Xəbər verdiyimiz kimi, bir sıra müğənnilərə efir qadağasının tətbiq olunması haqda məlumat yayılıb.
Yenilik.az xəbər verir ki, Globalinfo.az siyahıda adı çəkilən bəzi müğənnilərlə əlaqə saxlayaraq məsələyə münasibət öyrənib.
Siyahıda adı olan müğənni Əli Mirəliyev məlumatı təkzib edib:
“Mən hər gün saat 10:55-dən 12:00-a qədər “Kanal S”də veriliş aparıram. Qadağa tətbiq olunsaydı, proqram bağlanar, mənə də rəsmi şəkildə məlumat verilərdi. Niyə belə əsassız xəbərlər yayaraq insanları əsəbiləşdirirlər, məqsədləri nədir, anlamıram. Hesab edirəm ki, bu cür yalan məlumatlara görə aidiyyəti qurumlar tədbir görməlidir. Adımı “qalmaqalçı” kimi təqdim edirlər. Halbuki mən kiminsə işinə qarışmıram, sadəcə musiqi savadım olduğu üçün oxuya bilməyənləri tənqid edirəm və buna haqqım çatır”.
Elitstar Cəmilə də siyahının həqiqəti əks etdirmədiyini bildirib:
“Mən Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Niyə adım o siyahıda olsun ki? Əgər doğrudan da qadağa varsa, siyahıya düşənlərə keyfiyyətli mahnılar ifa etməyi arzulayıram. Hər kəs çörəkpulu üçün oxuyur, ailəsinə ruzi aparmaq məqsədi ilə çalışır. İstedadlı gənclərimiz çoxdur, sadəcə bəzi ifaçılar repertuarını yeniləməlidir. Mənim 69, Əli Mirəliyevin isə 76 yaşı var. O da hər zaman düzgün musiqini təbliğ edib. Bizim kimi yaşlı adamlara qadağa qoyulması nə dərəcədə məntiqlidir? Gənc müğənnimiz Üzeyir Mehdizadəni demək olar ki, bütün dünya dinləyir. Sevilən ifaçılarımız var. Yanlış məlumat yayaraq insanların adını hallandırmaq düzgün deyil”.
Keçmiş meyxanaçı Elşən Xəzər isə məsələdən xəbərsiz olduğunu deyib:
“Hazırda efirə çıxmıram, meyxana da demirəm. Qadağa məsələsi haradan yaranıb? Açığı, bununla bağlı heç bir məlumatım yoxdur”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta