AZ

Bakıda tapılır, rayonlarda yox: Ölümcül virusdan qorunma yolu

Human papillomavirus (HPV) peyvəndi profilaktik məqsədlə tətbiq olunur və bir sıra xərçəng növlərinin qarşısının alınmasında mühüm rol oynayır. Bu mövzu həm ictimai sağlamlıq, həm də fərdi qorunma baxımından aktuallığını qoruyur. Peyvəndin nə dərəcədə vacib olduğu və kimlər üçün tövsiyə edildiyi barədə suallar tez-tez gündəmə gəlir. Yaş məhdudiyyəti, əlçatanlıq və mümkün yan təsirlər də müzakirə olunan əsas məqamlardandır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış həkim Rəşad Sultan Demokrat.az-a bildirib ki, HPV peyvəndi uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusundan qoruyur:

“Bu xəstəlik uşaqlığın boyun hissəsində, yəni həmin toxumada yaranan xərçəngdir. Xəstəlik gec aşkar edildikdə ağır xarakter daşıyır və geniş cərrahi müdaxilə tələb edir. Eyni zamanda uzunmüddətli şüa müalicəsi də lazım olur. Bu xəstəlik daha çox 30–40 yaş aralığındakı qadınlarda müşahidə edilir. Bu yaş qrupunda ölüm və ağırlaşma faizi yüksəkdir. Həm müalicəsi, həm də gənc yaşda qadınlara təsiri göstərir ki, bu, çox ciddi və aktual məsələdir. Xəstəliyin yüz faiz virus tərəfindən törədildiyi sübut olunub. Əgər həmin virusun orqanizmdə yayılmasının qarşısını alsaq, infeksiyanın da qarşısını ala bilərik. Virusun qarşısını almaq üçün peyvənd hazırlanıb və artıq 20 ilə yaxındır ki, dünyada tətbiq olunur. Peyvəndin vacibliyi də məhz bundan ibarətdir”.

Həkimin sözlərinə görə, virus qadınlarda uşaqlıq boynu xərçənginə səbəb olduğu kimi, kişilərdə də daha az faizlə digər xərçəng növlərinə yol aça bilər:

“Buna görə də peyvənd oğlanlara da məsləhət görülür. Həmçinin kişilərdə profilaktika qadınları da qoruyur, çünki virus cinsi yolla ötürülür. Ona görə də peyvəndin həm qızlara, həm də oğlanlara vurulması tövsiyə olunur. Peyvənd 9 yaşdan sonra vurulmalıdır. 9–14 yaş aralığında iki doza, 15 yaşdan sonra isə üç doza tətbiq edilir”.

O deyib ki, Azərbaycanda əlçatanlıq baxımından hazırda bir çox apteklərdə və xəstəxanalarda peyvəndi tapmaq mümkündür:

“Hər bir qadın öz ginekoloquna və ya həkiminə müraciət edərək bu peyvəndi ödənişli şəkildə vurdura bilər. Bakıda mümkündür, lakin rayonlarda tapmaq çətin ola bilər. Bir çox inkişaf etmiş ölkələrdə peyvənd dövlət proqramına daxil edilib və ödənişsiz tətbiq olunur. Çünki bu, həm dövlət üçün, həm də sağlamlıq sığortası sistemləri üçün sərfəlidir.

Peyvəndləmə uşaqlıq boynu xərçənginin müalicəsindən daha ucuz başa gəlir. Ona görə də inkişaf etmiş ölkələr bu peyvəndi pulsuz təqdim edirlər.

Azərbaycanda da bu məsələ illərdir müzakirə olunur. Əslində, plan və proqram Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və tövsiyələri ilə hazırdır. Gözlənilir ki, yaxın zamanda Azərbaycanda da bu peyvənd pulsuz tətbiq olunsun”.

Seçilən
11
2
konkret.az

3Mənbələr