Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tbilisi, 3 mart, AZƏRTAC
Martın 3-də Gürcüstanın paytaxtı Tbilisidə "Alyans" Gənclər Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar qadınların görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, "Uğura gedən yol" adlı tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Gürcüstandakı Azərbaycan səfirliyinin məsul əməkdaşları, bu ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərərək uğur qazanan azərbaycanlı qadınlar iştirak ediblər.
"Alyans" Gənclər Mərkəzinin sədri Leyla Əmrahova bildirib ki, tədbirin məqsədi uğurlu qadınların fəaliyyətinin işıqlandırılması, onların nailiyyətlərinin təqdim olunması və qarşılıqlı fikir mübadiləsi üçün platformanın yaradılmasıdır.
Görüşdə tibb, mədəniyyət, idman, kosmetologiya, psixologiya, təhsil və digər sahələrdə çalışan qadınlar uğur hekayələrini bölüşüblər.
Görüş zamanı, həmçinin qadınların ictimai və peşəkar həyatda rolu müzakirə olunub.
Səfirliyin müşaviri Samir Əbdürəhimov Gürcüstanda müxtəlif sahələrdə uğur qazanan qadınların fəaliyyətinin qürurverici olduğunu bildirib. Eyni zamanda, Azərbaycanda qadınlara göstərilən diqqət və qayğıdan danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova qurumun xaricdə yaşayan azərbaycanlılara göstərdiyi dəstək barədə məlumat verib. Həmçinin qeyd edib ki, Gürcüstanda azərbaycanlı qadınların uğurları təqdirəlayiqdir və yüksək qiymətləndirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.