AZ

​​​​​​​AQTA təhsil müəssisələrinin qida bloklarında yoxlamalar aparacaq

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə uşaqların sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi məqsədilə təhsil müəssisələrində tətbiq olunan orta sutkalıq qida normalarına uyğun olaraq qida məhsullarının istifadəsinə dair məhdudiyyətlər müəyyən edilib.

Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib. 

Müəyyən olunmuş tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların istifadəsi qadağandır:

Sıra

№-si

Təhsil müəssisələrində qadağan edilən qida məhsulları

1

Termiki emala cəlb edilməmiş, içalatı təmizlənməmiş ət, quş əti və balıq məhsulları (başı kəsilməmiş balıq), çiy hisə verilmiş qastronomiya tipli ət məhsulları (o cümlədən çiy hisə verilmiş kolbasa)

2

Sub məhsullar və sub məhsullardan hazırlanmış bütün növ qida məhsulları

3

Vəhşi heyvanların əti, çöl quşlarının əti və yumurtası

4

Qabığı çirkli və zədələnmiş yumurta

5

Ev şəraitində hazırlanmış bütün növ qida məhsulları (bayram və ad günləri daxil olmaqla)

6

Pasterizə və ya sterilizə edilməmiş, bitki yağı əlavə edilməklə hazırlanmış süd və süd məhsulları (o cümlədən dondurma), habelə tərkibində etanolun miqdarı 0,5%-dən artıq olan turş süd məhsulları

7

Yağlılığı 2,5%-dən az və 3,5%-dən çox olan südlü içkilər

8

Palma, pambıq, raps (kanola) bitkilərindən əldə edilən yağlar

9

Hidrogenləşdirilmiş yağlar və piylər, marqarinlər (çörək-bulka və qənnadı məmulatlarının bişirilməsində istifadə istisna olmaqla)

10

Fritür yağlarda qızardılmış qida məhsulları

11

Sirkə, xardal, qıtıqotu, acı bibər, qırmızı, qara istiot

12

Acı souslar, ketçup, mayonez

13

Konsentrasiya və ekstraksiya edilmiş meyvə şirələri, kvas, qazlı içkilər, tonuslandırıcı içkilər (o cümlədən enerji içkiləri), qəhvə

14

Göbələklər və onlardan hazırlanmış məhsullar (o cümlədən kulinariya məhsulları)

15

Ərik tumunun ləpəsi, araxis

16

Kremli qənnadı məmulatları (şirniyyatlar və tortlar)

17

Karamel, o cümlədən şüşə karamel

18

Qayğanaq (omlet istisna olmaqla)

19

Quru qida konsentratlarından hazırlanmış qidalar, o cümlədən quru süd və tez hazırlanan qidalar

20

Çipslər və oxşar məzələr

21

Saqqız

22

Birdəfəlik istifadə üçün nəzərdə tutulan çaylar

   

Qeyd edək ki, təhsil müəssisələrinin rəhbərləri, eləcə də qida təchizatçıları müəyyən olunmuş normalara ciddi riayət etməlidir. Təhsil müəssisələrində qidalanmanın təşkili və məhsulların keyfiyyətinə nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən davamlı olaraq monitorinqlər keçiriləcək. Yoxlamalar zamanı müəyyən olunmuş uyğunsuzluqlarla bağlı qanun çərçivəsində tədbirlər görüləcək.

AQTA fürsətdən istifadə edərək, valideynlərə təhsil müəssəsinin bufetində qadağan edilmiş məhsullarla rastlaşdıqları təqdirdə Agentliyin “1003-Çarğı Mərkəzi”nə müraciət etmələrini tövsiyə edir.

Seçilən
34
unikal.az

1Mənbələr