.
– Sənə deyim ki, musiqiyə ümumilikdə sanki rentgen altında baxsam da, Üzeyir bəyin əsərlərini, məsələn, “Şəbi-hicran”ı, Motsartın, Şopenin melodiyalarını eşidəndə tüklərim biz-biz olur.

– Cahangir müəllim, gəncliyinizdə bir sıra ansambllarda işləmisiniz. Onlar haqqında danışmağınızı istərdim.
– O ansambllar müvəqqəti idi. Məsələn, “Elektrosahə” klubunun, Bakı Kondisioner Zavodu nəzdində klubun ansambllarında işləmişəm. Kim hara çağırırdı, gedirdim (gülür). Musiqiçi harada lazım olurdusa, orada işləyirdim. Çox heyif ki, amma heç vaxt toylara getməmişəm. Toy məclisində nə deyilərsə, bacarıb çalmalısan, başqa variantın yoxdur. Bu, əsl təcrübə imkanıdır, ona görə də toy məclislərindən yaxşı musiqiçilər çıxır. Toy ifaçıları hər şeyi: muğamları, estrada mahnılarını və s. bilirlər, bilməlidirlər.

– Bildiyim qədəri ilə, 1997-1998-ci illərdə Pakistanda olmusunuz, orada “Zülfüqar” adlı ansamblla çıxış etmisiniz.
– Ay sağ ol. Orada mənə “Zülfüqar”, “Mister Zülfüqar” dediklərinə görə ansamblın adı bu cür qalmışdı. İslamabadda 28 May – Respublika Günü (hazırkı adı ilə Müstəqillik Günü – F.H.) münasibətilə konsert vermişdik. Musiqiçilər hamısı pakistanlılar idi. Həm Azərbaycan, həm də Pakistanın musiqi əsərlərini ifa etmişdik.

– Bircə azərbaycanlı siz idiniz?
– Hə. Pul qazanmağa, özümə sintezator almağa getmişdim. Pakistanın çox acı, istiotlu yeməkləri var, istiotu elə istiota batırıb yeyirlər. Mən də xoşlayıram da! (gülür). Belə alındı ki, doqquz aya mədəmdə xora əmələ gəldi. Çoxlu – düz 60% qan itirdim. Qaldığım beşulduzlu mehmanxanada (adı “PC” – “Pearl-Continental” idi) işləyən cavan-cavan uşaqlar mənə qan verdilər. Onda 60% pakistanlı qanım var idi (gülür). Ümumiyyətlə, çox gözəl insanlardırlar, bizə oxşayırlar.

– Cahangir müəllim, mahnı yaradıcılığınıza da toxunaq.
– Mən, adətən, mahnı yazmıram.

– Bir sıra mahnınız var…
– Dostum Ələkbər Hüseynovla – Ələkbər əmi ilə Kukla Teatrında birlikdə işləmişik. O, ən yaxın dostum idi… Mən tamaşalara musiqi yazanda xahiş edirdi ki, onun üçün mahnı yazım. Mahnılarım belə yaranıb. Ələkbər Şəki Dövlət Dram Teatrından Bakıya – Kukla Teatrına yenicə gəlmişdi. Hələ tanış deyildik. Teatrımız təmirdə idi, Aktyor Evində bir tamaşamız oynanılırdı. Səhnə arxasında tamaşanın musiqi parçalarını səsləndirirdim. Gördüm, bir nəfər gəlib, dayanıb, tamaşaya baxmır, ancaq musiqimə qulaq asır. Fikir vermirdim, kimdir. Tamaşa qurtardı, o mənə yaxınlaşdı. Soruşdu:
– Çox üzr istəyirəm, bu melodiyaları haradan tapmısınız?
– Tapmamışam, yazmışam.
– Necə?! – çox təəccübləndi.
– Elə-belə, yazdım da! (gülür)
– Axı siz kimsiniz?
– Bəstəkaram.
O lap təəccüblə:
– Bu musiqiləri özünüz yazmısınız?! – soruşdu.
– Yox, nənəm göndərib (gülür).
Beləliklə, o da – Ələkbər də musiqimə vuruldu. Demişdi: “Bu əsərləri sanki sən yox, böyük bir bəstəkar yazıb” (gülür). Oxuduğu bütün mahnıları mən bəstələmişəm. Bir gün çay süfrəsində idik. Yarızarafat, yarıciddi dedim ki, özü haqqında da bir mahnı yazmaq lazımdır. Razılaşdı. Onda “Göydən üç alma düşdü” adlı verilişi aparırdı, artıq çox məşhurlaşmışdı. O gündən, az qala, hər yerdə dalımca gəzirdi. Deyirdi: “Söz verdin, mahnı yazacaqsan”. Yaxşı, musiqini mən yaza bilərəm, bəs sözləri? DramaturqRəhman ƏlizadəKukla Teatrında baş rejissor işləyirdi, mərdəkanlı idi. Ələkbərə dedim, getsin, ondan xahiş etsin ki, söz yazsın. Rəhman da yazdı. Bizim evdə mahnı üzərində işə başladıq. Əvvəli yaxşı alındı, amma nəqərat üçün söz tapa bilmirdik. Çox fikirləşdik, düz bir saat sözləri gah elə, gah belə dəyişdik, düz gəlmirdi. Lap dilxor olmuşduq. Anam bizə çay-çörək gətirəndə vəziyyəti soruşdu. Dedik, nəqərat alınmır. Anam dedi: “Çox sadə: “Ələkbər əmi, Ələkbər əmi, xoş gəlmisən, Ələkbər əmi”. Bu sözlər, doğrudan da, musiqiyə yatdı. Beləliklə, mahnı yarandı. Sonralar Ələkbər üçün bəstələdiyim mahnıların sözlərini Rəhman Əlizadə yazırdı. Məsələn, “Xoşbəxtlik adası”, “Ələkbər əmi”, “Gəlin, gəlin, uşaqlar”, “Hər birimiz bir çiçək”, “Mənim körpə balalarım”. Ələkbərin oxuduğu bir mahnı da var – “Dünyam mənim”.

(Aktyorlar Ələkbər Hüseynov, Dilarə Nəzərova, Afət Zülfüqarova və bəstəkar Cahangir Zülfüqarov)

(Cahangir müəllim həmin mahnını telefonunda səsləndirir. Diqqətlə qulaq asır, bütün uşaqların, böyüklərin sevimlisi Ələkbər Hüseynovu rəhmətlə, hörmətlə xatırlayırıq. Cahangir müəllim əsərin tarixçəsini danışır)

– Musiqisini artıq yazmışdım. Kukla Teatrının ikinci mərtəbəsindəki kiçik zalda royalda çalaraq Ələkbərə göstərirdim. Çox xoşuna gəlmişdi. Yeri gəlmişkən, o royalı Polad Bülbüloğlu (həmin dövrdə mədəniyyət naziri idi – F.H.) teatra xüsusi olaraq mənim üçün göndərtmişdi. İndi də oradadır, bir küncə atılıb qalıb, heç kəsə lazım da deyil. Heyif… O royal iki il burada (evini nəzərdə tutur – F.H.) idi; teatr təmirə bağlandığı üçün gətirmişdim, yoxsa pis günə qoyardılar. Təmir qurtaranda təzədən apardım.

– Mahnının sözləri barədə danışırdınız…
– Hə. Musiqini royalda çalanda birdən müdirimizRəhman Quliyeviçəri girdi. Dedi: “Bu nə melodiyadır!” Cavab verdim ki, təzədir, sözləri hələ yoxdur. Dedi: “İşinizdə olun, amma heç yana getməyin”. Öz kabinetinə getdi, sözləri yazdı, gətirdi. İstəyirdi, “Dünyam mənim” hissəsi teatrın adına əsasən “Kuklam mənim” oxunsun, amma “kukla” sözü mahnının məzmununu daraldırdı. Ona görə də dəyişdik. İstəyərəm, yeni aranjimanda kimsə oxusun… Ələkbərin ifasında “Xoş gəlmisiniz görüşə” adlı mahnının sözlərini isə atam yazıb. Deməli, Ələkbər bir gün bizə gəlmişdi. Dedi: “İki günə veriliş başlayır, yeni mahnı lazımdır. Tamaşa üçün yaxşı bir melodiyan var, onu götürək”. Götürək, bəs sözlərini kim yazsın? O da soruşdu: “Kim yazsın?” Musiqini atama göstərdik. Dedi: “Gedin, çay için, gələrsiniz”. Atam yarım saata sözləri yazdı. Onun “Oxuyur Aysel” kitabında da həmin sözlər verilib.

(Oqtay Zülfüqarov və Cahangir Zülfüqarov)

– Cahangir müəllim, əsərləriniz “YouTube”da, başqa platformalarda yoxdur, çox azdır. Nə üçün yerləşdirmisiniz?
– İstəmirəm, boş pafosu xoşlamıram… Görürsən, heç yanda adım yoxdur. Düzdür, yubileyim keçirilib, musiqim Nyu-Yorkdakı məşhur“Karnegi” zalındaçalınıb, amerikalı dirijor Bakıda simfonik əsərlərimi ifa edib, amma öz nazirliyimiz məni yubileyim münasibətilə doğru-düzgün təbrik etməyib… Eyni zamanda, atamın çox böyük bir əsəri – “Şənlən mənim xalqım” uvertürası…(Sözünü yarımçıq qoyaraq telefonunda əsəri qoşur, qulaq asırıq)


– Bu əsərdə sanki Azərbaycan xalqının tarixən keçdiyi yol, həm yaxşı, həm də çətin günləri musiqiyə bürünüb.
– “8 Noyabr” metrostansiyasında qatarda bu uvertüra səslənir. Bu uvertüranı bütün dünya çalıb. Bir neçə il qabaq mənə zəng gəldi ki, bir yapon dirijor əsəri eşidib, notlarını xahiş edir. Partituranı götürüb Yaponiyaya göndərdim. Orada da çalındı.

(Cahangir müəllim stuldan durur, otaqdakı komoda yaxınlaşır, siyirmədən bir disk çıxarır. Məlumat verir ki, “Şənlən mənim xalqım” uvertürasının Yaponiyada çalınmış versiyası bu diskə yazılıb. Diskin üzərindəki yazını oxuyur: dirijor Kenşiro Sakairi. Maraqlıdır ki, Oqtay Zülfüqarovun və əsərin adı isə məhz Azərbaycan dilində yazılıb)


(Yapon dirijor Kenşiro Sakairinin rəhbərliyində ifalardan ibarət diskin qapağı)

– Uvertüra ABŞ-də də çalınıb, ümumilikdə 80 dirijor ifa edib. Bu əsəri öz konsertimin proqramına da salmışdım. Proqram təsdiq üçün nazirliyə göndərildi, amma atamın adını çıxartdılar…

– Axı niyə?
– Ona görə ki məni tanımırlar… Hər halda, şükr edirəm, Allahdan yalnız cansağlığı istəyirəm.

– Allah sizə həmişə cansağlığı versin.
– Heç kəsdən də narazı deyiləm. Hamıdan razıyam. Yaxşısı da bizimkidir, pisi də. Necə deyərlər, ətini yesəm də, sümüyünü atmaram…

– Cahangir müəllim, mahnılarınızı Ələkbər əmidən başqa hansı müğənnilər oxuyublar?
– Zülfiyyə Xanbabayeva Ələkbərlə “Mənim körpə balalarım”ı duet oxuyub. Brilliant Dadaşova da “Xəzər” adlı mahnımı oxuyub. Səsyazması Dövlət Televiziyasının fondunda saxlanılır. Əvvəllər hərdən efirə də verilərdi.

– Rafiq Babayevin xatirəsinə bəstələdiyiniz “İthaf” adlı əsəriniz var…
– Hə… “İthaf”. Simfonik əsərdir. Bir dəfə Rafiq Babayevin adını daşıyan 25 nömrəli musiqi məktəbinin müdiri, tanışımdır, məni dəvət etmişdi. Atamın yubileyi münasibətilə uşaq simfonik orkestrinin konserti keçirilirdi. (Ümumiyyətlə, bütün musiqi məktəblərində atamın yubileyi qeyd olunmuşdu). Bir-iki ifaya qulaq asdım, müdirə dedim, sizin üçün bir musiqi yazaram. Elə-belə zarafatca dedim (gülür). “İthaf” məhz bu cür yaranıb.


– Bəs Rafiq Babayevlə tanışlığınız vardımı?
– Əlbəttə! O, dostumuz, müəllimimiz idi. Studiyasına tez-tez gedərdik, görüşərdik. Televiziyada işlədiyi dövrdə Brilliantın ifasında “Xəzər” mahnımı məhz Rafiq müəllim və orkestri müşayiət edib.

– Rafiq Babayevlə əlaqədar xatirələrinizdən danışa bilərsiniz?
– Çox böyük musiqiçi idi. Çox sadə, ürəyiaçıq, mədəni insan idi. Onu görəndə özünü tez yığışdırırdın ki, belə bir insanın qarşısındasan. Münasibətimiz yaxşı idi. Xatirələrimizdən isə hazırda yadıma düşəni yoxdur, amma Vaqif Mustafazadə ilə…

– Elə indi Vaqifi soruşacaqdım.
– Deməli, 1970-ci illərin axırlarında Bayılda donanmada hərbi xidmət keçmişəm. Orada da musiqiçi idim. Ansamblımızla ildə iki-üç ay bütün SSRİ-ni gəzir, konsert verirdik. Bir dəfə Dnepropetrovsk şəhərinə qastrola getmişdik. Mehmanxanadakı afişalarda oxuduq ki, Vaqif Mustafazadənin triosu (“Muğam” adlanırdı – F.H.) da axşam saat 8-də çıxış edəcək. Bizim konsertimiz isə saat 3-də, 4-də başqa yerdə başlayacaqdı. Qurtarar-qurtarmaz əynimizdə hərbi forma ilə Vaqifin konsertinə qaçmışdıq. O da bütün SSRİ-də abonement konsertlər verirdi. Musiqisi elə canlı idi ki! Çıxışı başa çatanda görüşdük, söhbətləşdik. Soruşdu: “Cahangir, burada nə edirsiniz?” Dedim ki, əsgərlikdəyik, qastrola gəlmişik. Böyüklük göstərib pul vermək istədi. Dedim, hər şeyimiz var, təşəkkürümü bildirib götürmədim. Soruşdum: “Bakıya nə vaxt qayıdacaqsınız?” Bir-iki günə gedəcəkdi, biz isə hələ iki həftəyə. Eyni mehmanxanada qalırdıq, əla söhbətlərimiz oldu, deyib-gülürdük. Atama köynək və tufli almışdım. Vaqifdən xahiş etdim ki, Bakıda ona çatdırsın. Dedi: “Baş üstə!” Atamla çox yaxın dost idilər.

(Söhbətin bu yerində Cahangir müəllim telefonunda mənə əvvəla Oqtay Zülfüqarovla rus bəstəkar Dmitri Şostakoviçin Moskvada çəkilmiş fotosunu göstərir)

– Dmitri Şostakoviç öz məqalələrindən birində yazır: Moskvada gənc bəstəkarların konserti keçirilirdi. 2 saatlıq konsert məni yormuşdu. Birdən növbəti ifa elan olundu: Oqtay Zülfüqarovun “Fortepiano triosu”. İlk notdaca ayıldım, axıradək diqqətlə, heyranlıqla qulaq asdım. Belə parlaq musiqi eşitməmişdim! Müəlliflə tanış olmaq istədim”.

(İkinci şəkli – fleyta ifaçılarının kollektiv fotosunu göstərir. Aşağı sırada oturanlardan soldan birinci Vaqif Mustafazadənin anası Zivər xanım, onun yanında isə Oqtay Zülfüqarovun anası Leyla xanımdır)

– Çox əla fotodur.
– Mənim qızım Əminə də fleyta ifaçısıdır, Dövlət Simfonik Orkestrində çalışır. Nəvəm də fleytaçıdır. ABŞ-də “Karnegi” zalında ifa edib, birinci yeri tutub.

– Necə ki, sizin əsəriniz də “Karnegi”də çalınıb.
– Bəli.

(Bəstəkar Oqtay Zülfüqarov və nəvəsi, fleyta ifaçısı Əminə Zülfüqarova)
– Yeri gəlmişkən, müasir musiqiçilərimiz haqqında fikirləriniz maraqlıdır.
– Çox istedadlı gənc bəstəkarlarımız var, amma…
– Sanki nəsə çatmır, düz gəlmir, hə?

