Türkiyənin iki jurnalisti İsrailin paytaxtı Təl-Əvivdə saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, onlar CNN Türk kanalının müxbiri Emrah Çakmak və operator Halil Kahramandır.
İsrail hərbçiləri küçədə aparılan canlı yayına müdaxilə edərək yayını qəfl dayandırıblar.
Məlumata görə, yayında jurnalistlər hücum anını və mülki şəxslərin sığınacaqlara enməsi prosesini izləyicilərə çatdırırmış. Təhlükənin aradan qalxdığı barədə xəbərdarlıqdan sonra sakinlərin yenidən küçələrə çıxması görüntülənərkən hərbçilər yayım qrupuna yaxınlaşaraq canlı efiri dayandırıb.
Canlı yayım zamanı müxbirin İsraildə mediaya tətbiq olunan senzura və xüsusilə xarici jurnalistlərə qarşı zaman-zaman baş verən müdaxilələr barədə danışdığı, müdaxilənin isə bu fikirlərdən dərhal sonra baş verdiyi bildirilir.
Hakim Ədalət və inkişaf Partiyasının sözçüsü Ömer Çelik jurnalistlərin saxlanılmasını mətbuat azadlığına qarşı addım kimi qiymətləndirib və onların dərhal azad olunmasını tələb edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə bildirib ki, bu hadisə İsrailin həqiqətlərin gizlədilməsi məqsədilə mediaya qarşı atdığı addımlardan biridir və məsələ diqqətlə izlənilir.
Telegram kanalımız