AZ

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır

Bu günlər dünya ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəlib. Bakı bu dəfə də nüfuzlu beynəlxalq tədbirin keçirildiyi məkana çevrilib.

Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın mötəbər qurumların tədbirlərnin keçirilməsi üçün zəngin təcrübəyə malik olmasından xəbər verir. Bu tədbirlər Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlığı bir daha nümayiş etdirir.

 Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen də bunu təsdiqlədi. Qeyd edildi ki, Azərbaycanın əsas enerji layihələri Avropaya yönəlib və onlar Azərbaycanla Avropa İttifaqının enerji üzrə strateji tərəfdaşlığını şərtləndirir. Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq və təbii ki, bu da Azərbaycan iqtisadiyyatında struktur transformasiyaya təkan verəcək.

Toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, o cümlədən 49 enerji şirkətin, həmçinin nazirlərlərin, nazir müavinlərinin və digər yüksək səviyyəli nümayəndələrin iştirakı tədbirin yüksək nüfuzlu olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin iclasdakı çıxışı beynəlxalq aləmdə böyük maraqla qarşılandı. Dövlətimizin başçısı birlikdə toplaşmağın və məhz enerji təhlükəsizliyinə dair mühüm məsələlərin müzakirə yolu ilə həll etməyin vacibliyindən söhbət açdı. Məşvərət Şurasının illik iclasında enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində birgə əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcəkdə birgə əməkdaşlıq etmək nəzərdən keçirildi. Onu da qeyd edək ki, bu təşəbbüs 12 il əvvəl ölkəmiz tərəfindən irəli sürülmüş və bu müddət ərzində enerji təhlükəsizliyinə dair mühüm məsələləri birlikdə müzakirə yolu ilə həll etməyin zəruriliyi özünü açıq şəkildə büruzə verib. Bu müddət ərzində müəyyən problemlərin və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması reallığa çevrilmişdir.

Azərbaycan 12 ölkəyə qaz tədarük edir. Hazırda respublikamızın qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Azərbaycanın qaz təchizatı artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatıb. Ölkəmiz ilk dəfə olaraq Suriyaya qaz tədarükünə başlayıb. Bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Bu məqəsədlə Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlanılıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır.

Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlik idi. Bu istiqamətdə ölkəmizin müsbət nəticələri göz önündədir. Bu ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı da bunun təsdiqidir Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, ölkəmizin malik olduğu potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. Qarşıda daha mürəkkəb layihələrin reallaşdırılacağı planlaşdırılıb. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlar da mövcuddur. Bu istiqamətdə artıq imzalanmış müqavilələr öz həllini gözləyən vacib məsələlərdəndir. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şərait təmin olunacaq. Bütün bunlar bu yaxınlarda Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir.

Prezident İlham Əliyev dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının Azərbaycanla strateji tərəfdaşlığından söhbət açaraq dedi ki, bu tərəfdaşlıq nəzərdə tutulan planlarımızın gerçəkləşdirilməsində zəmin yaradır. Dövlətimizin başçısı hidroelektrik stansiyalarından Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunduğunu diqqətə çatdırdı. Təbii ki, bütün ölkələr planetin təhlükəsiz və təmiz olmasını arzulayır. Cəmiyyət iqlim dəyişikliyinin fəsadlarını görmək istəmir. Bütün bu məsələlər tədbirdə müzakirə olundu və vəziyyətdən çıxış yolları müzakirə olundu.

Hazırda Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda ölkəmiz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün infrastruktura malikdir. Ölkəmizin bu yaxınlarda Türkiyədə ən böyük - 870 meqavat gücündə elektrik stansiyalarından birini əldə etməsi, ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanması Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsidir. Göründüyü kimi, respublikamızın bu istiqamətdə qazandığı uğurlar yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin də əldə olunması böyük uğur hesab olunmalıdır.

Bu tədbirlərdə səslənən fikirlər bir daha təsdiqlədi ki, hazırda Azərbaycan Avropa İttifaqının enerji üzrə strateji tərəfdaşlığını şərtləndirən əsas ölkələrdən birinə çevrilib.


Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, “Şöhrət” ordenli

Seçilən
41
1
ekologiya.az

2Mənbələr