AZ

Oğlu Əli Xameneinin yerinə gəldi – Azərbaycanla bağlı NƏLƏR GÖZLƏNİLİR? 

İranda ali dini lider Ayətullah Əli Xameneinin ölümündən sonra onun oğlu Müctəba Xameneinin “Məclisi Xubregan” tərəfindən yeni ali dini lider seçilməsi xəbərləri regionda ciddi siyasi müzakirələrə səbəb olub və bu qərarın İranın daxili və xarici siyasət kursuna necə təsir edəcəyi sual altındadır.

Nəzərə alsaq ki, Müctəba Xameneinin SEPAH-la yaxın əlaqələri olduğu bildirilir və onun hakimiyyətə gəlişi müəyyən mənada İran siyasi sistemində varislik modelinin formalaşması kimi də qiymətləndirilir.

Belə bir şəraitdə Tehran rəhbərliyinin region ölkələrinə, xüsusilə də Azərbaycanla münasibətlərə yanaşması necə dəyişə bilər?

Yeni ali dini liderin dövründə İran–Azərbaycan münasibətlərində gərginlik, status-kvonun qorunması, yoxsa daha praqmatik və əməkdaşlığa açıq bir xətt gözləmək olar? Bununla yanaşı, Güney Azərbaycan məsələsi, Zəngəzur dəhlizi, İsrail–Azərbaycan əməkdaşlığı və İranın Cənubi Qafqaz siyasəti fonunda Müctəba Xameneinin mümkün strategiyası hansı istiqamətdə formalaşa bilər? Ekspertlər bu dəyişikliklərin regionda qüvvələr balansına və xüsusilə Azərbaycan–İran münasibətlərinin gələcəyinə necə təsir edəcəyini necə qiymətləndirirlər?

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Azərbaycan İran–İsrail–ABŞ gərginliyinin ən pik mərhələlərində emosional ritorikadan uzaq duraraq açıq şəkildə praqmatik xətt seçdi:

“Regionda hərbi-siyasi risklərin artdığı bir vaxtda rəsmi Bakı tərəflərdən heç biri ilə münasibətləri qırmaq və ya birtərəfli mövqe sərgiləmək yoluna getmədi. Əksinə, balansı qorumağa çalışdı.

Bu çərçivədə İran səfirinin Bakıda təşəkkür ifadə etməsi və daha əvvəl İran prezidentinin Azərbaycanı sülhə çağırış və təmkinli mövqe baxımından dəyərləndirməsi diqqət çəkən məqamlardandır. Eyni zamanda Azərbaycan tərəfi İranın ali dini liderinin vəfatı ilə bağlı başsağlığı verərək humanitar və diplomatik jest etdi. Bu addım siyasi razılaşmadan çox, dövlətlərarası münasibətlərdə etik davranışın və qonşuluq prinsiplərinin göstəricisi kimi oxunmalıdır.

Azər Hüseynov qeyd edib ki, digər mühüm məqam isə Azərbaycanın öz ərazisindən üçüncü tərəfə qarşı istifadənin mümkünsüzlüyünü dəfələrlə və açıq şəkildə bəyan etməsidir:

“Azərbaycan–İran münasibətlərinin gələcəkdə daha sabit və proqnozlaşdırıla bilən xətt üzrə inkişaf etməsi mümkündür. Burada əsas amil qarşılıqlı etimadın addım-addım bərpası və təhlükəsizlik narahatlıqlarının açıq dialoq müstəvisində müzakirə olunmasıdır. Azərbaycanın mövqeyi göstərdi ki, mürəkkəb geosiyasi qarşıdurmalar şəraitində orta güclər üçün ən effektiv strategiya bloklaşma deyil, manevr qabiliyyətini qorumaqdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
10
nocomment.az

1Mənbələr