AZ

Təxirə salınmış “Qarabağ” – “Neftçi” matçının yeni tarixi... – aprel, yoxsa may?

Fevralda sıx qrafiklə üz-üzə qalan “Qarabağ”ın Misli premyer-liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçirməli olduğu matç təxirə salındı. Hazırda 46 xalla ikinci pillədə qərarlaşan “köhlən atlar” liderdən – “Sabah”dan 7 xal geridədi. Ağdam təmsilçisi Azərbaycan derbisində qalib gəlməklə həmin xal fərqini azaltmağa çalışacaq.

Bəs, sözügedən qarşılaşma nə vaxt keçirilə bilər? Bu məqama aydınlıq gətirmək məqsədilə Qurban Qurbanovun komandasının qarşıdan gələn oyun təqviminə nəzər saldıq. Məlum oldu ki, matç bu ay baş tutmayacaq. Çünki “Qarabağ” Bizon ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Şamaxı”yla sabah, premyer-liqanın 23-cü turunda “Araz-Naxçıvan”la 8-i (ev), 24-cü turunda “Zirə”ylə 14-ü (səfər), 25-ci turda “Kəpəz”lə 20-si (səfər) qarşılaşacaq. Komandanın martın 1-də “Sabah”la üz-üzə gəldiyini nəzərə alsaq, Ağdam təmsilçisi 20 gündə 5 oyun keçirmiş olacaq. Ardınca millimizin oyunlarıyla əlaqədar çempionatda fasilə yaranacaq. Göründüyü kimi, Azərbaycan derbisi bu ay olmayacaq.

“Qarabağ” kubok matçında “Şamaxı”nı mübarizədən kənarlaşdırsa, yarımfinala vəsiqə qazanacaq. PFL-in məlumatına görə, bu mərhələnin ilk oyunları aprelin 2-də, cavab matçları isə 22-də keçiriləcək. Bununla belə, “köhlən atlar” gələn ay premyer-liqada 4 oyunda meydana çıxacaq. Həmin görüşlərdəki rəqiblərdən biri “Sabah”, digəri “Neftçi”di. Üstəlik Masazır təmsilçisi də Bizon ölkə kubokunun yarımfinal mərhələsinə yüksəlsə, “Qarabağ”la qarşılaşacaq. Yəni Qurban Qurbanovun komandası apreldə premyer-liqanın ən güclüsünə qarşı üç oyun keçirə bilər. Komandanın həm də evdə “Karvan-Yevlax”la, səfərdə “Şamaxı”yla oynayacağını nəzərə almalıyıq. Bu görüşlər fonunda apreldə iki Azərbaycan derbisində tər tökmək “köhlən atlar”ın çempionluq hədəfi üçün ciddi təhlükə mənbəyi ola bilər.

Təbii ki, bu risklərdən qaçmaq mümkün olsa da, matç mayda mütləq keçirilməlidi. Ağdam təmsilçisi üçün şad xəbər odu ki, burda premyer-liqa matçlarından əlavə yalnız 13-də kubokun final matçı var. Təbii ki, “Qarabağ”ın həmin mərhələyə vəsiqə qazanıb-qazanmayacağını bilmirik. Premyer-liqada isə mövsüm mayın 24-də bitəcək. 24 gün ərzində 4, bəlkə də 5 oyun keçirməli olan “Qarabağ”, təbii ki, hər həftə oynayacaq. Lakin komanda burda “Neftçi”ylə qarşılaşmağa məcburdu.

Kəsəsi, “Qarabağ” ölkə kubokunda mübarizəni davam etdirəcəyi təqdirdə Azərbaycan derbisi mayın 1-24-ü aralığında keçirilə bilər. Əks halda isə apreldə də “Neftçi”yə qarşı iki dəfə oynamaq mümkündü.

Oyun tarixinin nə vaxt dəqiqləşəcəyi haqda məlumat almaq üçün Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Təxirə salınmış oyunun yeni tarixi ilə bağlı ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra ətraflı məlumat veriləcək”.

KƏNAN BAHADIR
Seçilən
70
2
football-plus.az

3Mənbələr