Tanınmış müğənni Murat Dalkılıç növbəti dəfə bıçaq altına yatıb. Burnundakı anadangəlmə sümük problemi səbəbindən illərdir çətinlik çəkən sənətçi artıq 13-cü dəfə əməliyyat olunub. "Kasaba", "Lüzumsuz Savaş" kimi hit mahnıların müəllifi olan ifaçı səhhəti ilə bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.
42 yaşlı müğənni əməliyyatın uğurlu keçdiyini bildirərək sevənlərinə təşəkkür edib. O, özünə yeni gəldiyini və həkiminin verdiyi proqnozların onu ümidləndirdiyini qeyd edib. Dalkılıç bu problemin birdəfəlik həll olunacağına inandığını vurğulayıb. Sənətçi əvvəllər verdiyi açıqlamalarda burnundakı sümüklərin kənara doğru böyüdüyünü və keçmiş əməliyyatların birində qığırdağının götürülməsinin işləri çətinləşdirdiyini demişdi. Bu səbəbdən bədəninin müxtəlif yerlərindən alınan toxumalar burnuna köçürülür.
Müğənni həmçinin son günlər gündəmi zəbt edən narkotik qalmaqalına da aydınlıq gətirib. İstintaq çərçivəsində saxlanılıb sərbəst buraxılan Dalkılıç test nəticələrinin neqativ çıxdığını bəyan edib. O, əməliyyat keçirdiyi üçün bu barədə gec açıqlama verdiyini bildirib.
Şəxsi həyatı ilə də diqqət çəkən ifaçının aktrisa Özgü Kaya ilə münasibətləri davam edir. Cütlüyün gələn yay nikah masasına oturacağı barədə iddialar səsləndirilir.//Demokrat.az