AZ

Dollar BAHALAŞIR? – İran müharibəsi davam edərsə…

Yaxın Şərqdə gərginliyin artması və İran ətrafında baş verən müharibə region ölkələrində iqtisadi risklərlə bağlı müzakirələri də yenidən gündəmə gətirib.

Geosiyasi böhranlar tarix boyu qlobal maliyyə bazarlarına ciddi təsir göstərib və belə dövrlərdə investorların davranışı dəyişir. Risklərin artdığı mühitdə kapital adətən daha təhlükəsiz hesab olunan maliyyə alətlərinə və sabit valyutalara yönəlir.

Bu səbəbdən də müharibə ehtimalları fonunda dolların bahalaşması məsələsi tez-tez müzakirə olunur.

Azərbaycan cəmiyyəti üçün isə əsas suallardan biri belədir: əgər müharibə uzun çəkərsə, dollar kəskin bahalaşa bilərmi və bunun Azərbaycan iqtisadiyyatına, xüsusilə manatın məzənnəsinə təsiri nə dərəcədə realdır?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, böyük geosiyasi münaqişələr adətən qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırır və bu zaman investorlar ənənəvi olaraq dollar kimi daha stabil hesab olunan valyutalara üz tuturlar.

Onun sözlərinə görə, müharibə və ya ciddi siyasi böhranlar dövründə kapital axını təhlükəsiz liman hesab olunan aktivlərə yönəldiyi üçün dolların qlobal miqyasda möhkəmlənməsi ehtimalı yüksəlir:

“Bu proses hər ölkənin iqtisadi strukturundan asılı olaraq fərqli nəticələr yaradır və bütün ölkələr üçün eyni təsirə malik olmur.

İran ətrafında mümkün müharibə baş verərsə, ilk növbədə dünya enerji bazarlarında ciddi dalğalanmalar yarana bilər. Belə hallarda neft qiymətlərinin artması ehtimalı yüksək olur. Azərbaycan kimi neft ixrac edən ölkələr üçün isə bu faktor müəyyən mənada qoruyucu rol oynaya bilər. Neft qiymətlərinin yüksəlməsi ölkəyə daxil olan valyuta axınını artırır və bu da manatın məzənnəsinə əlavə təzyiqlərin yaranmasının qarşısını ala bilər”.

Əkrəm Həsənov

İqtisadçı hesab edir ki, Azərbaycanda dolların bahalaşması məsələsi daha çox daxili makroiqtisadi siyasət və valyuta ehtiyatlarının səviyyəsi ilə bağlıdır:

“Ölkədə manatın məzənnəsi klassik bazar mexanizmi ilə deyil, əsasən dövlətin maliyyə ehtiyatları və valyuta siyasəti vasitəsilə tənzimlənir. Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun böyük valyuta ehtiyatlarına malik olması isə manatın sabitliyini qoruyan əsas faktorlardan biridir. Hazırkı şəraitdə Azərbaycan iqtisadiyyatının əsas dayaq nöqtələrindən biri də məhz bu ehtiyatlardır. Ölkənin strateji valyuta ehtiyatları kifayət qədər yüksək səviyyədədir və bu da mümkün şoklara qarşı müəyyən bufer rolunu oynayır. Qlobal bazarlarda dollar möhkəmlənsə belə, bu, avtomatik olaraq Azərbaycanda dolların kəskin bahalaşacağı anlamına gəlmir”.

Bununla yanaşı, iqtisadçı qeyd edir ki, geosiyasi gərginliklərin iqtisadi psixologiyaya təsiri də nəzərə alınmalıdır. Müharibə xəbərləri və regional risklər bəzən əhali arasında valyuta bazarında panik davranışlar yarada bilər. İnsanlar risklərdən qorunmaq üçün dollara tələbatı artırır və bu da qısamüddətli dalğalanmalara səbəb ola bilər.

Lakin ekspert hesab edir ki, belə halların qarşısını almaq üçün əsas məsələ informasiya şəffaflığı və iqtisadi sabitliyin qorunmasıdır:

“Azərbaycan iqtisadiyyatının əsas riskləri təkcə xarici geosiyasi faktorlarla bağlı deyil. Onun fikrincə, daxili iqtisadi struktur, idxaldan asılılıq və maliyyə sektorunun vəziyyəti də valyuta sabitliyinə təsir edən mühüm amillərdir. Buna görə də hər hansı müharibə ssenarisinin nəticələrini qiymətləndirərkən yalnız regional gərginliklərə deyil, ölkənin iqtisadi dayanıqlığına da kompleks şəkildə baxmaq lazımdır”.

Ekspert hesab edir ki, hazırkı mərhələdə Azərbaycan üçün dolların kəskin bahalaşması ilə bağlı ciddi risklər görünmür:

“Ölkənin valyuta ehtiyatları, neft gəlirləri və mövcud məzənnə siyasəti manatın sabitliyini qoruyan əsas mexanizmlərdir. Bununla belə, qlobal iqtisadi və siyasi proseslər davamlı olaraq izlənilməlidir, çünki beynəlxalq bazarlarda baş verən hər bir ciddi dəyişiklik region ölkələrinə müəyyən təsirlər göstərə bilər: “İqtisadi sabitliyin qorunması üçün ən vacib məsələ uzunmüddətli və dayanıqlı iqtisadi modelin qurulmasıdır. İqtisadiyyat nə qədər şaxələndirilmiş olarsa, ölkə xarici şoklara qarşı bir o qədər davamlı olar. Bu baxımdan, regional müharibə ehtimalları müzakirə olunsa da, əsas diqqət daxili iqtisadi dayanıqlığın gücləndirilməsinə yönəldilməlidir”.

Tunar
NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr