AZ

Minimum əmək haqqı artımı: Yeni mexanizm kimlərə nə qazandıracaq?

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Minimum əmək haqqının müəyyənləşdirilməsi və onun hansı meyarlar əsasında artırılması məsələsi yenidən gündəmə gəlib.

Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, minimum əmək haqqının ildə ən azı bir dəfə artırılması mexanizmi nəzərdə tutulur və burada əsas göstəricilərdən biri inflyasiyadır. Bu yanaşmanın aşağı gəlirli əhali qruplarına, əmək bazarına və ümumi iqtisadi mühitə təsiri isə xüsusi maraq doğurur.

Minimum əmək haqqının inflyasiya göstəricisinə uyğun şəkildə artırılması hansı sosial və iqtisadi nəticələrə səbəb ola bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, minimum əmək haqqının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərdə əsas məsələ minimum əmək haqqının ildə ən azı bir dəfə artırılmasıdır. Əsas indikator isə inflyasiyadır. Təbii ki, büdcə imkanları, əmək bazarındakı vəziyyət və digər amillər də nəzərə alınır. Lakin qərar qəbul edilərkən əsas göstərici inflyasiya səviyyəsi olacaq.

Ekspertin sözlərinə görə, ən azından qeyri-müəyyənlikdənsə, konkret mexanizmin olması və gözləntilərin dəqiqləşdirilməsi mühitin daha da yaxşılaşmasına səbəb ola bilər. Minimum əmək haqqının ardıcıl və əsaslandırılmış şəkildə artırılması bunun hüquqi əsaslarını formalaşdırır:

"Bu, xüsusilə minimum əmək haqqı ətrafında maaş alan aşağı gəlirli sosial qrupların alıcılıq qabiliyyətinin müəyyən hissəsinin qorunmasına kömək edə bilər. Düzdür, metodologiyanın gələcəkdə daha da təkmilləşdirilməsi məqsədəuyğundur. Çünki hiss olunan inflyasiya ilə rəsmi inflyasiya arasında fərq var. Aşağı gəlirli əhali əsasən gündəlik tələbat və ərzaq məhsullarından istifadə edir və bu məhsullar daha çox bahalaşdıqda həmin qruplar qiymət artımlarının təsirini daha güclü hiss edirlər.

Məsələn, 2025-ci ildə orta inflyasiya 5,6 faiz olduğu halda, ərzaq məhsullarında artım 7,1 faiz təşkil edib. Bu baxımdan metodologiyanın təkmilləşdirilməsi və daha proqressiv yanaşmanın tətbiqi daha məqsədəuyğun olardı".

R.Həsənov qeyd edir ki, istənilən halda, minimum əmək haqqının artırılması qiymət artımlarından yaranan təzyiqin bir hissəsini neytrallaşdıra və yoxsullaşma meyillərini müəyyən qədər azalda bilər. Eyni zamanda bu dəyişiklik büdcə təşkilatlarında çalışanların əməkhaqqının tarif dərəcələrinə uyğun yenidən hesablanması ilə bağlı Nazirlər Kabineti qarşısında öhdəlik yaradır və həmin sosial qrupların da maaş artımına səbəb olur:

"Əmək haqqının ən azı inflyasiya səviyyəsində artırılması insanların gəlirlərinin dəyər itirməsinin qarşısını qismən alır. Əks halda, gəlirləri real olaraq azalan insanlar ya başqa iş axtarmağa başlayır, ya da mövcud işlərinə maraqları azalır ki, bu da məhsuldarlığın aşağı düşməsinə və əmək bazarında mənfi meyillərə səbəb olur.

Bunun digər təsirləri də var. Əmək haqqının artması əmək münasibətlərinin leqallaşma səviyyəsini yüksəldə bilər. Əmək müqavilələrində real maaşların göstərilməsi artdıqca vətəndaşlar daha çox vergi, sosial sığorta və tibbi sığorta öhdəlikləri ilə üzləşirlər. Lakin digər tərəfdən bu, onların pensiya kapitalının artmasına və gələcək pensiya təminatının güclənməsinə şərait yaradır".

Rəşad Həsənov: Əmək haqqının artırılması yoxsullaşma meyillərini azalda bilər

Müsahibimiz bildirib ki, eyni zamanda əmək haqqı fondunun artması işəgötürənin xərclərinin yüksəlməsi deməkdir. Amma həm nəzəriyyədə, həm də praktikada sübut olunub ki, əmək haqqının adekvat səviyyəsi məhsuldarlığa müsbət təsir göstərir. Yəni bir tərəfdən xərclər artsa da, digər tərəfdən məhsuldarlığın qorunması və ya artması işəgötürən üçün əlavə gəlir imkanları yarada bilər:

"Ümumilikdə, əmək haqqının artırılmasının sosial, iqtisadi və dolayı təsirləri var. Gəlirlər artdıqca insanlar daha çox xərcləyir.

Məsələn, 2025-ci ildə inflyasiya 5,6 faiz olubsa və minimum əmək haqqı 400 manatdırsa, qanun tətbiq edilərsə, təxminən 23 manat artım mümkündür və maaş 423 manat ola bilər. Bu, böyük məbləğ deyil. Lakin sistem üzrə çoxsaylı insanın əməkhaqqında baş verən bu dəyişiklik məcmu tələbi az da olsa dəstəkləyir. Məcmu tələbin artması isə istehsalı, istehsal da öz növbəsində məşğulluğu dəstəkləyir. Bu proseslər bir-biri ilə əlaqəli şəkildə formalaşır".

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bakivaxti.az

1Mənbələr