AZ

İranın kənd təsərrüfatı məhsullarının ixracına qadağa tətbiqi regionda ərzaq tədarükü və qiymətlərə təsir edə bilər

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran hökuməti martın 3-dən etibarən ərzaq və kənd təsərrüfatı məhsullarının, o cümlədən yumurta, pomidor, xurma və kartof kimi əsas qidaların ixracına qadağa qoyub və bu qadağa geri götürülənə qədər qüvvədə qalacaq. Məqsəd bazarda qiymətləri tənzimləmək və daxili tələbatı təmin etməkdir və bu qərar ölkə daxilində ərzaq təhlükəsizliyini prioritetləşdirir. Bu addım əvvəlki məhdudlaşdırmalardan daha geniş şəkildə bütün ərzaq ixracını əhatə edir.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran artıq beşinci gündür müharibə şəraitindədir və müharibə dövrünün şərtlərinə uyğun qərarlar qəbul etmək məcburiyyətindədir. Politoloqun fikrincə, məhz İrandan ərzaq məhsullarının ixracına qoyulan qadağa da bununla əlaqələndirilməlidir, çünki savaş dönəmində ölkənin bütün ehtiyatlarının ölkə daxilində qorunması və saxlanılması vacibdir: “Bu zaman həm də ərzaq təhlükəsizliyi və əhalinin ərzaqla təminatı məsələsi prioritet məsələlərdən biri kimi diqqətə alınmalıdır. Bu baxımdan atılan addım anlaşılandır”.

Oqtay Qasımov

Oqtay Qasımov qeyd edib ki, İranın atdığı addım, regionda ərzaq tədarükü və qiymətlərə təsir edə bilər: “İranın region ölkələri ilə ticarət əməkdaşlığı var. Bu ixracların içərisində İran tərəfindən həm də ərzaq məhsulları da üstünlük təşkil edir. Bu baxımdan region ölkələrində bazara müəyyən qədər təsir edəcək. Az miqdarda olsa da, bahalaşmalar olacaq. Xüsusilə də, bu, Ermənistanda özünü daha çox göstərməlidir. Çünki Ermənistanın İranla ticarət dövriyyəsi bizimkindən daha çoxdur və burada daha çox İrandan ixrac malları üstünlük təşkil edir”.

Politoloq bildirib ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsi 644,1 milyon ABŞ dolları həddindədir: “Burada ərzaq məhsulları və digər məhsulların idxalı həyata keçirilir. İran tərəfindən malların idxalına qoyulan məhdudiyyətlər bazarda müəyyən qiymət dəyişmələrinə gətirib çıxaracaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr