AZ

Türk ekspert: Yaxın Şərq və Cənubi Qafqazda dəyişən reallıqlar Azərbaycan–Türkiyə ittifaqını daha da gücləndirir

Bakı, 3 mart, AZƏRTAC

Yaxın Şərq və Cənubi Qafqaz regionlarında müşahidə olunan geosiyasi proseslər, təhlükəsizlik risklərinin artması və qlobal iqtisadi qeyri-müəyyənlik Azərbaycan ilə Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli jurnalist və siyasi ekspert Mustafa Söğüt bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən münaqişələr, enerji bazarlarında qeyri-sabitlik və böyük güclər arasında rəqabətin dərinləşməsi region ölkələrini daha sıx əməkdaşlığa sövq edir.

“Bu baxımdan Ankara ilə Bakı arasında formalaşmış müttəfiqlik modeli həm Cənubi Qafqazda, həm də Yaxın Şərqə yaxın coğrafiyada sabitlik üçün mühüm amildir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərini yeni mərhələyə daşıyaraq təhlükəsizlik, müdafiə, iqtisadiyyat və enerji sahələrində koordinasiyanı institusional əsaslara bağlayıb. Mövcud regional risklər bu sənədin əhəmiyyətini daha da artırır. Yaxın Şərqdəki gərginliklər enerji təchizatı marşrutlarının şaxələndirilməsini aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli strateji alternativ kimi çıxış edir. Trans-Anadolu Qaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi sabitlik layihələridir. Bu kəmərlər Yaxın Şərqdə baş verən hər hansı risklər fonunda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”, – deyə ekspert vurğulayıb.

M.Söğüt qeyd edib ki, Türkiyənin enerji habına çevrilmək strategiyası və Azərbaycanın etibarlı təchizatçı imici qarşılıqlı şəkildə bir-birini tamamlayır. Türkiyəli ekspert vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülh və iqtisadi inteqrasiya təşəbbüsləri regionun gələcək inkişafı üçün əsas şərtdir: “Azərbaycan və Türkiyə bu prosesdə aktiv rol oynayaraq nəqliyyat və logistika layihələrinin reallaşdırılmasına töhfə verirlər. Orta Dəhliz xətti Yaxın Şərq və Cənubi Qafqazı Avropa ilə birləşdirən yeni strateji arteriyaya çevrilir: “Bu baxımdan Ələt Azad İqtisadi Zonası və Türkiyənin güclü sənaye-logistika infrastrukturu regional iqtisadi inteqrasiyanı sürətləndirən əsas platformalardır. Yaxın Şərqdə və Cənubi Qafqazda artan risklər fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qarşılıqlı investisiyaların genişlənməsi, sənaye zonaları arasında əməkdaşlıq və birgə istehsal layihələri iqtisadi dayanıqlığı artırır. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində birgə təşəbbüslər regionun iqtisadi xəritəsində yeni balans yaradır. Yaxın Şərqdə və Cənubi Qafqazda davam edən mürəkkəb proseslər göstərir ki, Azərbaycan–Türkiyə tandemi yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş region üçün sabitləşdirici faktor kimi çıxış edir. Bu strateji ittifaq həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından qarşıdakı illərdə daha da möhkəmlənəcək”.

Seçilən
97
1
azertag.az

2Mənbələr