AZ

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib

Bakı, 3 mart, AZƏRTAC

Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının mövzusu bizə həm nailiyyətlərimiz barədə düşünməyə, həm də sürətlə inkişaf edən enerji bazarlarını nəzərə alaraq əməkdaşlığın növbəti mərhələsini müəyyən etməyə gözəl şərait yaradır. Bu gün Cənub Qaz Dəhlizi (CQD) 21-ci əsrin ən mühüm əhəmiyyət kəsb edən enerji infrastruktur layihələrindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov Cənub Qaz Dəhlizi sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, CQD dəyəri təxminən 33 milyard dollar məbləğində qiymətləndirilən 7 ölkənin və bir çox şirkətlərin birbaşa iştirakı ilə reallaşdırılan mürəkkəb və həqiqətən transmilli enerji dəyər zəncirini təşkil edir.

“Texniki mükəmməlliyi və geniş investisiya cəlb olunması ilə seçilən bu layihə güclü siyasi öhdəlik, sıx kordinasiya və bütün tərəfdaşlar arasında ortaq bir strategiya üzərində qurulub. Məşvərət Şurası Cənub Qaz Dəhlizinin ilk mərhələsindən hazırkı genişlənmə mərhələsinə qədər çox mühüm rol oynayıb. Bu platforma hökumətləri, şirkətləri, maliyyə institutlarını və beynəlxalq maraqlı tərəfləri bir araya gətirərək onlar arasında səmərəli kordinasiya işinin qurulması, çətinliklərin praktik olaraq həll edilməsi və strateji uyğunluğun qorunub-saxlanılması baxımından əhəmiyyətli rol oynayaraq texniki cəhətdən iddialı bir layihəni davamlı tərəfdaşlığa çevirməyi bacarıb. İstismara verilməsidən 1 fevral 2026-cı il tarixinədək “Şahdəniz 2” yatağının işlənməsinin mərhələsi çərçivəsində 87 milyard kubmetr də daxil olmaqla, “Şahdəniz” yatağından 267 milyard kubmetr təbii qaz və 52,7 milyon ton kondensat hasil edilib. “Şahdəniz” yatağından təkcə keçən il 27,4 milyard kubmetr qaz və 3,8 milyon ton kondensat hasil edilib. Cənub Qaz Dəhlizi enerji mənbələrinin şaxələndirilməsini təmin edərək, Avropanın enerji xəritəsini kökündən dəyişdirib. O, daha çox karbon tutumlu yanacaqlara daha təmiz alternativ təqdim etməklə və enerji sektorunun davam edən transformasiyası zamanı sistem sabitliyinə töhfə verməklə Aİ-nin yaşıl keçid üzrə hədəflərini dəstəkləyərək enerji təhlükəsizliyini daha da möhkəmləndirir”, - deyə SOCAR-ın vitse-prezidentinin müavini vurğulayıb.

TRIPP layihəsinin təkcə ticarət və tranzit üçün deyil, həm də Orta Asiya, Azərbaycan, Türkiyə və Avropa bazarları arasında neft, təbii qaz və elektrik enerjisi axınları üçün imkanları genişləndirəcəyini deyən Vitaliy Bəylərbəyov bununla da bu layihənin mövcud enerji əlaqələrini gücləndirməklə yanaşı, yaşıl enerjinin ötürülməsi və aşağı karbonlu enerji sistemlərinin inteqrasiyası üçün yeni perspektivlər açdığını sözlərinə əlavə edib: “Marşrutların şaxələndirilməsini, sistemin dayanıqlığını və regional qarşılıqlı asılılığı artırmaqla TRIPP layihəsi Orta Dəhlizi daha da inkişaf etdirəcək”.

Seçilən
14
2
azertag.az

3Mənbələr