525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Məlum olduğu kimi, 26 fevral-6 mart 1926-cı ildə keçirilmiş Birinci Bakı Türkoloji Qurultayda türk dünyasının dörd bir tərəfindən gəlmiş nümayəndələrin sırasında Yakutistanın da təmsilçiləri olmuşdur. Tədqiqatçıların araşdırmalarına görə, yakutları təmsil edən İsidor Baraxov və onunla birlikdə olan nümayəndələr Yakutiyadan - Sibirdən Moskvaya və oradan da Azərbaycana gəlib çıxmaq üçün uzun bir yol keçmişlər. İsidor Baraxovun Birinci Türkoloji Qurultaydakı çıxışı, mövqeyi böyük maraq doğurmuş, bəzi məqamlarda isə müzakirə mövzusuna çevrilmişdir. İsidor Baraxov Birinci Bakı Türkoloji Qurultayda ortaq latın əlifbasına keçid məsələsində aydın mövqe nümayiş etdirmişdir. Yakut xalqının böyük oğlu hətta Birinci Türkoloji Qurultay öz işini 6 martda bitirdikdən sonra da bir neçə gün Bakıda qalaraq, Azərbaycan yazıçıları və elm adamları ilə görüşüb, əlaqələr yaratmışdır.
Bu faktlar ilk növbədə Azərbaycanda yakut xalqına və Yakutistana bəslənilən marağı artırmışdır. Bunun nəticəsidir ki, Birinci Türkoloji Qurultaydan sonra Azərbaycan türkologiyasında yakutlarla bağlı müəyyən araşdırmalar özünə yer almağa başlamışdır. XX əsr ərzində Azərbaycanda aparılmış türkoloji tədqiqatlarda tarixi-müqayisəli şəkildə olsa da, yakutlar mövzusuna diqqət yetirilmişdir. Bununla belə, etiraf etməliyik ki, türk dünyasında Yakut türkləri haqqında tədqiqatlar daha çox dilçilik istiqamətində olduğu üçün əsasən birtərəfli xarakter daşımışdır. Və buna görə Azərbaycanda da Yakutistan barəsində məlumatlar çox deyildir.
Təcrübəli jurnalist Aida Eyvazlı Göytürkün “Sahaya” adlandırdığı kitab Azərbaycanda müstəqillik dövründə Yakutistan haqqında yazılmış geniş həcmə malik olan ilk sistemli və ümumiləşdirilmiş publisist əsərdir. Türk dünyasına həsr edilmiş çoxsaylı kitabların, məqalələrin, ssenari mətnlərinin müəllifi olan Aida Eyvazlı Yakutiyada səfərdə olmuş, bu xalqın gerçək həyatı, tarixi, folkloru və etnoqrafiyası haqqında geniş məlumatlar əldə etmiş, əlaqələr yaratmışdır. “Sahaya” adlandırdığı kitab Aida Eyvazlının Yakutistan təəssüratları və jurnalist araşdırmalarının işığında meydana çıxmış çoxplanlı bir əsərdir. Bu kitabı Aida Eyvazlının Yakutistan dastanı da adlandırmaq olar. Qədim adı Sahaya olan Yakutistanın tarixi, coğrafiyası, əhalisi, məşğuliyyəti, yakut türklərinin folkloru, etnoqrafiyası Aida Eyvazlının kitabında əsas faktları və özünəməxsus xüsusiyyətləri ilə birlikdə təqdim olunmuşdur. Aida xanım görkəmli yakut şairi Nikolay Yeqoroviç Vinokurov-Ursunla müsahibəsini də nəzmlə yazılmış dastan kimi qələmə almışdır. Azərbaycan publisisti ilə yakut aliminin dialoqu həm ideya-məzmununa, həm də vüsətinə görə kiçik mənzum dastan təəssüratı yaradır. “El anasının sirrini danışan Ursun ağa” adlandırılan mənzum poema dərin mənaya malik olan poetik Yakutnamədir. Klassik Oğuznamələrdəki xalqların tarixini və taleyini rəvayətlər əsasında təsvir etmək ənənəsi səpkisində yazılmış bu “kiçik dastan”da Aida xanımla Ursun ağanın deyişməsi vasitəsilə Yakutistanın epoxal obrazı canlandırılmışdır. Nikolay Yeqoroviç Vinokurov - Ursun adlı şairin dilindən deyilmiş aşağıdakı mətləblər yakut xalqının mənşəyi, təkamül prosesləri və milli xüsusiyyətlərini ümumiləşdirilmiş şəkildə ifadə edir:
Köçəri deyilik, Tanrı əmridir:
Yığışıb Xəzərin göy sahilindən
Səcdə etmək üçün qurda gəlmişik.
