Bakı, 4 mart, AZƏRTAC
Avropa Komissiyası Slovakiya və Macarıstanın “Drujba” kəməri vasitəsilə neft tədarükünü bərpa etmək istəyində haqlı olduğunu etiraf edib və bu məsələ ilə bağlı Ukraynaya təzyiq göstərməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso bu barədə jurnalistlərə deyib. “Brüsseldə hər kəs Slovakiya və Macarıstanın haqlı olduğunu başa düşüb, çünki “Drujba” kəməri Avropa İttifaqını neftlə təmin etməyin yeganə yoludur. Qətərin maye qaz tədarükünü dayandırması və Hörmüz boğazında təhlükəsizlik risklərinin artması hamını “Drujba” boru kəmərinə ümidlə baxmağa vadar edib. Hazırda Avropa Komissiyasının Ukraynaya təzyiqinin şahidi oluruq”, - deyə Baş nazir bildirib.
Robert Fitsonun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Drujba” boru kəməri vasitəsi ilə neft tədarükünün bərpası üçün Vladimir Zelenski ilə danışıb.