ain.az, Gununsesi portalına istinadən məlumat verir.
Milli Məclisin deputatu Fazil Mustafa parlamentin dünənki iclasında bildirib ki, Azərbaycanda nikahlar və boşanmalarla bağlı vəziyyət ürəkaçan deyil.
“Acınacaqlı durum var, ötən ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Dəhşətlisi budur ki, Bakı şəhərində qeydə alınmış nikahların 56 faizi boşanma ilə nəticələnib. 100 nəfər nikah bağlayan ailə varsa, bir il keçməmiş 56-sı boşanır. Bu, olduqca ciddi məsələdir. Bunun da bir qismində daha çox kişini ittiham edib, ağırlığı onun üzərinə qoyub, aliment kəsirlər. Bunun da sıxıntısını onlar çəkirlər.
Bir çox hallarda qadınlar tərəfindən məqsədli şəkildə ailə qurduqdan bir neçə müddət keçdikdən, bir övlad dünyaya gəldikdən sonra aliment almaq məqsədilə süni şəkildə boşanma tələbi irəli sürülür”,-deyə o əlavə edib.
Mövzu ilə Gununsesi.info-ya danışan psixoloq Nuriyyə Vidadi qızı hesab edir ki, milli kimliyimizin və ailə dəyərlərinin zəifləməsinə təsir göstərən amillərdən biri də alimentə görə boşanma və ya aliment məqsədilə qurulan evlilik hallarıdır.
“Son dövrdə maddi durumla bağlı səbəblərdən boşanmaların artdığı müşahidə olunur. Bəzi hallarda evliliklər əvvəlcədən məqsədli şəkildə planlaşdırılır və nəticədə planlı boşanmaya gətirib çıxarır.
Bir çox evliliklərin təməlində maddi maraq dayanır. Evlənir, uşaq dünyaya gətirir, sonra isə həmin uşaqdan vasitə kimi istifadə edirlər. Aliment güc nümayişinə və ya qisas alətinə çevrilir.
Halbuki aliment cəza və ya qisas vasitəsi deyil. Bu, uşağın hüququdur. Qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikdir və dövlət tərəfindən qorunan hüquq normalarından biridir.
Boşanma hallarının artmasında psixoloq və barışdırıcıların da mühüm rolu var. Onların müdaxiləsi ilə tərəflər arasında razılıq əldə edilə və vəziyyət hər iki tərəfin xeyrinə həll oluna bilər.
Hazırkı dövrdə iqtisadi gərginlik, gənclərin məsuliyyəti bərabər paylaşa bilməməsi, eləcə də hüquqi məlumatlılığın artması bu prosesə təsir göstərir. İnsanlar öz hüquqlarını daha yaxşı bildikləri üçün tələblər irəli sürə bilirlər. Lakin maariflənmə hər zaman düzgün istiqamətdə istifadə olunmur.
Boşanmalarda emosional boşluq da əsas səbəblərdən biridir. Bundan əlavə, bəzi gənclərin asan yolla pul qazanmaq istəyi, evliliyə gəlir mənbəyi kimi yanaşması və uşağı gəlir vasitəsinə çevirməsi ailə münasibətlərində sağlam təməl formalaşmasına mane olur. Nəticədə evliliklərdə emosional bağlılıq zəif olur və münasibətlər davamlı xarakter daşımır”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.