AZ

Neft bahalaşsa da, Rusiya sata bilmir... Dron zərbələri və hava şəraiti ixracı məhdudlaşdırıb

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-İsrail alyansının İrana qarşı başladığı müharibə dünya bazarında neftin qiymətinin kəskin artmasına baxmayaraq, Rusiya bu fürsətdən yararlana bilməyib. Səbəb kimi Ukrayna dron hücumları və əlverişsiz hava şəraiti göstərilir.

“AzPolitika” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Novorossiysk limanındakı “Şesxaris” neft terminalı martın 2-də yükləməni dayandırıb. Ukrayna pilotsuz aparatlarının hücumu nəticəsində yanacaq terminalında yanğın baş verib, onlarla bina zədələnib.

Martın 3-də dünya bazarında neft qiymətləri təxminən 8 faiz yüksəlib və artım artıq üçüncü gündür davam edir. Buna səbəb ABŞ və İsrailin İranla qarşıdurmasının kəskinləşməsi fonunda Yaxın Şərqdən enerji tədarükü ilə bağlı risklərin artmasıdır.

Bu vəziyyət tədarük zəncirində mümkün fasilələrlə bağlı narahatlıqları gücləndirib.

Rusiya federal büdcəsinin gəlirlərinin təxminən dörddə biri neft və qaz sektorundan formalaşır. Lakin ixracın məhdudlaşması səbəbindən gəlirlərin azalması büdcə kəsirini dərinləşdirir.

Martın 2-də Baltik limanlarında “Urals” markalı Rusiya neftinin qiyməti 51,6 dollara yüksəlib. Treyderlər qiymət artımının davam edəcəyini gözləsələr də, ixracatçılar həcmləri artırmaq imkanından məhrum qalıblar.

Mənbələrin məlumatına görə, “Şesxaris” terminalının fəaliyyətinin ən tez martın 5-6-da bərpa ediləcəyi gözlənilir.

İxracın bir hissəsini Primorsk və Ust-Luqa limanlarına yönəltmək də mümkün olmayıb. Treyderlərin sözlərinə görə, sərt buz şəraiti gəmilərin yükgötürmə imkanlarını kəskin azaldıb.

Bundan əlavə, Avropa ölkələri “kölgə donanması” adlandırılan və Rusiya neftini daşıyan tankerlərə qarşı nəzarəti gücləndirib. Bu gəmilər adətən qeyri-şəffaf mülkiyyət strukturuna malik olur və təhlükəsizlik standartlarını pozur.

Neft tədarükünü Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə artırmaq imkanları da hava şəraiti səbəbindən məhdudlaşıb. Üstəlik, kəmərin əhəmiyyətli hissəsindən Qazaxıstan istifadə edir.“Tengiz” yatağında hasilatın bərpası bu yüklənməni artırır.

Eyni zamanda, Uzaq Şərq istiqamətində ixrac artmaqdadır. Mart ayında Kozmino limanı vasitəsilə gündəlik təxminən 1 milyon barel neft yüklənməsi gözlənilir ki, bu da rekord səviyyəyə yaxındır.

ABŞ və İsrailin İranla müharibəsi fonunda enerji bazarlarında risklər artmaqdadır. “Bernstein” şirkəti 2026-cı il üçün “Brent” markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 65 dollardan 80 dollara qaldırıb. Şirkət uzunmüddətli münaqişə halında qiymətlərin 120-150 dollaradək yüksələ biləcəyini istisna etmir.

Eyni zamanda, Yaxın Şərqdə gərginliyin artması Avropada qaz qiymətlərinin də kəskin bahalaşmasına səbəb olub. Bu isə Avropa ölkələrinin Rusiya enerji resurslarından imtina prosesini daha da çətinləşdirə bilər.

Beləliklə, qlobal qiymət artımı Moskva üçün əlavə gəlir imkanı yaratsa da, hərbi risklər, hava şəraiti və logistika problemləri səbəbindən Rusiya bu imkandan tam yararlana bilmir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr