AZ

İran-İsrail dostluğunun qanlı sonu – 1979-cu ilə qədər yəhudilər İranın nüvə proqramına kömək edirmiş

İsrail-İran münasibətlərinin tarixi qədimdir. Yəhudilər müasir İran ərazisində Əhəmənilər imperiyasının kralı Kirin dövründən bəri yaşayıblar. Ölkədəki yəhudi əhalisi zamanla əhəmiyyətli dərəcədə azalsa da, 1970-ci illərdə İranın şahənşahlar dövləti İsrailin ən yaxın müttəfiqlərindən biri hesab olunub. İslam inqilabından qısa müddət sonra İsrail siyasətçiləri İrandakı yeni rejimi “ən yaxşı dost” adlandırıblar.

100 il əvvəl

1925-ci ildə Pəhləvi sülaləsinin İranda hakimiyyətə gəlməsi yəhudi icmasına qarşı əlverişli münasibət dövrünün başlanğıcını qoyub. Yeni hökumət dövründə ayrı-seçkilik qanunları ləğv edilib və yəhudi məktəbləri milli təhsil sisteminə inteqrasiya edilib. II dünya müharibəsi zamanı İranda yəhudilərə qarşı münasibət fərqli olub. Ari irqinin üstünlüyü haqqında nasist ideyalarını qəbul edən İran ziyalıları bunu ölkənin həm yəhudi, həm də ərəb əhalisinə qarşı istifadə ediblər. Lakin hər kəs bu fikri qəbul etməyib. Müharibənin gedişində iranlı diplomatlar Avropa ölkələrinin yəhudi əhalisinin xilas edilməsində iştirak ediblər. Onlardan biri də Parisdəki İran konsulu Əbdül-Hüseyn Sərdari olub. O, İran vətəndaşı olmayanlar da daxil olmaqla təxminən iki min yəhudini xilas edib.

0f6f3562-e819-455e-948a-5ad4ed121414.jpeg

Müharibədən sonra İran Fələstindəki vəziyyəti qiymətləndirmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) komissiyasının işində iştirak edib. İran Fələstin ərazisinin iki dövlətə bölünməsi ideyasına qarşı çıxan və onun federallaşdırılması planına səs verən azsaylı ölkələrdən biridir.

İsrailin 1947-c ildə başlayan iki illik müharibəsi zamanı İran İsrail əleyhinə koalisiyanı dəstəkləyib, lakin yalnız maddi dəstək verib. Hakimiyyət orqanları müsəlman lideri ayətullah Əbulqasım Kaşani tərəfindən səfərbər edilmiş könüllülərin göndərilməsinə mane olmayıb. İsrailin yaradılması və müharibədəki qələbəsindən sonra ərəb ölkələrində baş verən zorakılıq və iğtişaşlar İranda yəhudilərin əleyhinə əhval-ruhiyyənin artmasına səbəb olub və bu da icmanın bir çox üzvünü ölkəni tərk etməyə məcbur edib.
Əlaqələrin qurulması

İsrailin yaradılması fakta çevrildikdən sonra İran hakimiyyəti ABŞ-nin köməyi və BMT vasitəsilə onunla əlaqə qurmağa çalışıb. İsrailin tanınması məsələsi isə şah Məhəmməd Rza Pəhləvinin 1949-cu ildə Vaşinqtona səfəri zamanı müzakirə edilib. İran-İsrail əməkdaşlığının intensivləşməsinə Türkiyənin İsraili rəsmi olaraq tanıması təkan verib. Bu, müsəlman ölkəsi üçün bir presedent yaradıb və İran hakimiyyəti İslam dünyasındakı nüfuzları barədə narahat olmağı dayandırıb.

3f38668b-9a8c-473a-b97a-256b43035bb9.jpeg

1950-ci ilin mart ayında İran hökuməti İsraili tanıyıb, lakin yalnız de-fakto. Bu, lazımsız mübahisələrə səbəb olmamaq üçün parlamentin tətili zamanı baş verib. İsrailin tanınmasının böyük rüşvətlər hesabına təmin edildiyinə dair bir nəzəriyyə də var: İranlı nazirlər əvvəlcədən 400.000 dollardan çox pul alıblar. Misirdəki dövlət çevrilişindən, Yaxın Şərqdə yeni inqilabi ideologiyanın yayılmasından və sovet təsirinin artmasından sonra İsrail və İran, mahiyyət etibarilə, eyni düşərgədə olublar. 1950-ci illərin əvvəllərində İsrail ABŞ-nin yaxın tərəfdaşına çevrilib, İran Böyük Britaniya, ABŞ və Türkiyənin təşəbbüsü ilə yaradılan və 1955-ci ildən 1979-cu ilə qədər mövcud olan Yaxın və Orta Şərqdə Qərb mərkəzli hərbi-siyasi qrup olan “Bağdad paktı”na qoşulub.

1967-ci ildə baş verən “Altı günlük müharibə” zamanı İran, ərəb ölkələrinin etirazlarına baxmayaraq, İsrailə neft tədarükünü davam etdirib və 1973-cü ildə Yom Kippur müharibəsi zamanı hətta İsrail ordusuna 25 “Fantom” təyyarəsi verib. İran və İsrailin digər ortaq düşməni İraqdakı BƏƏS rejimi idi: ölkələr birlikdə Səddam Hüseynin əleyhdarları olan kürd separatçılarının kəşfiyyat xidmətinin yaradılmasına kömək ediblər və onların İraq rəhbərliyi ilə barışmasına qarşı çıxıblar.

İqtisadi əlaqələr

004e615c-5cec-4e36-89e2-51c9029cac23.jpeg

İki ölkə həmçinin qarşılıqlı faydalı ticarət əlaqələri qura bilib. İran İsrailə sənaye malları, tibbi avadanlıqlar və texniki yardım müqabilində kənd təsərrüfatı məhsulları və neft verib. Bundan əlavə, İsrailin Eylat limanı Avropaya gedən İran karbohidrogenləri üçün mühüm tranzit məntəqəsinə çevrilib. Birgə layihələrə Tehran yaxınlığında İsrailin tibb və farmakologiya sahəsindəki nailiyyətləri üçün mərkəzin yaradılması və İsrail ərazisində Süveyş kanalına alternativ olan Eylat-Aşkelon boru kəməri daxildir. İsrailin “Rassco” şirkəti İranın Bəndər Abbas və Buşehr limanlarında 12 mindən çox yaşayış və infrastruktur obyekti inşa edib. Şah Pəhləvinin devrilməsi ərəfəsində İsrailin İrana ixracı 100 milyon dolları keçib - bu, Türkiyə və Yaponiyanın birlikdə ixracından çox olub. Maraqlıdır ki, İsrailin İran hökumətinə olan borcu bu vaxta qədər 1 milyard dollar təşkil edib. Bu dövr həm də yəhudi icması üçün ən çiçəklənən dövr olub.

Yəhudilər İran əhalisinin yalnız kiçik bir hissəsini təşkil etsələr də, 1979-cu ildə İran Elmlər Akademiyasının 18 üzvündən ikisi, 4000 universitet professorundan 80-i və 10.000 həkimdən 600-ü yəhudi olub.

İran “Arye” (“Lavi”) qırıcı təyyarəsi layihəsi də daxil olmaqla, müxtəlif İsrail silah sistemlərinin inkişafını maliyyələşdirib. Gəmi əleyhinə raketlərin hazırlanması üzrə birgə səy olan "Flower" layihəsi də həyata keçirilib. Bəzi məlumatlara görə, İsrail şah administrasiyasına öz nüvə proqramının inkişafına fəal şəkildə kömək edib, çünki bu proqram ərəb rejimlərinə qarşı yönəlib.

Eyni zamanda, bu dövrdə geniş əməkdaşlıq qeyri-rəsmi olaraq qalıb. Şah Pəhləvi ərəb tərəfdaşları ilə münasibətləri pozmaq istəməyib; əksinə, regional liderliyə can atıb. İran nümayəndələrinin əlaqələrini gizlətmək üçün İsrailə səfərləri pasportlarında möhür olmadan Türkiyə vasitəsilə həyata keçirilib. İsraildəki İran missiyasının heyətinin İsveçrədə olduğu qeyd olunub.

“Düşmənimin düşməni mənim dostumdur”

823a4cea-ed2f-496e-9e6a-8a9b64982ded.jpeg

 

1979-cu il İranda yeni hakimiyyət İsraillə bütün rəsmi əlaqələri kəsib, birgə layihələri dayandırıb və hətta Tehrandakı İsrail səfirliyinin binasını Fələstin Azadlıq Təşkilatına təhvil verib. Buna baxmayaraq, 1979-cu ildə İsrail yeni İran rejimini qanuni olaraq tanıyıb və ölkələr arasında İrandan yəhudi mühacirəti məsələsində əlaqələr davam edib.

Tezliklə iki ölkəni yenidən ortaq düşmən birləşdirib: Səddam Hüseyn. 1980-ci ildən 1988-ci ilə qədər İran-İraq müharibəsi zamanı İsrailin İran hökumətinə silah tədarükünün dəyəri üç milyard dollar olub. Əlbəttə ki, bütün bunlar köhnə modelə uyğun olaraq - vasitəçilərin araçılığı ilə həyata keçirilib. İsrail kəşfiyyat orqanları hətta ABŞ embarqosuna baxmayaraq, İrana Amerika silahlarının tədarükündə iştirak ediblər. Lakin 1990-cı illərdə İranın İsrailə qarşı hərəkətləri daha da düşmənçilik xarakteri alıb.

630f2ec8-f726-4b60-a68c-37148684972b.jpeg

“Hizbullah” və “HƏMAS”a dəstək vəziyyəti gərginləşdirib. Ayətullah Xamneyi də öz növbəsində İsraili dəfələrlə Yaxın Şərqdə "xərçəng şişi" adlandıraraq onu məhv etmək üçün müqəddəs müharibəyə çağırıb. Lakin bu gün regionda tamam ayrı mənzərə yaranıb. Çağırış edən şəxs ailə üzvləri ilə birgə öldürülüb, keçmiş dost düşmənə çevrildiyini sübut edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

Seçilən
42
musavat.com

1Mənbələr