AZ

Beynəlxalq enerji təchizatında praqmatik strategiya və etibarlılıq nümunəsi ŞƏRH

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanın müasir dünya nizamında, beynəlxalq münasibətlər sistemində və enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol hazırda yenidən formalaşmaqda olan qlobal enerji arxitekturasında xüsusilə önəm kəsb etməkdədir. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının keçirilməsi bu tarixi reallığın növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən enerji siyasəti ölkəmizi sadəcə regional liderə deyil, həm də qlobal miqyasda "etibarlı tərəfdaş" imici ilə seçilən bir dövlətə çevirib. Bakıda toplanan dünya dövlətlərinin nümayəndələri, Avropa Komissiyasının rəsmiləri və beynəlxalq enerji ictimaiyyətinin təmsilçiləri Azərbaycanın enerji diplomatiyasının uğurlarını və perspektivlərini müzakirə edərkən, dövlətimizin qlobal miqyasda cərəyan edən iqtisadi-siyasi proseslərin mərkəzində dayanan vacib dövlətlərdən olduğunu bir daha bəyan etdilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu və mühüm tezisləri ehtiva edən çıxışı bu günədək əldə olunan nailiyyətlərin və qarşıda duran hədəflərin dəqiq mənzərəsini yaratdı. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, bu təşəbbüsün reallaşmasından artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Bu gün Azərbaycanın enerji sahəsində qazandığı uğurlar təkcə bir ölkənin nailiyyəti deyil, geniş bir coğrafiyanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir. Prezidentin çıxışında səsləndirdiyi "Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir" faktı ölkəmizin qlobal enerji xəritəsindəki əhəmiyyətli rolunu və mürəkkəb geosiyasi şəraitdə öz öhdəliklərini tam yerinə yetirən etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.

Deputatın sözlərinə görə, Azərbaycanın enerji diplomatiyası yalnız iqtisadi mənfəət üzərində deyil, həm də humanitar və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Dövlətimizin başçısının çıxışında xüsusi vurğuladığı Suriyaya qaz tədarükü məsələsi buna ən bariz nümunədir. Prezident bu addımın humanitar əhəmiyyətini belə izah etdi: "İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Beləliklə, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik". Bu fakt Azərbaycanın xarici siyasətinin nə dərəcədə ədalətli olduğunu, enerjidən bir təzyiq vasitəsi kimi deyil, bir inkişaf və sabitlik aləti kimi istifadə etdiyini göstərir. Eyni zamanda, Avropanın enerji bazarında mövqeyini hər keçən gün daha da möhkəmləndirən Azərbaycan artıq Almaniya və Avstriya kimi nəhəng iqtisadiyyatlara da qaz nəql edir ki, bu da hazırda Avropa İttifaqının 10 üzv dövlətinin enerji balansının, həmçinin Azərbaycan resursları hesabına tənzimlənməsi deməkdir.

“Azərbaycanın gələcək planları hasilat həcmlərinin artırılması və strateji infrastrukturun genişləndirilməsi ilə sıx bağlıdır. Prezident İlham Əliyev bildirib ki, cari ildə "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir və yaxın iki-üç ildə "Abşeron" yatağının tammiqyaslı işlənməsi hasilatı üç dəfə artıracaq. Bu, Azərbaycanın təkcə bugünkü deyil, həm də gələcək onilliklərin enerji ehtiyaclarını qarşılamağa hazır olan dövlətlərdən biri olduğunu sübut edir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensenin çıxışı da bu reallığı tamamlayır. Komissar açıq şəkildə bəyan etdi ki, bir mənbədən asılılığını sürətlə azaldan Avropa üçün Azərbaycan ən etibarlı və inanılan tərəfdaşdır. Prezident isə bu uğurlu yolun sirrini belə xarakterizə etdi: "Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir".

Lakin Azərbaycanın rolu təkcə karbohidrogen ehtiyatları ilə məhdudlaşmır. Ölkəmiz hazırda yaşıl enerji gündəliyinin formalaşmasında da mühüm rol oynayır. Prezident İlham Əliyev bu məsələdə olduqca realist və praqmatik bir yanaşma ortaya qoyub. Azərbaycan bu realizmi konkret layihələrlə dəstəkləyir; ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması onun məsuliyyətli dövlət imicini daha da gücləndirir. Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiya ilə qurulan yaşıl enerji dəhlizləri Azərbaycanı Avropanın ekoloji təmiz enerji təhlükəsizliyinin təmin edilməsində rolunu önə çıxarır.

Azərbaycanın həm də etibarlı tranzit ölkəsi olması Xəzərin şərq sahillərindəki dövlətlər üçün dünya bazarlarına çıxış qapısı rolunu möhkəmləndirir. Ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi artıq öz sərhədlərini aşıb və qlobal bir reallığa çevrilib. Bakıda keçirilən bu yüksək səviyyəli toplantılar bir daha sübut etdi ki, Azərbaycan dövlətinin yürütdüyü müstəqil, şəffaf və qarşılıqlı faydaya əsaslanan siyasət onu həm ənənəvi, həm də yeni enerji dövrünün ən etibarlı limanı və strateji tərəfdaşına çevirib”, - deyə Zaur Şükürov vurğulayıb.

Seçilən
41
1
azertag.az

2Mənbələr