
New York Post nəşrinin yaydığı məlumata görə, ABŞ-ın sabiq dövlət katibi Hillary Clintonın komandası onun nəzarət komitəsində mərhum maliyyəçi Jeffrey Epstein işi üzrə dindirilməsi zamanı “gözəl işıqlandırma” və xüsusi mavi panelli fon tələb edib.
Mənbənin bildirdiyinə görə, Klintonun əməkdaşları ifadə prosesinin bütün vizual detallarına ciddi nəzarət ediblər. Məqsəd onun “girov vəziyyətində” görünməsi ilə bağlı təəssüratın yaranmasının qarşısını almaq və sabiq dövlət katibini mümkün qədər əlverişli formada təqdim etmək olub.
Dindirmə Nyu-York ştatında yerləşən Chappaqua Performing Arts Center binasında keçirilib. Bildirilir ki, prosesdən əvvəl Klintonun köməkçilərindən biri onun yerində əyləşərək işıqlandırmanın, kameraların yerləşdirilməsinin və hətta masaların üzərinə sərilən ağ süfrələrin tənzimlənməsi ilə bağlı göstərişlər verib. Bu dəyişikliklər üz cizgilərində kölgələrin yumşaldılmasına hesablanıb.
Qeyd olunur ki, qara pərdələr uyğun hesab edilmədikdən sonra mavi fon yerli təchizatçı tərəfindən yeddi saat ərzində hazırlanıb. Fevralın 26-da Hillari Klinton üçün edilən bir çox dəyişikliklər növbəti gün həyat yoldaşı, ABŞ-ın sabiq prezidenti Bill Clintonın dindirilməsini də asanlaşdırıb.
Klintonun nümayəndəsi bildirib ki, sabiq dövlət katibi dindirmə prosesinə tam nəzarət edib və “süfrələrə ilişmək faktlardan diqqəti yayındırmaqdır” mesajını verib.
Dindirmə günü insident də yaşanıb. Konqres üzvü tərəfindən foto çəkildikdən sonra Klinton qısa müddətə ifadəni dayandırmaq üzrə olub. O, qaydaların pozulduğunu bildirərək etiraz edib və sərt reaksiya göstərib.
Buna baxmayaraq, sabiq dövlət katibi daha sonra zala qayıdaraq sualları cavablandırmağa davam edib.
Nəzarət Komitəsi bazar ertəsi hər iki Klintonun dindirilməsinin video görüntülərini yayımlayıb. Kadrlarda Hillari Klintonun parlaq mavi kostyumda konqresmenlərlə mübahisə etdiyi görünür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta