AZ

Rizvan Fikrətoğlu: “Əgər uşaq hər gün 3 4 saatını ev tapşırığına sərf edirsə, bu sistemdə bir problem var deməkdir”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ev tapşırıqları illərdir təhsil sisteminin ayrılmaz hissəsi hesab olunur. Bu mövzu ətrafında müzakirələr heç vaxt səngimir. Bir tərəf hesab edir ki, tapşırıqlar məsuliyyət hissini gücləndirir və öyrənilən mövzunu möhkəmləndirir. Digər tərəf isə düşünür ki, həddindən artıq yük uşaqlarda yorğunluq, stress və dərsə qarşı marağın azalmasına səbəb olur. Bəzi hallarda əlavə vəsaitlərin alınması, əlavə tapşırıqların verilməsi də bu yükü artırır. Hətta bəzən valideynlərin özləri daha çox tapşırıq verilməsini tələb edirlər.Ev tapşırıqları uşaqları daha çox yorur, yoxsa onların inkişafına dəstək olur?

Təhsil eksperti Rizvan Fikrətoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ibtidai siniflərdə qısa və məqsədli tapşırıqlar uşağın öyrənmə vərdişlərini düzgün istiqamətdə qurur: “Mən düşünürəm ki, ev tapşırığı məsələsinə emosional deyil, ölçü və məqsəd əsaslı yanaşmaq lazımdır. “Çoxdur - pisdir”, “azdır - yaxşıdır” kimi yanaşmalar doğru deyil. Əsas sual tapşırığın necə və nə qədər verilməli olmasıdır.

Ev tapşırığının inkişaf etdirən tərəfləri var. Düzgün planlaşdırılan tapşırıq mövzunu möhkəmləndirir, müstəqil işləmə bacarığını artırır, vaxt bölgüsünü öyrədir və məsuliyyət hissini formalaşdırır. Xüsusilə ibtidai siniflərdə qısa və məqsədli tapşırıqlar uşağın öyrənmə vərdişlərini düzgün istiqamətdə qurur. Orta və yuxarı siniflərdə isə analiz və tətbiqyönümlü tapşırıqlar şagirdin düşünmə qabiliyyətini inkişaf etdirə bilər.

Ancaq burada əsas şərt var: tapşırıq sadəcə təkrar deyil, düşünmə tələb edən olmalıdır. Həddindən artıq yük isə mənfi nəticələr doğurur. Çox tapşırıq yorğunluq və stress yaradır, dərsə qarşı marağı azaldır, ailədaxili gərginliyə səbəb ola bilər. Eyni zamanda uşağın istirahət və sosial vaxtını əlindən ala bilər.

Xüsusilə repetitor sisteminin güclü olduğu ölkələrdə - məktəb, kurs və əlavə vəsaitlərin kombinasiyası uşağın üzərində ikiqat məsuliyyət yaradır. Bu isə artıq inkişaf deyil, tükənmə riski deməkdir. Təəssüf ki, Azərbaycan təhsilində də bu problem müəyyən dərəcədə müşahidə olunur.

Əsas problem ev tapşırığının özü deyil. Problem normanın olmaması, fənlər arasında koordinasiyanın zəifliyi, “çox tapşırıq = keyfiyyətli təhsil” kimi yanlış düşüncə və bəzi valideynlərin həddindən artıq nəticəyönümlü yanaşmasıdır. Bəzi valideynlər daha çox tapşırıq tələb edirlər, lakin çoxluq hər zaman keyfiyyət demək deyil. Əksinə, bu, uşağın daxili motivasiyasını zəiflədə bilər”.

Rizvan Fikrətoğlu

Rizvan Fikrətoğlu qeyd edib ki, ev tapşırığı məsələsində əsas məsələ miqdar, keyfiyyət və məqsəddir: “Ümumiyyətlə, beynəlxalq təcrübəyə də nəzər salmaq istərdim. Araşdırmalar göstərir ki, ibtidai sinif şagirdləri ev tapşırığına gündə orta hesabla 30–60 dəqiqə vaxt ayırmalıdır. Orta siniflərdə bu müddət 1 saatdan 1,5 saata qədər arta bilər. Yuxarı siniflərdə isə ev tapşırığının 2 saatdan artıq olmaması tövsiyə edilir. Əgər uşaq hər gün 3-4 saatını ev tapşırığına sərf edirsə, burda artıq sistemdə bir problem var deməkdir.

Ev tapşırığı uşağı həm yorub tükəndirə, həm də inkişaf etdirə bilər. Burada əsas məsələ miqdar, keyfiyyət və məqsəddir. Əgər tapşırıq ölçülüdürsə, düşünmə tələb edirsə və uşağın yaş xüsusiyyətlərinə uyğundursa, bu, onun inkişafına müsbət təsir göstərir. Lakin tapşırıq həddindən artıq çoxdursa, sadəcə mexaniki təkrar xarakteri daşıyırsa və uşağın sosial həyatını, istirahət vaxtını əlindən alırsa, artıq faydadan çox zərər verə bilər.

Bu məqamda Nizami Gəncəvinin məşhur fikri yada düşür:

"Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da".”

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
118
bizimyol.info

1Mənbələr