“Əl-Nəsr”in mətbuat xidməti X sosial media səhifəsində 41 yaşlı hücumçu və komandanın kapitanı Kriştiano Ronaldonun zədə aldığını açıqlayıb.
“Kriştiano Ronaldoya “Əl-Feyha” ilə son oyundan sonra bud əzələsindən zədə diaqnozu qoyulub. O, reabilitasiya proqramına başlayıb və hər gün nəzarətdə olacaq”, – deyə klubun açıqlamasında deyilir.
Daha əvvəl mediada Ronaldonun bölgədə baş verən hərbi əməliyyatlar səbəbindən Səudiyyə Ərəbistanını tərk etdiyi bildirilirdi.
“Əl-Nəsr” Səudiyyə Pro Liqasının 24-cü turunda “Əl-Feyha” ilə oyunda 3:1 hesabı ilə qalib gəlib. Ronaldo matçın 81 dəqiqəsində meydanda olub. Portuqaliyalı hücumçu 11-ci dəqiqədə penalti zərbəsini qaçırıb.
Ronaldo bu mövsüm Pro Liqada ümumilikdə 22 oyunda 21 qol vurub.