Tarix unudulmur və illər ötdükcə keçmişdə yaşanan hadisələrin mahiyyəti, gerçək səbəbləri daha aydın dərk olunur. Bu baxımdan təxminən 30 il davam edən keçmiş Dağlıq Qarabağ münaqişəsi dönəmində baş verənlər də istisna deyil. Tarixin bu günündə - 4 mart 2008-ci ildə ermənilər Ağdərə toqquşmasına rəvac veriblər. Yaddaşlarda həm də Tərtər hərbi təxribatı adı ilə qalan həmin hadisələrdən bizi artıq 18 il ayırır.
Köçəryan - Sarkisyan cütlüyünün növbəti məkrli planı
Azərbaycanla Ermənistan arasında 1994-cü il mayın 8-də atəşkəsə dair “Bişkek protokolu” imzalanıb və mayın 12-dən etibarən həmin sənədin qüvvəyə minməsi təmin edilib. “Bişkek protokolu” özündə keçmiş təmas xətti boyunca hərbi əməliyyatların dayandırılmasını ehtiva edirdi. Əsaslandırılırdı ki, atəşkəs rejimininn gözlənilməsi gərginliyin artmasının qarşısını alacaq və münaqişənin danışıqlar yolu ilə həllinə şərait yaradaqcaq.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın havadarlarının dəstəyi ilə başladığı işğalçılıq müharibəsində torpaq itkilərinə məruz qalan Azərbaycanın əsas məqsədi ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Buna görə də ölkəmiz atəşkəs rejiminə əməl etməklə sülh danışıqlarında yüksək fəallıq ortaya qoyurdu. Azərbaycan hər vəchlə çalışırdı ki, danışıqlar daha intensiv şəkildə aparılsın və ədalətli nəticələr əldə olunsun.
Lakin Ermənistanın yanaşması tamam fərqli idi. İşğalçı dövlət havadarları ilə birlikdə münaqişənin sonsuzluğadək uzanmasında maraqlı idi və buna görə də hətta atəşkəs rejimini, danışıqlar prosesini manipulyasiya predmetinə çevirməkdən çəkinmirdi. Düşmən tərəfi “Bişkek protokolu” imzalandıqdan sonra da öz ampulasında qalmaqda davam edirdi. 1994-cü ildən sonra ermənilər bir neçə dəfə təxribata əl atmaqla atəşkəs rejimini pozmuşdular. Haqqında bəhs etdiyimiz Ağdərə toqquşması miqyasına görə onların arasında ən böyüyü idi.
Bəs atəşkəs rejimində Ağdərə toqquşması və yaxud Tərtər hərbi təxribatı niyə baş vermişdi? İlk vaxtlarda Ermənistanın hərbi-siyasi rəhbərliyi baş verənləri Azərbaycanın təmas xəttində atəşkəsi pozması ilə əlaqələndirməyə çalışırdı. Guya? Ermənistan Azərbaycanın keçmiş təmas xəttinin Ağdərə istiqamətində hansısa bir təxribat törətməsinə cavab olaraq məcburi addımlar atmalı olub.
Lakin sonradan Ermənistan cəmiyyətinin özündə də təsdiqləndi ki, bu kimi versiyalar blefdən başqa bir şey deyil. Son vaxtlarda Ermənistanın hazırkı rəhbərliyi, şəxsən baş nazir Nikol Paşinyan tarix boyunca mövcud olmuş erməni miflərini dağıdır, o cümlədən də keçmiş Dağlıq Qarabağ münaqişəsinin gerçək mahiyyətini açıb göstərir. N.Paşinyanın təbirincə desək, otuz il ərzində Ermənistanın sabiq rəhbərləri - L.T.Petrosyan, R.Köçəryan, S.Sarkisyan Qarabağ kartından öz hakimiyyətlərini qorumaq üçün bir vasitə kimi istifadə ediblər. Onlar erməni xalqının faciələri üzərində öz xoşbəxtliklərini axtarıblar - külli miqdarda sərvət toplayıblar, eyş-işrət içində yaşayıblar, ölkənin uğursuzluqlarını, ermənilərin səfalət içində yaşamalarını isə Qarabağ müharibəsi ilə əlaqələndiriblər. Ağdərə toqquşması Ermənistanın o dövrdəki hakimiyyətinin - R.Köçəryan - S.Sarkisyan cütlüyünün növbəti məkrli planı idi.
Ermənistanda seçki saxtakarlığı və dərhal baş verən Ağdərə toqquşması
Mühüm ictimai-siyasi hadisələr ərəfəsində müxtəlif manipulyasiyalara əl atılması, təxribatlar, iğtişaşlar törədilməsi, hətta sifarişli qətllər törədilməsi, parlamentin gülləbaran edilməsi Ermənistanda geniş intişar tapmış siyasi texnologiyadır. Bir-birinə müxalifətdə dayanan qüvvələr sağlam rəqabət aparmaq əvəzinə, qarşı tərəfi nüfuzdan salmaq və yaxud tamam sıradan çaxartmaqdan ötrü belə çirkin vasitələrə tez-tez əl atırlar. Ağdərə toqquşması bunun ən tipik nümunələrindən biridir. Ağdərə toqquşmasının Ermənistanda 2008-ci ilin fevral ayında keçirilən prezident seçkilərindən dərhal sonra baş verməsi heç bir halda təsadüfi sayıla bilməz. Erməni ekspertlərinin də təsdiqlədiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş təmas xəttinin Ağdərə istiqamətində təxribat törədilməsi ölkə gündəmini dəyişmək, ictimaiyyətin diqqətini seçkilərin saxtalaşdırılması səbəbindən yaranan ajiotajdan yayındırmaq məqsədi daşıyırdı.
O dövrdə Ermənistanda daxili vəziyyət kritik dərəcədə gərgin idi. Bu gərginlik ölkədə 2008-ci il 19 fevral tarixində keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasından qaynaqlanırdı. Seçkilərdə S.Sarkisyan və L.T.Petrosyan əsas rəqiblər idilər. Prezident R.Köçəryan baş nazir S.Sarkisyanın namizədliyini dəstəkləyirdi. Prezidentliyə namizəd olan L.T.Petrosyan isə hakimiyyəti sərt şəkildə tənqid edirdi. O, Köçəryan iqtidarını kütləvi korrupsiya əməllərində və son beş il ərzində “dörd milyard dollardan azı üçün” mənimsəməsində günahlandırırdı. L.T.Petrosiyan qətiyyətlə bildirirdi ki, prezident seçiləcəyi təqdirdə bu cinayətlər hüquqi müstəvidə araşdırılacaq və günahkarlar mütləq qaydada cəzalandırılacaq.
Saxtakarlıqla keçirilən 19 fevral seçkilərinin nəticələri S.Sarkisyanın xeyrinə elan edildikdən dərhal sonra - fevralın 20-də L.T.Petrosyanın çağırışı ilə paytaxt İrəvanda və regionlarda kütləvi etiraz aksiyaları başladı. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həyatını itirdi, 33 polis əməkdaşı xəstarət aldı, bütövlükdə xəstəxanalara müraciət edənlərin sayı təxminən 230 nəfərə çatdı. Mitinqlər təxminən 10 gün ərzində fasiləsiz şəkildə davam etdirildi. İrəvanın küçə və meydanlarında çoxlu sayda çadırlar qurulmuşdu. Nümayişçilərin arasında qadınlar, uşaqlar və yaşlılar var idi, onlar, həmçinin gecə çadırlarda qalırdılar. Levon Ter-Petrosyan isə polis əməkdaşları tərəfindən məcburi olaraq öz evinə gətirilmişdi və o, faktiki olaraq ev dustaqlığına məhkum edilmişdi.
Mitinqlərin genişlənməsindən və getdikcə daha idarəolunmaz hala gəlməsindən təşvişə düşən hakimiyyət ölkədə 20 günlük fövqəladə vəziyyət elan etdi. Prezident R. Köçəryan öz qərarını nümayişçilərin Maştots prospekti yaxınlığındakı mağazaları qarət etmələri, polis avtomobillərinin və avtobusların yandırılması, həmçinin polis işçilərinə ağır xəsarət yetirilməsi ilə əsaslandırdı.
Bundan sonra hakimiyyətin növbəti taktikası ölkə gündəmini dəyişmək oldu. Yenə də ənənəvi Qarabağ kartına əl atıldı və hakimiyyətin ssenarisi əsasında keçmiş təmas xəttinin Ağdərə istiqamətində növbəti təxribata əl atıldı. Bu zaman Ermənistanın hərbi-siyasi rəhbərliyi yenə də köhnə bəhanələri təkrarladı - guya, Azərbaycan Ordusu atəşkəsi pozub və Ermənistan tərəfi də bunun qarşısını almaq məcburiyyətində qalıb.
Keçmiş təmas xəttində təxribata rəvac verən Ermənistan rəhbərliyi İrəvandakı seçki ajiotajını səngitmək məqsədi ilə Ağdərə toqquşmasını cəmiyyətə növbəti hərbi uğur kimi sırımağa çalışdı. Ermənistanın rəsmi qurumlarının məlumatında toqquşmalar zamanı guya, canlı qüvvə sarıdan itki verilmədiyi, yalnız iki əsgərin yaralandığı bildirilirdi. Çox keçmədi ki, Ermənistan hakimiyyətinin bu təsəlli yalanları faş edildi. Belə ki, Ağdərə toqquşmasında Ermənistan silahlı qüvvələrinin 12 hərbçi itirdiyi müxtəlif kanallar vasitəsi ilə təsdiqləndi. Beləliklə də, R.Köçəryan iqtidarının rəvac verdiyi Ağdərə toqquşması ölkə daxilində hakim komandaya qarşı nifrəti daha da artırdı.
Mübariz ABDULLAYEV