ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxt yollarında müşahidə olunan sıxlıq və tıxaclar sürücülər üçün əlavə risklər yaradır. Xüsusilə bir neçə zolaqlı yollarda düzgün mövqe seçməmək ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə vacib xəbərdarlıq edib. O bildirib ki, əgər çoxzolaqlı yolda sol zolaqda tıxac yaranıbsa, sürücülər imkan daxilində həmin zolağı tutmamalıdır.
Onun sözlərinə görə, belə hallarda bir neçə təhlükə eyni anda yarana bilər. “Sol zolaqda sıxlıq olan zaman həmin avtomobillərin arxasından qəfil piyadanın çıxma ehtimalı var. Bundan əlavə, tıxac zamanı hövsələsiz sürücülər qaydaları pozaraq qarşı zolağa çıxa bilirlər. Bu isə qəfil və qaçılmaz toqquşma riski yaradır”, – deyə Aqil Rəhimov vurğulayıb.
Məşqçi qeyd edib ki, bəzi sürücülər yüksək cərimələri əsas gətirərək belə qayda pozuntularının baş verməyəcəyini düşünsələr də, real vəziyyət fərqli ola bilər. Praktikada tıxac zamanı qarşı zolağa çıxan nəqliyyat vasitələrinə rast gəlinir və bu zaman sol zolaqda hərəkət edən sürücü üçün toqquşma qaçılmaz olur.
Aqil Rəhimov sürücülərə tövsiyə edib ki, belə situasiyalarda ya sol zolaqdan uzaq dursunlar, ya da qarşıdakı avtomobillər kimi orta zolağı seçsinlər. Mütəxəssis deyib ki, düzgün zolaq seçimi və ehtiyatlı davranış bir çox qəzanın qarşısını ala bilər.
Aqil Rəhimov sonda sürücüləri diqqətli olmağa, yol şəraitini əvvəlcədən qiymətləndirməyə və öz təhlükəsizliklərini hər şeydən üstün tutmağa çağırıb.
Eltac Zülfüqaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.