Bizi hifz eyləyib Göy Səma daim,
Onunçun bu soyuq yurda gəlmişik.
...Bizim inancımız Tanrı inancı,
Bizim dinimiz də Tanrı dinidir.
Biz məbəd qurmadıq, saray tikmədik,
Bizimçin təbiət məbəd kimidir.
...Skif babaların, sak babaların
Kurqan məzarları yaddaşımızdır.
Xəzər sahilində yaşayan türklər
Orda xanlıq quran yurddaşımızdır.
Təqdim etdiyimiz poetik parça yakut xalqının talenaməsi, “Sahaya” kitabının mahiyyətini mənalandıran şaman monoloqu kimi səslənir.
Saxa - yakut türklərinin görkəmli yazıçısı, repressiya qurbanı olmuş Platon Oyunskinin “Qırmızı Şaman” əsərinin Aida Eyvazlı tərəfindən Azərbaycan dilinə tərcüməsinin böyük ədibin ev-muzeyində keçirilmiş təqdimatı ilə başlayan Sahaya dastanının Yakutistanda milli bayram səviyyəsində qeyd edilən İssıax - Günəşə səcdə mərasimi ilə davam etdirilməsi hadisəsinin təsviri bu “əbədi buzlaqlar diyarı”nın obrazını təsvir etməyə imkan yaradır. Ərazi etibarilə Avropadan üçdə iki, Fransadan beş, Böyük Britaniyadan on üç dəfə böyük olan, almaz istehsalına görə dünyada birinci yerdə duran bu ecazkar buzlaqlar və buzlu Şimal qütbü ölkəsinin bənzərsiz təbiəti və iqlimi, qədim və müasir yaşayış məskənləri, adət-ənənəsi, iqtisadi imkanları, təsərrüfat həyatı Aida Eyvazlının qələmində elmi-publisist üslubda bütün reallıqları ilə birlikdə təsvir olunmuşdur. Müəllif eyni zamanda qarşılaşdığı insanların da: Saxa Respublikası Parlament sədrinin müavini Aleksandr Jirkov, Saxa Yazıçılar İttifaqının sədri Natalya Xarlampyeva, tanınmış yazıçılar Pavel Xaritonov, Nikolay Vinokurov-Urşun, Saxa parlamentinin deputatı Əliş Məmmədov, bolşeviklər tərəfindən Orconikidze adlandırılan Xandalas Ulusunun adını özünə qaytaran Saxa Yakutiya Respublikasının ilk Prezidenti olmuş Mixail Nikolayev və başqalarının “tale romanı”nı canlandırmaqla bu ölkədəki ictimai-siyasi və ədəbi-mədəni mühit haqqında obyektiv fikir formalaşdıra bilmişdir.
Aida Eyvazlı Yakutiyanın Şaman dünyasının real görüntülərini təsvir etməklə Azərbaycan oxucusunun gözü qarşısında Şaman mifologiyasının həyati əsaslarını göstərmişdir: “Şamanın əynindəki xalatı inək dərisindən tikilib... Şamanın xalatının qollarına, ətəklərinə tel-tel kəsilən saçaqlar əlavə olunub. Üstündə quş, balıq formasında kəsilmiş heyvan siluetləri, müxtəlif ilgəclər, bəzəklər, qotaz kimi doğranmış dəri hissələri, muncuqlar, saplar, iplər... vardır. Quş ona göylərdən xəbər gətirir, balıq suyun dibindən... Şaman paltarın altından heç nə geyinmir ki, bədən yerdən, göydən gələn enerjini ala bilsin. Ocaq da cırıl-cırıl yanmağındadır. O, əlindəki dovşan ayağına bənzəyən bir əşya ilə dəfini çalmaqla yanaşı, ocağın ətrafında kamlal (dua - İ.H.) edir. Kamlal etdikcə həm də əynindəki xalatın üstündə olan əşyalar bir-birinə dəyib, əcaib-qəraib səslər çıxarırlar. Sanki Şamanın bütün bədəni titrəyir. Deyirlər ki, təmizləmək istədiyi adamın içi, yolu və ya tapşırığı ağır olanda, Şaman bəzən huşunu itirir, onun ətrafına qar yağır, bədəni buza dönür, kirpikləri belə buz bağlayır.

Şaman kamlal etdiyi, yəni adına ocaq qurduğu adamların adını çəkərək, dəfinə döyməkdə davam edir. Və birdən əynindəki dovşan ayağına oxşayan tüorexi – dəfi döyəcləyən aləti qeyri-ixtiyari olaraq kənara tullayır. ...Tüorex yuxarıya açılan ovuc içi kimi yerə düşdü. Tüorex üzü yuxarı düşəndə “Çaxçı” dedi. Demək, sənin yolun açıqdır, bütün pis nəfəs və gözlərdən təmizlənmisən. Tüorex üzü aşağı, adamın əlinin üstü kimi düşəndə isə “Mokküor”, yəni dava, pislik deməkdir. Demək, sənin yolunda hələ nəfis və rəzil adamlar vardır. Ancaq o çətin yolu olan birimiz üçün Şaman sözün əsl mənasında əziyyət çəkdi, tüorexi bir neçə dəfə tulladı. Hər dəfə tüorexi tullayandan sonra ...“Çaxçı” deyirdi... Kamlal ayini başa çatdı”.
Saxa-Yakut türklərinin Günəşə Səcdə-İssıax bayramı və onun rituallarını da ilk dəfə Aida Eyvazlı Azərbaycan cəmiyyətinə təqdim edir. Buzlu Şimal Qütbündə keçirilən Günəşə Səcdə el bayramı ilə bizim Novruz bayramında tonqallar qalamaq mərasimi arasında müəyyən paralellik tapmaq olar. Aida Eyvazlının təqdimatında həm də İssıax bayramının aparıcı siması olan Alqıskitlə Azərbaycan folklorunun baş qəhrəmanı Dədə Qorqudun funksiyaları arasındakı doğmalığın təzahürləri də nəzərə çatdırılır. Eyni zamanda, “Sahaya” kitabındakı “İssıax bayramı, Günəşə Səcdə” parçalarında təsvir edilən Yakutistandakı Sardana çiçəyi Azərbaycandakı Novruzgülü, Anadoludakı Kardələni xatırladır. Həm də sanki Yakutistan ölkəsi özü də “Qədim Buzlar Ölkəsi”nin Sardana çiçəyidir.
Aida Eyvazlının Yakutistana ikinci səfərində keçirilən “Böyük qarın alqışı” beynəlxalq poeziya festivalı haqqında yazdıqları ilin ilk qarını şeirlə salamlama mərasimi kimi təqdim olunur. “Tanrının ağ duası” - ilk qar, Qurd ürəkli şairə – xakas qızı Natalya Axpaşova, “Xomusla ifa edilən boğaz mahnıları”, Ağ şaman duaları haqqında oxuduqlarımız Yakutistanın təkrarsız obrazını əlvan şaman geyimləri kimi bəzəyir. Aida Eyvazlının Saxa Respublikasının Uzaq Şərq Federal Vilayəti üzrə daimi nümayəndəsi Sergey Dmitriyeviç Nikonovla və məzar daşlarının yazılarını oxuyan arxeoloq Vasili Popov ilə müsahibələri fonunda Yakutiyanın eramızdan əvvəlki III-I minilliklərdən başlayan keşməkeşli qədim tarixi və inkişaf yolu, mədəniyyəti və etnoqrafiyası, haqqındakı məlumatları və araşdırmaları “Sahaya” kitabının tədqiqat xarakterli elmi səhifələridir. Yakutiyanın Xalq şairi, Bakıda səfərdə olmuş Birinci Türkoloji Qurultayın keçirdiyi Akademiyanın İsmailiyyə binasını ziyarət etmiş Natalya Xarlampyeva ilə aparılan ədəbiyyat söhbətləri Yakutiya Saxa ədəbiyyatının tarixinə və ədəbi simalarının həyatı və yaradıcılığına, yakut şairi Semyon Danilovla dialoq isə onun böyük türk şairi Nazim Hikmətlə ədəbi və şəxsi dostluğuna işıq salır.
Aida Eyvazlının Birinci Bakı Türkoloji Qurultayda iştirak edən Yakutistan heyətinin səfəri haqqında əldə etdiyi aşağıdakı məlumatlar da Azərbaycan elmi ictimaiyyəti üçün maraqlı və əhəmiyyətlidir: “O, (Natalya Xarlampyeva - İ.H.) 1925-ci ilin dekabrında Yakutskidan yola çıxaraq Bakıya gələnləri – yakut əlifbasının yaradıcısı, dilçi və ictimai-siyasi xadim İsidor Baraxov, Anempodist Safronov – Almapa, şair-türkoloq Aleksey İvanov - Künde, nümayəndə heyətinin rəhbəri, şair Aleksey Kulakovski-Eksekülex yad edirdi. Onlar Bakıya Türkoloji Qurultayda iştirak etmək üçün yola çıxmışdılar...
Yakutiyanın və türk dünyasının bu dahi oğulları 2 aya atla İrkutska gəlib çıxırlar. İrkutskdan isə qatarla Moskvaya çatırlar. Nümayəndə heyətinin rəhbəri Aleksey Kulakovski ağır xəstələnir. Onu xəstəxanaya yerləşdirirlər. Üç nəfər böyük yakut oğlu yola davam edib, fevral ayında Bakıda keçirilən I Bakı Türkoloji qurultayına yetişirlər... Bizim dilçilərimiz və ədəbiyyatçılarımız I Qurultaya Yakutiyada yaşamış polyak əsilli sürgün Edvard Pekarskinin “Yakut-rus dili lüğəti”ni gətirmişdilər. Çünki o böyük kişilər ortaq əlifba yaratmaq istəmişdilər. Böyük Mustafa Kamal Atatürk də ərəb əlifbasından Türk əlifbasına keçəndə “Yakut-Rus dili lüğəti”ni istəmişdi”.
Saxa-Yakut teatrının baş rejissoru, Yakutistan prezidentinin müşaviri Andrey Saviç Borisovla müsahibə isə bu Əbədi Buzlaqlar Ölkəsinin mədəniyyəti ilə daha dərindən tanışlıq üçün geniş imkan yaradır. Aida Eyvazlı Göytürk Yakutistanın bu görkəmli mədəniyyət xadiminin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqındakı təəssüratlarını da qələmə alıb, oxuculara çatdırmışdır. Uzaq-soyuq Yakutistandan olan mədəniyyət xadiminin Ulu öndər Heydər Əliyev haqqında aşağıdakı təəssüratları Azərbaycan xalqı üçün doma və isti düşüncələrin yadda qalan ifadəsi kimi mühüm əhəmiyyətə malikdir: “Mən Heydər Əliyevlə görüşmüşəm. Və o görüşü heç vaxt unutmayacağam. Səhhətində müəyyən problemlər olmasına baxmayaraq, TÜRKSOY adından gələn qonaqları qəbul etməyə zaman tapmışdı. Məndən başqa, üç naziri də tanıyırdı. Mən özümü təqdim edib, Saxa Respublikasından gəldiyimi söylədim! Mənə diqqətlə baxıb soruşdu: - İndi haradadır Mixail Yefimoviç?
Dedim ki, Rusiya Federasiyasında məsləhətçidir.
Mənim bu sözümün cavabında: - ləyaqətli insandır - dedi.
Mən onun “ləyaqətli insandır” sözünün intonasiyasını heç vaxt unutmadım.
İlk və son dəfə Heydər Əliyevin dilindən eşitdiyim “ləyaqətli insanlar” sözünün bu qədər temperamentlə və layiqincə söylənilməsini eşitməmişəm. O, bu sözü Mixail Nikolayevin özünə yaraşan tərzdə söylədi.
O tədbirlər çərçivəsində teatrlardan birində Qara Qarayevin yubileyi də keçilirdi... Konsertin sonunda Heydər Əliyev səhnəyə qalxdı. Mən onun hər bir artistlə necə şahanə görüşdüyünü gördüm. Onun konsertmeystr və maestro ilə görüşməyi, onlarla söhbəti və diqqəti də mənə çox maraqlı göründü. ...Möhtəşəm və əvəzolunmaz bir insanı kəşf etdim.
...Bir axşam isə taksi ilə gəzməyə çıxdım. Bizim səfərimiz olan ili prezident seçkiləri keçirilməli idi. Sürücüdən soruşuram ki, kimi seçəcəksiniz, kim seçiləcək? O düşünmədən cavab verdi ki, əlbəttə, Heydər Əliyevi! Mən Heydər Əliyevin səhhətində bir qədər çətinliklərin olduğunu xatırlatdım. Bilirsiniz, sürücü mənə nə dedi? Dedi ki, təki nəfəsi gəlsin, bəsimizdir! ...Mən bu cavabda xalqın məhəbbətini gördüm”.
Məşhur yakut yazıçısı, “Çingiz xanın hökmü ilə” romanının müəllifi Nikolay Loginovun ana vətəni Yakutistan haqqındakı vətənpərvərlik dərsləri, Yakut xalqının tanınmış yazıçısı, Platon Oyinskinin nəvəsi Yelena Kuorsunnaxla, Şuşada tablo çəkmək istəyən Vyaçeslav Yaroyevlə müsahibələr də Yakutistan dastanının ədəbiyyat və mədəniyyət səhifələrinin təqdimatından yoğrulmuşdur.
“Yakutiyanın təbiəti” Aida Eyvazlının Yakutistan dastanının zirvəsidir. Yakutiya Buzlaqşünaslıq İnstitutunun hesablaşmalarına görə, dağ silsilələrinin ətəklərindəki buzlaq qatının 50 metr dərinliyə malik olması haqqındakı rəsmi elmi məlumatlar və buz qatlarının altında hələ də tapılmaqda davam edən mamontların cəsədlərinin qalıqları bu yerin təbiət zənginliyi ilə yanaşı, qədimliyini də nümayiş etdirir: “Yakutiyalılar bu əbədi buzlaqların alt qatından bu gün də dünyanı heyrətə gətirən tapıntılar aşkar edirlər. Onlardan biri də min illər bundan əvvəl yaşamış mamontlardır. Üç milyon kvadratmetr sahəsi olan bu buzlaqlar ölkəsində az qala hər yerdən mamont qalıqları tapılır. İlk dəfə Yakutiyada mamont qalıqları 1799-cu ildə tapılıb. Bu gün Yakutsk şəhərində Şimal-Şərq Universitetinin nəzdində Lazerev adına Mamont muzeyi fəaliyyət göstərir. Muzeydə 2 mindən artıq mamont qalıqları nümayiş etdirilir. Həmçinin 30 min il yaşı olan Tiryaxtyax mamontunun skeleti nümayiş olunur... Ən sonuncu tapılan mamontun 49 min il bundan əvvəl bu ərazilərdə yaşadığı təsdiq olunub. Alimlər belə hesab edirlər ki, soyuq diyarlara gəlib çıxan mamontlar vaxtilə Xəzər hövzəsində yaşayıblar. Xəzər hövzəsindəki tüklü mamontlar onların əcdadlarıdırlar”.
“Saxaya” kitabında xomus musiqi aləti, daş və taxta üzərində oyulmuş təqvimlər, at ilxıları, “At tanrısı” və “At kultu” haqqındakı mifologiya, yakutların ovçuluq sənəti, buzlaqlar diyarında balıq ovu, nəhayət, saxaların bənzərsiz süfrəsinin təqdimatı Yakutistan dastanının pozulmaz naxışları, ekzotik səhifələridir. Ən nəhayət, “Saxaların tanrıçılıq inancı”na həsr edilmiş oçerkdə səsləndirilən fikirlər Yakutistan dastanının bütün genişliyi ilə yaddaşlara yazmağa xidmət edir.

Yakutistanın Xalq yazıçısı Safran Danilovun: mən kiməm saxalı, yaxud Yakut? – sual ətrafındakı fikirləri, açıqlamaları Yakutistan dastanını möhtəşəm finaldır. Suala verilmiş cavab təkcə yakutlar üçün deyil, bütövlükdə türkologiya elmi üçün də əhəmiyyətlidir. Aida Eyvazlı Göytürkün açıqlamasında aydın olur ki, Yakutistan Respublikası yerli əhalisinin millət olaraq adı Saxa türkləridir. Lakin “parçala, hökm sür” siyasəti üstündə qurulmuş Çar Rusiyası kimi, SSRİ adlanan imperiyada Yakutistanın kənar uluslarının əhalisini “Saxa”, mərkəzi vilayətlərin əhalisini isə “yakut” adlandırmaqla onları süni surətdə bir-birindən ayırmışdır. Hələ indi də “Saxa türkləri” və “Yakut türkləri” ifadələri paralel olaraq işlədilməkdədir.
Nəticə olaraq, deyə bilərik ki, Aida Eyvazlı Göytürkün “Sahaya” kitabı ilə Yakutistanın publisist dastanını yaratmışdır. “Sahaya” kitabı Yakutistanın publisist pasportudur. Kitabda Aida Eyvazlının jurnalist araşdırmalarına aid olan çoxsaylı məqamlarda o, elmi-publisist yanaşmaları ilə diqqəti cəlb edir. Kitabdan Yakutistanın tarixi, coğrafiyası, saxa türklərinin dili, şamanlar, mamontlar haqqındakı məlumatlar elmi xarakter daşıyır. Yakutistanın yazıçı və şairlərinə, elm adamları və mədəniyyət xadimlərinə həsr edilmiş oçerklərdə də Aida Eyvazlı elm faktorundan bacarıqla və yaradıcılıqla istifadə etməyi bacarmışdır. Aida Eyvazlı Yakutistanın bir çox ictimai-siyasi xadimlərinin, yazıçı və şairlərinin, tanınmış elm və mədəniyyət adamlarının yığcam şəkildə dolğun portretini yaratmışdır. Bu cəhətdən “Sahaya” kitabı araşdırmaçı-jurnalist zəhməti ilə və tədqiqat xarakterli araşdırmaların sayəsində meydana çıxmış əhəmiyyətli əsərdir. Bununla yanaşı, “Sahaya” kitabında müxtəlif məqamlarda Aida Eyvazlının qələmindən çıxmış bədii parçalar, şeir nümunələri də yer almışdır. Bundan əvvəl də “Ötükən və Kür Şad” adlı mənzum dastan yazmış, Qazax ədəbiyyatının banisi Abay Kunanbayevin şeirlərini Azərbaycan dilinə tərcümə edərək “Qara sözlər” adlı kitabda oxuculara çatdırmış. Aida Eyvazlının Göytürkün “Sahaya” kitabında da bədii yaradıcılıq nümunələrinin olması onun bu sahədə də özünəməxsus qabiliyyəti malik olduğunu göstərir.
Bizim “Kiçik dastan” adlandırdığımız yakut şairi Nikolay Vinokurov-Ursunla Aida Eyvazlının “Sahaya” kitabındakı poetik dialoqu da müəllifin özü tərəfindən yazılmış orijinal poeziya nümunəsidir. Aida Eyvazlı Yakut ədəbiyyatının klassiki Platon Oyunskinin “Qırmızı şaman” əsərini də bədii tərcümə kimi dilimizə çevirib, oxuculara çatdırmışdır. Bundan başqa, o, kitabda haqqında söz açdığı şair və yazıçıların yaradıcılığından seçilmiş bədii nümunələri məharətlə rus dilindən Azərbaycan dilinə tərcümə etməklə özünəməxsus bədii istedada malik olduğunu da nəzərə çatdırır. Artıq deyə bilərik ki, Aida Eyvazlı Göytürk Platon Oyunski, Anempodist Sofronov-Alampa, Semen Danilov, Natalya Xarlampyeva, Yelena Koorsunnax kimi yakut şair və yazıçılarının əsərlərinin Azərbaycan dilinə ilk tərcüməçilərindən biridir. O, eyni zamanda ilk dəfə olaraq yakut atalar sözləri və tapmacalarını da dilimizə çevirərək “Sahaya” kitabına daxil etmişdir. Həm yakut ədəbiyyatı əyani təsəvvür yaratmaq və həm də Aida Eyvazlı Göytürkün bədii tərcüməçilik qabiliyyətini diqqətə çatdırmaq üçün onun Semen Danilovdan etdiyi “Qar” şeirindən bir necə bəndi oxucuların nəzərinə çatdırmağı əhəmiyyətli hesab edirəm:
Gəl sənə söyləyim, ey əziz dostum.
Mən Şimal adamı, qar adamıyam.
Bəyan qar içində dünyaya gələn
Qarda cığır açan yol adamıyam.
...İlmə-ilmə, çarpaz-çarpaz bəzəyib,
Ağ qardan ömrümə bir saray hörüb,
Bu böyük yurdumu, geniş ölkəmi,
Tanrım səxavətlə qara bürüyüb.
Bizim tərəflərdə qar gec əriyir,
Elə bil izini saxlamaq üçün
Mən möhür vururam ayaqlarımla
Sayır addımımı, yoxlamaq üçün.
...Dostum, düşünmə ki, soyuğam, yadam,
Mən qardan doğulan bir böyük adam.
Qar kimi bəyazam, qəlbim incədir,
Onun soyuğunda ruhum dincəlir.
Beləliklə, Yakutistan dastanı kimi təqdim etdiyimiz “Sahaya” kitabı Aida Eyvazlı Göytürkün jurnalist araşdırmalarının, publisist istedadının və bədii təfəkkürünün məhsulu kimi meydana çıxmış orijinal əsərdir. İstedadla və böyük zəhmətlə yazılmış “Sahaya” kitabı Aida Eyvazlı Göytürkün Azərbaycan publisistikasındakı özünəməxsus yerini və mövqeyini əyani şəkildə nümayiş etdirir.
“Sahaya” kitabı Yakutistan haqqında, Saxa türkləri barəsində Azərbaycanda yazılmış ilk geniş həcmli və ümumiləşdirilmiş kitabdır. Məsələnin bu cəhəti kitabda türk dünyası miqyasında da yerini və əhəmiyyətini təsəvvür etməyə imkan yaradır. Aida Eyvazlının “Sahaya” kitabı türk dünyası və türkologiya elmi üçün də zəngin mənbə və faydalı bələdçidir.
Aida Eyvazlının “Sahaya” kitabı Azərbaycan-Yakutistan əlaqələrini tarixi, inkişafı və simaları haqqında da canlı təəssürat yaradır. Yakustan Parlamentinin deputatı olan həmyerlimiz Əbədi Buzlar Ölkəsinin çətin iqlim şəraitində inşaat sahəsində böyük tikinti işləri apararaq nüfuz qazanmış Əliş Məmmədovun çoxcəhətli fəaliyyəti haqqında kitabdan oxuducumuz xoş sözlər milli mənsubiyyəti, dili, adət-ənənələri, qonaqpərvərliyi ilə xalqımıza yaxından Yakutistanla əlaqələrimizi daha da inkişaf etdirmək üçün yeni perspektivlər haqqında düşünməyə əsas verir. Kitab Yakutistanla ədəbi-mədəni və elmi əlaqələrin inkişaf etdirilməsi sahəsində də geniş imkanları olduğunu diqqət mərkəzinə çəkir.
Nəhayət, tam zamanında nəşr edilən “Sahaya” kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə qeyd edilən Bakı Türkoloji Qurultayının 100 illiyinə layiqli töhfədir.
İsa Həbibbəyli
AMEA-nın prezidenti, akademik
17 yanvar 2026-cı il
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.