Rəsmi Moskva Yaxın Şərqdə artan hərbi gərginlik fonunda kəskin bəyanatla çıxış edərək mümkün nüvə silahlanması yarışına dair xəbərdarlıq edib. Rusiya hakimiyyəti ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatların regionu geri dönüşü olmayan təhlükəli mərhələyə sürükləyə biləcəyini bildirir.
KONKRET.az-ın məlumatına görə Sergey Lavrov deyib ki, İranın hava məkanında son günlər reallaşan hücumlar regional sabitliyi ciddi şəkildə sarsıdır. Onun sözlərinə görə, hərbi müdaxilələr yalnız Tehrana deyil, digər ölkələrə də təhlükəsizlik təminatı üçün alternativ yollar axtarmaq mesajı verir və bu, Yaxın Şərqdə nüvə silahlanması riskini artırır. Nazir vurğulayıb ki, belə addımlar diplomatik səyləri arxa plana keçirir və böhranın siyasi həll imkanlarını zəiflədir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılan rəsmi bəyanatda isə ABŞ və İsrailin addımları “təxribat xarakterli” kimi qiymətləndirilib. Qeyd olunub ki, hərbi əməliyyatların genişlənməsi təkcə humanitar və iqtisadi böhran yaratmır, eyni zamanda radioloji təhlükələrin yaranması riskini də artırır. Moskva hesab edir ki, mövcud gərginlik qlobal təhlükəsizlik arxitekturasını sarsıda və beynəlxalq nəzarət mexanizmlərini zəiflədə bilər.
Rusiya tərəfi beynəlxalq ictimaiyyəti proseslərə laqeyd qalmamağa çağıraraq, tərəflərin dərhal gərginliyi azaltması və danışıqlara başlamasının vacibliyini vurğulayıb. Moskva hesab edir ki, vəziyyətin nəzarətdən çıxması təkcə region üçün deyil, bütün dünya üçün ciddi nəticələr doğura bilər.\\Demokrat.az