(Cahangir müəllim yenidən royal arxasına keçir, müasir klassik musiqiyə bənzəyən bir şey çalır, necə ahəngsiz və ruhsuz səsləndiyini vurğulayır)

– Deyə bilərik ki, belə musiqinin kökü yoxdur.
– Hə, nəsə alınmır. Əsl musiqi nəsə deməlidir. Bu cür musiqi isə çox təriflənir, haqqında çox danışılır, amma necə deyərlər, “kral çılpaqdır”. Təkcə musiqidə yox, çox sahədə vəziyyət oxşardır. Deyək, pis musiqiyə qulaq asırsan, bəyənməyib, söndürürsən. Pis cərrah isə öz səhv hərəkəti ilə kiminsə həyatını “söndürür”. Yeri gəlmişkən, tibbdə musiqi ilə müalicə üsulları var. Yaxşı musiqi bütün xəstəlikləri götürüb aparır. Pis musiqi isə, əksinə, öldürücüdür. Axırıncı simfonik əsərim “Şuşaya aparan yol” adlanır. Yubileyim münasibətilə filarmoniyada amerikalı dirijorun rəhbərliyində ifa olunub. Konsertdə şuşalı şəxslər də iştirak edirdilər. Hamının çox xoşuna gəlmişdi. Demişdilər, bu musiqidə Şuşanı gördük. Əsl musiqi məhz belədir – nəsə deməli, göstərməlidir.

(Cahangir Zülfüqarov Şuşada sənət dostları ilə)

– Müasir musiqidə bu xüsusiyyət yoxdur… Cahangir müəllim, son illər yazdığınız başqa əsərlər barədə də danışardınız.
– Atamın 90 illik yubileyinə fleyta və simfonik orkestr üçün “Ümid adası” qravürlərini həsr etmişəm. Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Dövlət Simfonik Orkestri tərəfindən çalınıb. Soruşurlar, niyə, adətən, fleyta üçün musiqi yazıram? Mən də o şəkli (nənəsi, fleyta ifaçısı Leyla xanımın kollektivlə çəkilmiş fotosu – F.H.) göstərirəm. Bu məndən asılı deyil. Düzdür, zənnimcə, skripka aləti daha yüksəkdədir, amma ürəyim fleytaya bağlıdır…

– Siz filmdə də çəkilmisiniz.
– İki filmdə. İkisində də yəhudi personajı oynayıram: biri“Qanun naminə” serialının ikinci hissəsindəəntiq əşya dükanının müdiri Lerner, digər isə“Xeyirlə şərin rəqsi” filmindəhəkim Milman. Serialda Lernerin əhvalatı olmuş hadisədir.

(Cahangir Zülfüqarov "Qanun naminə" serialında "Lerner" rolunda)

– Necə oldu, filmə çəkildiniz? Sizə təklif etdilər?
– Kinostudiyanın “ştatdankənar yəhudisi” idim (gülür). “Lerner” rolu təklif olunanda çox təəccüblənmişdim. Dedim, neçə-neçə aktyor var, çoxu da işsiz qalıb.

– Yəqin, simanızı rola uyğun biliblər.
– Hə, rejissor dedi, sifətim ona maraqlı gəlib, serialda mütləq məni çəkəcək (gülür).

– Sonralar “Xeyirlə şərin rəqsi” filmində çəkildiniz.
– Epizodik rolda. “Qanun naminə”nin ikinci hissəsi isə bütövlükdə “Lerner”in üzərində qurulub. Bir əhvalat da danışım. Seriala çəkildiyim vaxt qaynım, xalq artisti Məbud Məhərrəmov evə zəng vurubmuş. Yoldaşım deyib ki, Cahangir çəkilişdədir. Səhəri gün yenə zəng vurub, yoldaşım yenə həmin cavabı verib. Üçüncü dəfə də – eyni. Məbud söyləyib: “Cahangir məni axtarsa, de ki, musiqi yazıram” (gülür). Bir dəfə Məbudu reklam çəkilişi üçün kastinqə dəvət etmişdilər, mən də getmişdim. İçəri 60 nəfər vardı. Rejissor məni görəndə dedi: “Olar, sizi də çəkək?” Çaşıb qaldım. Sözün qısası, o reklamda da çəkildim.

– Deməli, reklamda da çəkilmisiniz.
– Təsadüfən. Heç ağlıma da gəlməzdi. Məbudla kastinqə yolüstü getmişdim. Belə alındı, Məbudu yox, məni çəkdilər (gülür).
– Gözəl söhbət üçün çox minnətdaram .
– Buyurun.

Müsahibəni götürdü: Firudin Həmidli
AzVision.az
Seçilən
122
3
azvision.az

4Mənbələr