AZ

Fitrə vacibdirmi? -

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Azərbaycanda fitrə zəkatının məbləğini adambaşına 10–15 manat civarında müəyyənləşdirib. Lakin bəzi ailələrdə maddi imkan buna çatmır və ya çətinlik yaradır. Bu halda nə etmək lazımdır? Maddi imkanı məhdud olan şəxs fitrəni nə vaxtadək gecikdirə bilər və ya sonradan ödəyə bilərmi?İlahiyyatçı Ağa Hacıbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, fitrə sədəqəsi Ramazan ayının son günü ilə bağlı olan, xüsusilə bayram namazından əvvəl verilən və maddi ibadət sayılan bir əməldir. Onun sözlərinə görə, peyğəmbərimiz buyurur ki, tutulan oruclar səmada asılı vəziyyətdədir və fitrə sədəqəsi verilməklə onların Allah qatında qəbulu təmin olunur:"Diqqət yetirilməli məqamlardan biri budur ki, fitrə sədəqəsi zəngin insanların fəqirlərə yardım etməsi üçündür. İslamda nisab həddinə, yəni təxminən 83 qram qızıl dəyərində var-dövləti olan şəxs zəngin sayılır. Bu həddi aşan insan artıq ehtiyaclılara dəstək vermək imkanına malik hesab olunur. Bu, dini ölçüdür və bu şəkildə dəyərləndirilir. Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi məbləğ isə minimum həddir. Əsrlər boyu müsəlmanlar fitrəni buğda, arpa, düyü, kişmiş və ya xurma kimi əsas ərzaq məhsullarından təqribən bir nəfər üçün 3 kilo miqdarında çıxarıblar. Bu, nisab həddi kimi qəbul olunub və ibadət bu qaydada yerinə yetirilib. Müasir dövrdə isə həmin ərzaq dəyəri pul şəklində təqdim edilir və bunda dini baxımdan bir maneə yoxdur". A.Hacıbəyli qeyd edib ki, imkanı çatmayan şəxsə fitrə sədəqəsi vacib deyil:"Ramazan ayı boyunca tez-tez eşidirik ki, insanlar 150, 200, hətta 300 manatlıq süfrələrə qatılırlar. Lakin söhbət fəqirə yardım etməyə gəldikdə, bəzən tərəddüd yaranır, “imkanım çatmır” kimi fikirlər səslənir. İmkanı olan bunu yerinə yetirməlidir. İslam dini imkansız insana gücünün fövqündə ibadət yükləmir. Fitrə sədəqəsi, əslində, zəngin adamların fəqir adamlara yeni bir qapı açması, yeni bir körpü qurması və onlara yardım etməsi üçündür".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
129
metbuat.az

1Mənbələr