AZ

XRG SOCAR-la əməkdaşlığı hasilatdan Aİ-yə enerji resurslarının təchizatına qədər genişləndirir

Xəzər regionu XRG (ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu) qlobal investisiya platformasının strategiyasında mərkəzi yer tutur.

"Report" xəbər verir ki, bunu XRG-nin Azərbaycan üzrə ölkə meneceri Tolqa Demir Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

"Qlobal investisiya platforması olaraq, biz artan qlobal enerji ehtiyaclarını ödəməyə yönəlmiş şaxələndirilmiş portfel formalaşdırırıq və Xəzər regionu strategiyamızın əsas elementidir", - o qeyd edib.

T.Demir vurğulayıb ki, daha əvvəl şirkət hər iki ölkənin ali rəhbərliyinin dəstəyi ilə Cənub Qaz Dəhlizi layihəsində pay alıb: "Bu saziş XRG-nin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığını genişləndirir - qaz hasilatından tutmuş şaxələndirilmiş və təhlükəsiz təchizata can atan Avropa bazarlarına enerji resurslarının etibarlı tədarükünün təmin edilməsinə qədər. Bu dəhlizə investisiya yatırmaqla biz uzunmüddətli enerji təhlükəsizliyini möhkəmləndirir və eyni zamanda, Azərbaycanın istehsalçılarla istehlakçılar arasında strateji körpü kimi rolunu gücləndiririk".

Xatırladaq ki, "İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu" 2025-ci ilin noyabrında imzalanıb.

Seçilən
11
far.az

1Mənbələr