AZ

“Avropa ölkələrində insanlar əksər hallarda marketlərə öz torbaları ilə gəlir və plastikdən minimum istifadə edirlər”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021- ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən 2023-cü il 15 fevraldan Azərbaycanda polietilen torbalar ödənişlidir. Qərarın məqsədi plastik tullantıların azaldılması və ətraf mühitin qorunması kimi izah olunur.

Sosial şəbəkədə bir vətəndaş paylaşım edərək qərara narazılığını bildirib: “Əgər məqsəd yalnız ekoloji problemin həllidirsə, biz buna razıyıq. Ancaq niyə biz sizin reklamınızı pullu etməliyik?” Vətəndaş qeyd edib ki, ya bu işi sadə edin, torbaları pulla satmayın - bütün marketlərə aiddir: “Zibildən götürülüb emal etdiyiniz torbaları bizə pulla satan şəxslər, öz reklamınızı bizim pulla edəcək qədər ucuz olmayın”.

Plastik torbaların ətraf mühitə konkret hansı zərərləri var?Ödənişli torba mexanizmi dünyada nə dərəcədə effektiv hesab olunur?

Ekoloq Sadiq Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda ümumi istehsalda plastik 20%-i ötüb və artmaqda davam edir: “Plastiklərin istifadəsi təkcə Azərbaycanda deyil, bütün dünyada ən ciddi ekoloji problemlərdən biridir. Plastik əsasən karbon və hidrogendən, yəni neft məhsullarından ibarətdir. Onun quruluşu monomer vahidlərinin polimer zəncirində birləşməsi nəticəsində formalaşır və olduqca mürəkkəb kimyəvi struktura malikdir.

Məhz bu səbəbdən plastik materialların təbiətdə parçalanması və kimyəvi çevrilməsi çox uzun illər tələb edir. Nəticədə çirklənmə uzunmüddətli və dayanıqlı xarakter daşıyır. Plastik tullantılar su və torpaq mənbələrinə ciddi ziyan vurur, yandırıldığı zaman isə atmosferə həddindən artıq ziyan verə bilər. Əgər 1969-cu ildə plastik ümumi istehsalda təxminən 1% paya malik idisə, hazırda bu göstərici 20%-i ötüb və artmaqda davam edir”.

Sadiq Həsənov

Ekoloq vurğulayıb ki, plastik torbaların təkrar utilizasiyası və emalı olduqca mürəkkəb prosesdir: “Vətəndaşın səsləndirdiyi fikirlə qətiyyən razı deyiləm. Plastik torbaların pullu edilməsi Azərbaycanda 2021-ci ildən tətbiq olunmağa başladı. Həmin torbalara 3-5 qəpik qiymət qoymaqla onların istifadəsini azaltmağa çalışdılar. Lakin təəssüf ki, gözlənilən effekt əldə olunmadı. Çünki bir çox ticarət şəbəkələrində, xüsusilə meyvə satışı olan məntəqələrdə və kiçik mağazalarda bu qaydaların tam tətbiq olunmaması nəticəsində prosesin davamı olmadığına görə effekt vermədi.

Məsələn; 2021-ci ildə ölkədə təxminən 17 min ton plastik torba istifadə olunurdusa, hazırda bu rəqəm Dövlət Statistika Komitəsinin məlumatına görə 20 min tonu keçib. Bu artım ətraf mühitin daha çox çirklənməsi və tullantı həcminin yüksəlməsi deməkdir. Nəzərə alsaq ki, plastik torba alındıqdan cəmi 5-10 dəqiqə sonra tullantıya çevrilə bilən bir məhsuldur.

Avropa ölkələrində çox müşahidə etmişəm. İnsanlar əksər hallarda marketlərə öz torbaları ilə gəlir və plastikdən minimum istifadə edirlər. Onlarla bizim əsas fərqimiz ondadır ki, onlar əvvəlcə iri marketlərdə pullu sistemi tətbiq etdilər, daha sonra bunu bütün ticarət şəbəkələrinə şamil etdilər və nəticədə istehsal və istifadə sayını ciddi şəkildə azaltdılar.

Onu da qeyd edim ki, plastik torbaların təkrar utilizasiyası və emalı olduqca mürəkkəb prosesdir və təkrar istifadə imkanları məhduddur. Mən hesab edirəm ki, gələcəkdə daha sərt addımlar atılmalıdır: qiymətlər artırılmalı, istehsal və istifadə məhdudlaşdırılmalı, eyni zamanda insanlar kağız, parça və ya özləri ilə gətirdikləri torbalardan istifadəyə stimullaşdırılmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr