AZ

Marketlərdə saxtakarlıq: Almadığımız mala 500 milyon ödəyirik

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son vaxtar marketlərdə istehlakçıların aldadılması faktları getdikcə artır. 

Belə ki, marketlərdə məhsulun qiymətinin rəflərdə endirimlə göstərilməsinə baxmayaraq, kassada hesablanarkən yüksək rəqəmin qeyd edilməsi, yaxud kassa aparatında məhsullar hesablanarkən əlavə məhsul vurulması, eləcə də boş çeklərin təqdim edilməsi, həmçinin istehlak müddəti keçmiş məhsulların yenidən alıcılara tədim edilməsi kimi faktlar var. 

Hətta bununla bağlı Milli Məclisin iclasında deputat Azay Quliyev bildirib ki, son vaxtlar vətəndaşların marketlərlə bağlı şikayətləri artır: 

“Xüsusilə də məhsulların üzərindəki qiymətlərin kassalarda fərqli çıxması ciddi narazılıqlar yaradır”.

Deputat bu cür nöqsanlara yol verən marketlərin cəzalandırılmasını təklif edib: 

“Aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi araşdırmalar aparmalıdır. Nöqsanlar aradan qaldırılmalı və bu səhvə yol verənlər cəzlalandırılmalıdır”.

Bu gün marketlərdə “aldatma əməliyyatlarının” artdığını nəzərə alsaq, bu, istehlakçı hüquqlarının pozulması deyilmi və  problem niyə öz həllini tapmır?  

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, millət vəkilinin son vaxtlar vətəndaşların marketlərlə bağlı şikayətlərinin artması, xüsusilə də məhsulların üzərindəki qiymətlərin kassalarda fərqli çıxmasının ciddi narazılıqlar yaratması fikri ilə tam razıdır: 

“Artıq 10 ilə yaxındır ki, Azərbaycandakı marketlərdə süni qiymət artımı, istehlakçıların hüquqlarının pozulması, aldatma baş verir. Marketlərdə müasir qurğular qurulur və əgər bir neçə il öncə alıcıları üzbəüz olaraq aldadırdılarsa, indi  qurğular vasitəsilə aldadırlar.

Hər gün bu barədə AİB-ə istehlakçı zəngləri daxil olur.  Yəni marketdə rəflərdə məhsulun qiymətinin  aşağı olması, sonra isə kassada yüksək qiymətin tətbiq edilməsi ilə bağlı müraciətlər var. Bu, böyük istehlakçı problemidir".

Bundan başqa, kartla ödəniş zamanı istehlakçının almadığı malların yazılması, marketlərin içərisində olan meyvələrin satıldığı hissədə bilərəkdən istehlakçıların aldadılması halları var:

"Məsələn, kassa çekində göstərilib ki, vətəndaş 86 qəpiyə badımcan alır, ancaq  ekzotik bir meyvənin qiymətini, yəni 36 manat yazılır. Bunların hamısı bilərəkdən baş verir. Xüsusilə də almadığı malın yazılması kartla ödənişdə baş verir. İstehlakçı çox sayda mal alanda, onun almadığı malı da yazırlar. 

Şəxsən mən şəhərin mərkəzində yerləşən bir marketdə bir ildə 100 manata qədər aldatma cəhdini müşahidə etmişəm. AİB-ə gələn şikayətləri ümumiləşdirsək, bir ildə Azərbaycan istehlakçıları almadıqları mal üçün 500 milyon manat  ödəyirlər. O ki qaldı rəfdə məhsulun qiymətinin aşağı olub, kassada yuxarı olmasına, bu, ən geniş yayılmış süni qiymət artımıdır”. 

Belə halda istehlakçının necə hərəkət etməsinə gəldikdə, AİB sədri deyir ki, istehlakçı kassadan ayrılmadan kassa qəbzinə baxmalıdır: 

“Burada fərqi gördükdə, kassa qəbzini özündə saxlamaqla, yenidən qayıdıb malın və qiymətinin şəklini çəkməlidir.  Gəlib kassada iradını bildirməlidir. Həmin dəqiqə deyəcəklər ki, səhv etmişik, yadımızdan çıxıb. 

Rəfdəki qiymətlə məhsulu yenidən hesablayacaqlar. İstehlakçı o qəbzi də götürüb, ikisinin də şəklini çəkməlidir. Əgər istəsə ki, problemi kökündən yerində həll etsin, marketin işilərindən birini çağırıb iradını bildirməlidir. Həmin dəqiqə o qiyməti dəyişəcəklər. 

Əgər vətəndaş fəallıq göstərmək istəyirsə, 012-599- 76-00 telefonu ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verməlidirlər ki, orada yoxlama keçirilsin. Çox təəssüf ki, adıçəkilən dövlət qurumu bunları görür və bu məsələni həll etmirlər. Bunun da səbəbi odur ki, ölkədə istehlakçı hüquqlarının qorunması  bərbad vəziyyətdədir".

O bildirib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul olunub:

"Ondan sonra qanun dəyişməyib. Bu fikirləri mən ötən il 3 mart tarixində Milli Məclisdə Ombudsmanın illik hesabatında səsləndirmişəm. Orada  102 səhifəlik hesabatda bir dəfə də olsun “istehlakçı” kəlməsi işlədilməmişdi. İstehlakçı hüququ insan hüquqlarının tərkib hissəsi kimi görünmürdü.  

Bugünlərdə Ombudsmanın hesabatının müzakirəsi zamanı mən yenə də iradlarımı bildirdim. Ancaq qanun dəyişməz olaraq qalıb. Bu, çox ciddi problemdir. Biznes qurumlarının toxunulmazlığı siyasətinə görə onlar bundan sui-istifadə edirlər. Həm qiymətdə, həm də keyfiyyətdə istehlakçıları aldadırlar. Bu, yoverilməzdir və həmin problem öz həllini tapmalıdır”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

marketlər Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
1
cebheinfo.az

2Mənbələr