AZ

TRIPP layihəsi təhlükədə?-ABŞ–İran gərginliyi Zəngəzur planını çətinləşdirir

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik regionda qüvvələr balansını dəyişdirə və Cənubi Qafqazda gedən proseslərə birbaşa təsir göstərə bilər. Xüsusilə İran ətrafında formalaşan yeni reallıqlar fonunda Azərbaycan üçün təhlükəsizlik, nəqliyyat marşrutlarının şaxələndirilməsi və davamlı sülh gündəliyi daha da aktuallaşır. Mövcud şərait Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və Zəngəzur istiqamətində kommunikasiyaların açılması məsələsini yenidən diqqət mərkəzinə çıxarır.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə bir sıra dövlətlərin iştirak etdiyi müharibə fonunda geosiyasi reallıqların yenidən formalaşması qaçılmazdır:

“Region artıq əvvəlki vəziyyətində qalmayacaq. İran ətrafında baş verən proseslər təbii olaraq onun sərhəd qonşuları olan Azərbaycan və Ermənistana da təsir göstərəcək. İki ölkə arasında sülh müqaviləsinin hələ imzalanmaması nəzərə alınarsa, yaranacaq yeni geosiyasi şərait bu prosesə də müəyyən təsir edə bilər. TRIPP (Zəngəzur dəhlizi) layihəsinin icrasında ABŞ faktorunun mövcudluğu və Vaşinqton–Tehran münasibətlərindəki gərginlik layihənin reallaşmasına təsirsiz ötüşməyə bilər. Xüsusilə davam edən qarşıdurmada aydın qalib tərəf formalaşmadığı halda, İranın ABŞ-ın Ermənistandakı mümkün fəallığına neytral yanaşması real görünmür. Bu kontekstdə Rusiyanın regiondakı maraqları da nəzərə alındıqda, proseslərin daha da mürəkkəbləşməsi və müəyyən mərhələdə dalana dirənməsi ehtimalı artır”.

Bununla belə, ekspert hesab edir ki, İran ətrafındakı gərginlik sülh sazişinə müəyyən təsir göstərə bilsə də, həlledici amil Bakı və İrəvanın siyasi iradəsi olacaq:

“Əgər tərəflər real sülhdə maraqlı olsalar, kənar təsirlər bu prosesi dayandıra bilməz. Ermənistanda keçiriləcək seçkilərin nəticələri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır..Mövcud qeyri-müəyyənlik şəraitində Yaxın Şərqdəki hərbi qarşıdurmanın nəticələrinin bir çox parametrləri dəyişə biləcəyi istisna deyil. Belə bir mərhələdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması və bütün kommunikasiyaların, o cümlədən Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin açılması regional sabitlik və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan dövləti isə bu məsələdə milli maraqlara əsaslanan, balanslı və uzaqgörən qərarlar qəbul etmək potensialına malikdir. Həqiqi və qarşılıqlı etimada söykənən sülh möhkəm təməllər üzərində qurulduqda, xarici müdaxilələr onun davamlılığını poza bilməz”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr