Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, məktəbəhazırlıq və ümumi təhsil pillələri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, dövlət başçısının sərəncamı çox lazımlıdır:
"Həm valideynlər tərəfindən bilinməsi və evdə tətbiq olunması lazım olan anlayışlardır, həm də müəllimlər tərəfindən müntəzəm dərslərdə mövzulara inteqrasiya olunması lazım olan anlayışlardır. Kibertəhlükəsizlik, rəqəmsal savadlılıq, internet mühitlərində məsuliyyətli davranış, onlayn davranış mövzuları çox əhəmiyyətli mövzulardır. Bunların tələbəyə, şagirdə çatdırılma forması önəmlidir. Müxtəlif praktiki üsullarla, oyunlarla, rollu oyunlarla və ya birbaşa virtual oyunlarla tələbələr, şagirdlər, təhsil alanlar bunu tətbiq edə, sınaqdan keçirə bilərlər. Müəyyən fəaliyyətlərlə bu mövzular işlənilsə, tələbəyə, şagirdə, təhsil alana öyrədilsə, o zaman daha effektiv nəticələr əldə olunar.

Yəni söhbət sadəcə mövzunun izah olunmasından yox, şagirdin mövzu üzərində müəyyən praktiki işlər aparıb müəllim tərəfindən rəy alması prosesindən gedir. Əgər müəllim şagirdin fəaliyyətinə rəy verdiyi zaman, şagirdlər bir-biri ilə qrup işləri həyata keçirib müəyyən fəaliyyətlər icra etdiyi zaman, artıq öyrənmə daha məntiqli, mənalı və mahiyyətli olar. Düşünürəm ki, burada daha hansı mövzular istifadə oluna bilər? Sosial media anlayışı məsələyə izah oluna bilər, yəni qeyd oluna bilər. Kibertəhlükəsizlik qeyd olunub, rəqəmsal savadlılıq qeyd olunub. Deməli, kibertəhlükəsizlik çox geniş bir mövzu olduğu üçün onun daxilində şəxsi məlumatların qorunması və sair məsələlər də qeyd oluna bilər, yəni onlar zatən qeyd olunacaq. Kibertəhlükəsizliyin daxilində, bilmirəm izah olunacaqmı, amma kiberbullinq anlayışı var. Kiberbullinq anlayışı da burada yenə özünə yer tapmalıdır. Ondan sonra şəkil və videoların hazırlanması və bölüşülməsi məsələsi, - hansı şəkillər bölüşülə bilər, hansı profillərlə bölüşülə bilər, - bu da yenə kibertəhlükəsizliyin əhatə dairəsinə daxildir. Bunları da daxil etsək, düşünürəm ki, yetərli olar. Sosial medianı da artıq qeyd etdim".
Nuriyyə NATİQQIZI