Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Abşeron rayonunda 1981-ci il təvəllüdlü Məhərrəm qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səidəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 9-da baş verib. Məhərrəm həmin gün gecə saat 5 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə alkoqollu içkinin təsiri altında olarkən qısqanclıq zəminində Səidə ilə mübahisə edib. O, arvadının üzərinə hücum edərək əvvəlcə evdə olan dəmir materialdan olan stulla ona zərbələr vurub. Ardınca əl, yumruqla arvadının sifət, baş nahiyələrinə, təpik, ayaqla isə bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səidə ilə 2004-cü il tarixdə ailə həyatı qurub, bu nikahdan 2005-ci il təvəllüdlü Məlahət, 2011-ci il təvəllüdlü Vəfa, 2016-cı il təvəllüdlü Namiq və 2018-ci il təvəllüdlü Ramal dünyaya gəlib:“Əvvəllər normal olaraq ailə həyatı yaşasaq da, daha sonra münasibətlərimiz pozulmağa başlayıb. Buna səbəb kimi isə Səidənin ailəsinin mənim ailə işlərimə müdaxilə etməsi olub”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin martın 9-da, saat 05:10-da yaşadığı evdə olan zaman Səidənin mobil telefonunda “Birkart” şəkili görüb və onun kimə məxsus olmasını soruşub: “Səidə kartın ona məxsus olmasını, lakin bir müddət əvvəl itirdiyi üçün banka zəng eləyərək bağlatdırdığını bildirdi. Mən də Səidəyə yalan danışdığını dedim. Əsəbiləşərək aramızda bu səbəbdən mübahisə yarandı. Mübahisə zamanı mətbəxdə olan stulu qaldıraraq onun başına vurmaq istədim. Amma o, sol əlini stulun qarşısına tutduğu üçün zərbə onun sol əlinə dəydi. Daha sonra isə şillə ilə Səidənin üz nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Bundan bir neçə dəqiqə sonra Səidə mətbəxdən çıxaraq evin 2-ci mərtəbəsinə qalxdı. Mən də evi tərk edərək getdim”. Məhərrəmin ifadəsinə görə, həmin günün səhəri evə qayıtdıqda Səidə və övladlarının evdən getdiyini görüb: “Mübahisə zamanı Səidə mənə qarşı heç bir fiziki təzyiq göstərməyib, xəsarət yetirməyib”.Səidənin ifadəsinə görə, Məhərrəm ilə ailə həyatı qurduqdan sonra ilk əvvəllər normal olaraq ailə həyatı yaşasalar da, daha sonra Məhərrəmin mütəmadi olaraq spirtli içki qəbul etməsi, eləcə də, ailəsinin onun ailəsinə müdaxilə etməsi, həmçinin digər qadınlarla qeyri-rəsmi münasibətdə olması münasibətlərinin pozulmasına səbəb olub:“Məlum hadisə günü saat 05:10-da yaşadığım evdə olan zaman yatarkən həmin vaxt ərim spirtli içkinin təsiri altında evə gəldi. Məni yuxudan oyadaraq söhbət etmək istədiyini bildirdi. Mən də onun xahişini nəzərə alaraq evin mətbəxinə keçdim. Əvvəlcə Məhərrəm mənə boşanmağımızı təklif etdi. Mən də ona etiraz etmədim, heç bir problemin olmadığını, boşanarıqsa normal şəkildə boşanmağı təklif etdim”. Zərərçəkmiş deyib ki, daha sonra Məhərrəm onun adına “Birkart” kartının olduğunu və hazırda harada olmasını soruşub: “Mən də kartın bir neçə ay bundan əvvəl itdiyini və buna görə kartı bağlatdırdığımı dedim. O, mənə yalan danışdığımı deyərək mətbəxdə olan dəmir stulu başıma vurmaq istədi. Mən sol əlimi müdafiə olunmaq üçün qarşıya verdim və həmin vaxt stulu sol əlimin şəhadət barmağından, qolumdan vurmaqla mənə xəsarət yetirdi. Daha sonra isə əli ilə sifət, baş, təpiklə isə bədənimin müxtəlif nahiyələrindən vuraraq mənə xəsarət yetirdi”. Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkən qadın da ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.