AZ

Samirə Həsənova: Dərs oxumayan uşaqların heç də hamısı tənbəl deyil MÜSAHİBƏ

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 mart, AZƏRTAC

Son aylarda valideynlərdən ən çox eşidilən cümlə budur: “Uşağım dərs oxumaq istəmir.” Bu, həqiqətən tənbəllikdir, yoxsa görünməyən öyrənmə çətinliyinin siqnalı? AZƏRTAC-ın müxbiri mövzu ilə bağlı təhsil eksperti, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Samirə Həsənova ilə söhbətləşib.

– Valideynlər bəzən deyirlər ki, “uşağım ağıllıdır, amma dərs oxumur”. Bu vəziyyəti necə izah edərdiniz?

– Sözün düzü, müraciətlər zamanı mən də belə ifadələr eşidirəm. Gəlin məsələnin məğzinə diqqət edək. Əksər hallarda valideyn nəticəni görür – övladı dərsdə oturmur, tapşırığı yarımçıq saxlayır və tez yorulur. Ona görə də adətən belə nəticə çıxarılır: uşaq tənbəldir. Halbuki pedaqoji baxımdan istəksizlik hər zaman intizam problemi deyil. Bəzən uşaq bacarmadığı üçün geri çəkilir.

– Yəni “dərs oxumur” ifadəsinin arxasında başqa səbəblər ola bilər?

– Əlbəttə. Məsələn, uşaq oxuyarkən səsləri qarışdırırsa, yazarkən tez yorulursa, riyaziyyatda eyni səhvləri təkrar edirsə və ya mövzunu anlamaq üçün dəfələrlə izaha ehtiyac duyursa, bu zaman problem motivasiya deyil, öyrənmə mexanizminin fərqli formada işləməsi ola bilər. Belə vəziyyətdə əslində şagird dərsdən yayınmır, çətinlikdən qaçır.

– Bu, öyrənmə çətinliyi ilə bağlı ola bilərmi?

– Bəli. Xüsusi öyrənmə çətinlikləri – disleksiya, disqrafiya, diskalkuliya – erkən mərhələdə əksər hallarda “tənbəllik” kimi görünür. Uşaq yaşıdlarından daha çox səy göstərir, amma nəticə zəif olur. Təkrar uğursuzluq isə özünəinamı azaldır. Biz buna pedaqogikada “ikinci motivasiya itkisi” deyirik. Əvvəl akademik çətinlik yaranır, sonra psixoloji istəksizlik formalaşır.

– Valideynlər bunu necə fərqləndirə bilər?

– Əgər çətinliklər 2–3 ay davamlı xarakter daşıyırsa, uşaq yalnız konkret bacarıqda geri qalırsa və ev tapşırığı ailədaxili gərginliyə çevrilibsə, bu zaman mütəxəssis rəyinə ehtiyac var. Erkən pedaqoji qiymətləndirmə çox vacibdir. Çünki vaxtında müdaxilə olunduqda problem dərinləşmir.

– Təzyiq motivasiyanı artıra bilərmi?

– “Oxumasan gələcəyin olmayacaq” tipli cümlələr şagirdin özünəinamını zədələyir, təzyiq travma da formalaşdıra bilər. Ən təhlükəli mərhələ şagirdin özünü “bacarıqsız” hesab etməsidir. Bu yalnız dərsə deyil, şəxsiyyət inkişafına da təsirini göstərir.

– Çıxış yolu nədir?

– Məcburiyyət yox, uyğunlaşdırma. Hər uşaq eyni üsulla öyrənmir. Bəzən daha çox tapşırıq deyil, daha uyğun üsulun seçilməsi zərurətə çevrilir. Vizual, auditor, sensor dəstək, mərhələli izah, qısa fasilələrlə çalışma və kiçik nailiyyətlərin qeyd olunması motivasiyanı bərpa edir, həmçinin öyrənmə çətinliyinin azalmasına zəmin yaradır. Əsas məqsəd uşağı məcbur etmək yox, qələbə qazanmaq, uğur əldə etmək, özünəinam, bacarıqlı, yetərli olmaq hissini geri qaytarmaqdır.

– Valideynlərə tövsiyəniz?

– Övladınıza “dərs oxumursan” deməzdən əvvəl onu diqqətlə müşahidə edin, nə zaman və harada çətinliklə qarşılaşdığını müəyyənləşdirin. İstəksizlik həmişə səbəbsiz olmur. Bəzən uşaq səssizcə kömək istəyir, disleksiya əlamətləri SOS həyəcan siqnalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
azertag.az

2Mənbələr