
Novruz bayramı yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur və bu, ənənəvi olaraq qiymət artımı müzakirələrini yenidən gündəmə gətirir. Xüsusilə gündəlik tələbat və ərzaq məhsullarında bahalaşma ilə bağlı narazılıqlar artır. Bəs hansı məhsulların qiyməti bahalaşacaq?
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Missiya.Az-a danışıb.
O bildirib ki, Novruz bayramı ərəfəsində qiymətlərin əsasən tələbatın artdığı məhsullar üzrə yüksəlməsi gözləniləndir.
"Bu siyahıya un, çörək, yumurta, süd məhsulları, pendir, kəsmik, müxtəlif şirniyyatlar, quru meyvələr, qoz-fındıq və meyvə-tərəvəz daxildir".
Ekspert qeyd edib ki, bayram süfrəsində geniş istifadə olunan ədviyyatlar, çay, qəhvə və ət məhsullarında da qiymət artımı müşahidə oluna bilər.
"Qiymətlərin səviyyəsi və artımın davametmə müddəti bazarın mövcud vəziyyətindən, yerli istehsalın həcmi və idxal imkanlarından, eləcə də dövlət tənzimləmələrindən birbaşa asılıdır",- deyə o əlavə edib.
Seyranə Quliyeva
Missiya.Az