"Zirə"nin qapıçısı Aydın Bayramov ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sumqayıt"la qolsuz bərabərliklə bitən matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Oyun necə keçdi?
- Ağır oyun oldu. Çətin matç olacağını bilirdik. Çünki "Sumqayıt" hər iki yarşda bizim əsas rəqiblərimizdən biridir. Çox qol imkanlarımız oldu. Təəssüf ki, fərqlənə bilmədik. Amma qarşıda cavab görüşü var. Hər şeyə həmin görüşdə aydınlıq gələcək.
- Kənardan ehtiyatlı oyuna üstünlük verdiyiniz görünürdü. Bu, nə ilə bağlıydı?
- Belə oyunlar üçün normaldır. Cavab görüşünü də düşünmək lazımdır. Digər tərəfdən üç gündən bir oynadığımızı nəzərə alsaq, normal nəticə idi.
- Hər iki cəbhədə də uğurlu olmaq şanslarınız yüksəkdir. Daha çox Premyer Liqa sizin üçün önəmlidir, yoxsa ölkə kuboku?
- Hər ikisində də sona qədər davam etmək istəyirik.
- Potensial rəqiblərinizin "Kəpəz" və "Turan Tovuz"dan biri olacağını nəzərə alsaq, final yolunun nisbətən rahat olduğunu demək olar?
- Yox, belə düşünmürəm. Bu gün asan rəqib yoxdur. Hər iki rəqibin gücü hamımıza tanışdır. Finala gedən yol elə də asan deyil.
- Liqada son 5 görüşdə komanda qələbə qazana bilmir. "Zirə"də baş verir?
- Heç bir problem yoxdur. Hər şey qaydasında gedir. Uzun marafonda məğlubiyyətlər də olur. Normal haldır. Məsələn, "Sabah"la son görüşdə də yaxşı çıxış etmişdik. Sadəcə rəqib daha uğurlu ola bilmişdi.
- Premyer Liqada da qarşıdakı görüşünüz "Sumqayıt" olacaq. Qısa müddətdə eyni rəqiblə üz-üzə gəlmək yorucu deyil?
- Yox, nəsə problem yoxdur. Məqsədimiz qələbə qazanmaqdır. Bunun üçün mübarizə aparacağıq.
XANOĞLAN İMANOV